Azərbaycanda 02 aprelin kriminal xronikası

Azərbaycanda 02 aprelin kriminal xronikası

3 Aprel 2012 11:06
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 50 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.

Kürdəmir rayonunun Xırdapay kənd sakini Rəşadət Həsənova bıçaqla xəsarət yetirmiş Rahim Məmmədov tutulmuşdur

02.04.2012

Aprelin 1-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini Rahim Məmmədov münaqişə zəminində həmkəndlisi Rəşadət Həsənovu bıçaqla xəsarət yetirmişdir. R.Məmmədov Kürdəmir RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Gəncə şəhər sakini Xəqani Namazovdan 1,139 kq həşiş qətranı və 251 qram heroin götürülmüşdür

02.04.2012

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Xəqani Namazovdan 1 kiloqram 139 qram həşiş qətranı və 251 qram heroin götürülmüşdür.

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

02.04.2012

Aprelin 2-də saat 13.30 radələrində Quba şəhəri ərazisində şəhər sakini Ceyhun Kərimov "VAZ-21083" markalı avtomaşını idarə edərkən rayon sakinləri Elvan Ziyadovanı və Göyçək Məstanovanı vurmuşdur. Nəticədə E.Ziyadova hadisə yerində ölmüş, xəsarət almış G.Məstanova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

02.04.2012

Aprelin 2-də saat 13.00 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Amil Quliyev vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Şüvəlan qəsəbəsindəki Xüsusi İnternat Məktəbində yanğın baş vermişdir

02.04.2012

Aprelin 2-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 2 saylı Xüsusi İnternat Məktəbində yanğın baş vermişdir. Nəticədə otaqların yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət alan olmamışdır.

DİO əməkdaşları tərəfindən odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür

02.04.2012

Oğurluq etdiklərinə görə aprelin 1-də tutulmuş Eldar Nəzərovun və Mirzəxan Abdullayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamaləddin Talıbovla birgə, Abbasəli Novruzova məxsus bağ evindən geyim əşyaları oğurlamaları da müəyyən edilmişdir. Baş Cinayət-Axtarış İdarəsi, Sumqayıt ŞPİ, Abşeron RPŞ və Kəpəz RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Talıbov tutulmuş, ona məxsus 1 ədəd "TT" markalı tapança, 1 ədəd patron darağı, 5 ədəd rezin başlıqlı patron, 1 ədəd "Vinçester" markalı tüfəng və 23 ədəd ona aid patron Gəncə şəhərində yaşayan qohumunun evindən aşkar edilərək götürülmüşdür.

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Qayğısız Amanmuradov tutulmuşdur

02.04.2012

Aprelin 3-də Nizami rayonu ərazisində Bakı şəhər sakini Natiq Məmmədova məxsus mağazadan 9 manat pul və 350 manat dəyərində tütün məmulatı oğurlamış Kürdəmir rayon sakini Qayğısız Amanmuradov Baş Mühafizə İdarəsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılmış və Nizami RPİ 24-cü PB-yə təhvil verilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Minas Əliyev tutulmuşdur

02.04.2012

Xətai RPİ 34-cü PB və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Pərviz Kərimova məxsus "Çudo Peçka" mağazasından 6000 manat pul və yaddaş kartı oğurlamış Bakı şəhər sakini Minas Əliyev tutulmuşdur.

120 metr yeraltı kabeli kəsərək oğurlamış Bakı şəhər sakini Oruc Sabutov tutulmuşdur

02.04.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Bakı şəhər İşıqlandırma İdarəsinə məxsus 120 metr yeraltı kabeli kəsərək oğurlamış Bakı şəhər sakini Oruc Sabutov tutulmuşdur.

Nihad Tağızadəyə məxsus mobil telefonu oğurlamış Ağsu rayon sakini Məmməd Salahlı tutulmuşdur

02.04.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 5-də Nihad Tağızadəyə məxsus mobil telefonu oğurlamış Ağsu rayon sakini Məmməd Salahlı tutulmuşdur.

Xətai rayonu ərazisində yaşayan Vüsal Qəhrəmanov dəm qazından zəhərlənmişdir

02.04.2012

Aprelin 2-də Xətai rayonu ərazisində yaşayan Vüsal Qəhrəmanov evində dəm qazından zəhərlənərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

02.04.2012

Aprelin 2-də Sumqayıt şəhər sakinləri Aysel Adıyeva, Cəmilə Piriyeva, Abşeron rayon sakinləri Zaur Abbasov və Səbinə Mustafazadə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Lənkəran rayon sakini Canbala Muradov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

02.04.2012

Aprelin 2-də Lənkəran rayonunun Girdəni kənd sakini Canbala Muradovu evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.