Abşeron rayon prokurorunun sabiq köməkçisi Azərbaycanın baş prokurorunu məhkəməyə verdi

Abşeron rayon prokurorunun sabiq köməkçisi Azərbaycanın baş prokurorunu məhkəməyə verdi

30 Mart 2012 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda sabiq prokurorluq işçisi baş prokuror Zakir Qaralovu məhkəməyə verib. Bu barədə jurnalistlərə iddiaçı, Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanov özü məlumat verib. O qeyd edib ki, 3 il əvvəl işdən çıxarılmasına baxmayaraq, işdən çıxarılması barədə əmri hələ də ala bilməyib. İşdən azad olunması barədə əmrin baş prokuror tərəfindən verildiyini qeyd edən T. Ağacanov məsələni hüquqi qaydada həll etmək üçün məhkəməyə üz tutduğunu bildirib. O, həmçinin vurğulayıb ki, qaldırdığı iddia 1 saylı Bakı İqtisad Məhkəməsi tərəfindən araşdırılır.

1 saylı Bakı İqtisad Məhkəməsində faktı təsdiqləyiblər. Bildirilib ki, sözügedən iddia hakim İlham Əhmədovun icraatındadır. Artıq bu iş üzrə bir neçə proses keçirilib. Baş Prokurorluq sabiq prokurorun işdən azad edilməsi barədə əmrin surətini də məhkəməyə təqdim edib. Əmrə əsasən, T. Ağacanov vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan cinayət hadisəsinin istintaqı ilə əlaqədar səlahiyyətli orqanlara qohumluq münasibətlərində olduğu cinayəti törədənin şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, istintaqa müvafiq köməklik göstərmədiyinə görə Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib. Məhkəmənin aprelin 16-na təyin olunmuş iclasında yekun qərarın veriləcəyi gözlənilir.
Baş Prokurorluqdan məsələyə münasibət bildirilməyib.
Qeyd edək ki, Baş Prokurorluğunun T.Ağacanovun işdən azad edilməsində səbəb kimi göstərdiyi "vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan cinayət hadisəsinin istintaqı ilə əlaqədar səlahiyyətli orqanlara qohumluq münasibətlərində olduğu cinayəti törədənin şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, istintaqa müvafiq köməklik göstərmədiyinə görə" ifadəsi 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini törətmiş Fərda Qədirovla bağlıdır.
T.Ağacanov bildirib ki, F.Qədirovla şəxsən tanışlığı və hər hansı münasibəti olmayıb: "15-20 il əvvəl mənim ögey qardaşım Fərda Qədirovun bacısı ilə qısa müddətli evlilik həyatı yaşayıb. Bütün bunlarla bağlı mən istintaqa lazımi ifadə vermişəm. Tanımadığım adamla bağlı daha ətraflı məlumata isə malik olmamışam".
Qeyd edək ki, 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanında yerləşən ikinci korpusunda 12 nəfər öldürüb, 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov T.Ağacanovla qohum olub. Sabiq prokuror F.Qədirovla bağlı istintaqa tutarlı məlumatlar vermədiyi üçün prokurorluq orqanlarından xaric edilib.

O.M.