Azərbaycanda 30 martın kriminal xronikası

Azərbaycanda 30 martın kriminal xronikası

31 Mart 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 29-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir.

Bakı şəhər sakini Raman Muradov münaqişə zəminində Elmir Hüseynova bıçaqla xəsarət yetirmişdir

30.03.2012

Martın 29-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Raman Muradov münaqişə zəminində Elmir Hüseynova bıçaqla boğaz və qarın nahiyələrindən xəsarətlər yetirmişdir. R.Muradov Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

30.03.2012

Martın 30-da saat 04.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Xırdalan şəhər sakini Səyədulla Qardaşov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişinləri Bəhlul İsmayılov, Nurlan Qurbanov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Yalçın İbişov və Elvin İsmayılov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.03.2012

Martın 30-da saat 23.55 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri Emin Əliyevin idarə etdiyi "VAZ-2107" və Rafiq Rəhmanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış E.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüş, R.Rəhmanovun xəsarət almış sərnişinləri Hökümə Rəhmanova və onun oğlu İbrahimə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Oğurluq etməkdə şübhəli bilinən Mehman Abbasov, Eldəniz Ələkbərov və Emil Babayev tutulmuşlar

30.03.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da və 29-da "Qasid" firmasına məxsus 2 köşkdən 625 manat pul, 1 ədəd noutbuk, tütün məmulatı və digər əşyaları oğurlamış Mehman Abbasov, Eldəniz Ələkbərov və Emil Babayev tutulmuşlar.

Bakı şəhər sakini Məhərrəm Əliyevdən 1 ədəd "Makarov" markalı tapança götürülmüşdür

30.03.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də odlu silahdan atəş açaraq Ruslan Zeynalova ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Məhərrəm Əliyev tutulmuş və ondan 1 ədəd "Makarov" markalı tapança götürülmüşdür.

Pul və qızıl əşyaları oğurlamış Lənkəran rayon sakinləri Ramal Ağacanov və Rəhim Həsənov tutulmuşlar

30.03.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da Alatava yaşayış sahəsində yaşayan Seymur Həsənovun evindən 200 manat pul və qızıl əşyaları oğurlamış Lənkəran rayon sakinləri Ramal Ağacanov və Rəhim Həsənov tutulmuşlar.

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini Ramiz Tatarov tutulmuşdur

30.03.2012

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-na keçən gecə Natiq Hacalıyevə məxsus mağazadan 2368 manat dəyərində ərzaq məhsulları və danışıq kartları oğurlanmış Ağstafa rayon sakini Ramiz Tatarov tutulmuşdur.

İran vətəndaşı Şahi Cafarlou Davod tutulmuşdur

30.03.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində yaşayan İran vətəndaşı Şahi Cafarlou Davod, qəsəbə sakini Vüsalə Baxşıyeva ilə intim əlaqədə olduğu görüntüləri internetdə nümayiş etdirəcəyi və barəsində rüsvayedici məlumatları yayacağı hədəsi ilə mənzilini, eləcə də "Hyundai Tucson" markalı avtomaşınını ona verməsini tələb etdiyinə görə tutulmuşdur.

Bakı şəhər sakini Vüsal Qədirovun intihar cəhdinin qarşısı alınmışdır

30.03.2012

Martın 29-da Səbail rayonundakı "Milli Park"ın ərazisində Bakı şəhər sakini Vüsal Qədirov özünü intihar məqsədilə dənizə atmağa cəhd göstərmişdir. Cəhdin qarşısı Səbail RPİ əməkdaşları tərəfindən alınmışdır.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

30.03.2012

Martın 30-da Gəncə şəhər sakinləri Nailə Xəlilova və Gülnarə Kərimova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Mingəçevir Su Elektrik stansiyasında qır qazanı orada işləyənlər Pərviz Cabbarov və Cuma Süleymanovun üzərilərinə aşmışdır

30.03.2012

Martın 30-da Mingəçevir Su Elektrik stansiyasının ərazisində orada işləyənlər Pərviz Cabbarov və Cuma Süleymanov təmir işləri apararkən qır qazanı üzərilərinə aşmışdır. Nəticədə, P.Cabbarov aldığı yanıq xəsarətindən ölmüş, C.Süleymanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

O.M.