Azərbaycanda 03 aprelin kriminal xronikası

Azərbaycanda 03 aprelin kriminal xronikası

4 Aprel 2012 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 73 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınmış, onların da 42-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.

Emil Cavadovu döyərək bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini Elgün Abbasov və Elçin Məmmədov tutulmuşlar

03.04.2012

Aprelin 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Elgün Abbasov və Elçin Məmmədov sərxoş halda münaqişə zəminində Emil Cavadovu döymüş və bıçaqla ona xəsarət yetirmişlər. E.Abbasov və E.Məmmədov Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən tutulmuşlar.

Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.04.2012

Aprelin 3-də saat 20.00 radələrində Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində rayon sakini İlham Abdullayev "Mercedes" markalı avtomaşını idarə edərkən kənd sakini Xəzangül Hacıyevanı vurmuş, sonradan idarəetməni itirərək avtomaşını yolun kənarındakı dirəyə çırpmışdır. Nəticədə piyada hadisə yerində ölmüş, xəsarət almış sürücü və sərnişini Cavid Əliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisələri

03.04.2012

Aprelin 3-də saat 03.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ruslan Rəhimovun idarə etdiyi "Mercedes" və Azər Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuş, idarəetmə itirildiyindən hər 2 avtomaşın yolun kənarındakı mağazaya dəymişlər. Nəticədə, A.Cəfərov hadisə yerində ölmüş, xəsarət almış R.Rəhimov və sərnişini Cabir Nəsirov, habelə mağazada işləyən Yavər Əzimov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Aprelin 3-də saat 22.30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Nazim Nəbiyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Şirvan şəhər sakini Həmidxan Mürvətovun qeyri-qanuni hərəkətinin qarşısı alınmışdır

03.04.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, "Meyniman-1" MMC-nin təsisçisi və direktoru, Şirvan şəhər sakini Həmidxan Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin möhür və rekvizitlərini saxtalaşdırmaqla, Respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göyçay rayonu Qaraməryəm kəndinin ərazisindəki 10 kilometr uzunluğunda dəmir borunun 96000 manata satılması barədə 15 fevral 2012-ci il tarixli müqavilə ilə dövlət əmlakına qeyri-qanuni olaraq sahiblik hüququnu əldə etmişdir. H.Mürvətov boruları kəsib satmaq üçün həmin əraziyə gətirdiyi metal kəsmək üçün nəzərdə tutulmuş 60 ədəd oksigen balonları və 1 ədəd "ÇTZ" markalı boru düzən traktor maddi sübut kimi götürülərək Göyçay rayon Suvarma Sistemləri İdarəsinə təhvil verilmişdir.

Balakən rayon sakini Sona Cumayeva qadınları fahişəliyə cəlb etdiyinə görə tutulmuşdur

03.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Sona Cumayeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə və Sabunçu qəsəbəsi ərazisindəki "Damla" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ziba Quliyeva tutulmuşdur

03.04.2012

Aprelin 3-də 79 №-li xətt avtobusunda Bakı şəhər sakini Sənan Bağırovun 47 manat pulunu açıq yolla talayıb avtobusdan düşüb gedərkən Sumqayıt şəhər sakini Ziba Quliyeva Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulmuşdur. Z.Quliyevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmin gün qeyd edilən avtobusda Bakı şəhər sakini Türkan Məmmədovanın çantasından 63 manat pulu oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Zaqatala şəhər sakinləri Sədullah Aydayev və Əşrəf Hacızadə tutulmuşlar

03.04.2012

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Lətafət Abbasovaya məxsus əczaxanadan 35 manat pul oğurlamış Zaqatala şəhər sakinləri Sədullah Aydayev və Əşrəf Hacızadə tutulmuşlar.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

03.04.2012

Aprelin 3-də Gəncə şəhər sakinləri Vüqar Məlikov, Aygül Süleymanova, Sumqayıt şəhər sakinləri Emin Rüstəmov, Afina Mahmudova, Cəvahir Mürsəlova, onun qızı Zəhra və nəvəsi Anita öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Şirvan-Hacıqabul Dəmir Yolunda qəza hadisəsi baş vermişdir

03.04.2012

Aprelin 3-də saat 13.00 radələrində Şirvan-Hacıqabul Dəmir Yolunda Sabirabad rayon sakini Sarvan Əliyev "QAZ-33023" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurmuşdur. Nəticədə S.Əliyevin xəsarət almış sərnişinləri Yafiq Qurbanəliyev və Teyyub Niftəliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Nərimanov rayonu ərazisində yaşayan Anar İsmayılov intihar etmişdir

03.04.2012

Aprelin 3-də Nərimanov rayonu ərazisində yaşayan Anar İsmayılov intihar məqsədi ilə baş nahiyəsinə tapançadan atəş açmışdır. A.İsmayılov aldığı xəsarətdən xəstəxanada ölmüşdür. Nərimanov RPİ 16-cı PB əməkdaşları hadisə yerinə baxış zamanı 1 ədəd giliz aşkar edilərək götürmüşlər. A.İsmayılovun qardaşı Arzu İsmayılov 1 ədəd "Makarov" markalı tapançanı, 1 ədəd patron darağını və 6 ədəd patronu polisə təhvil vermişdir.

O.M.