Azərbaycanda 29 martın kriminal xronikası

Azərbaycanda 29 martın kriminal xronikası

30 Mart 2012 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 42 nəfər tutulmuşdur.

Sumqayıt şəhər sakini Sahib Dadaşov odlu silah və vasitələrini satarkən tutulmuşdur

29.03.2012

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Sahib Dadaşov 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı, 1 ədəd qumbaranı, 1 ədəd qumbara alışdırıcısını, 1 ədəd səsboğucunu və 3 ədəd tapança gülləsini 1100 manata satarkən tutulmuş, ondan əlavə 1 ədəd qumbara və 1 ədəd qumbara alışdırıcısı götürülmüşdür.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Əhmədov tutulmuşdur

29.03.2012

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Ruslan Yusifovun evindən 1 ədəd televizor və 1 ədəd video maqnitofonu və fevralın 24-də Samir Əliyevə məxsus "Volksvagen" markalı avtomaşından 1200 manat pul və 1 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Əhmədov tutulmuşdur.
V.Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Xudaqulu Abbasova məxsus "Toyota Prado" markalı, Rasim Rəsulova məxsus "Mercedes" markalı və mart ayının 2-nə keçən gecə İ.Hacıyev küçəsindən Səxavət Behbudova məxsus "Volkswagen" markalı avtomaşınlardan 3 ədəd mobil telefon və ətir oğurlaması da müəyyən edilmişdir.

Avtomaşından oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Yadigar Əliyev tutulmuşdur

29.03.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Samir Hüseynova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Yadigar Əliyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Morxaz Muradov tutulmuşdur

29.03.2012

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Gülşən Əkbərovanın evindən məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Morxaz Muradov tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

29.03.2012

Martın 29-da saat 23.00 radələrində Qaradağ rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Hümbətov idarə etdiyi "BMW" markalı avtomaşını yolun kənarında dayanmış "Texnika Servis" MMC-nə məxsus "Mercedes" markalı mikroavtobusa vurmuşdur. Nəticədə O.Hümbətov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Avtomaşını qaçırmağa cəhd göstərmiş Bakı şəhər sakini Yaşar Həsənov tutulmuşdur

29.03.2012

Martın 29-da saat 20.00 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində Bakı şəhər sakini Arif Quliyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırarkən şəhər sakini Yaşar Həsənov avtomaşının sahibi tərəfindən tutularaq RPİ-yə təhvil verilmişdir. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bərdə rayonunun Alaçadır kəndi ərazisində yol-nəqliyyat hadisəsi

29.03.2012

Martın 29-da saat 18.30 radələrində Bərdə rayonunun Alaçadır kəndi ərazisində Yenidaşkənd kənd sakini Sadiq Xəlilov idarə etdiyi "QAZ-24" markalı avtomaşını yolun kənarında dayanmış Lək kənd sakini Faiq Quliyevi və Bərdə şəhər sakini Gündüz Salahovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş hər iki piyada orada ölmüşlər. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Səbail rayonu 20-ci Sahənin ərazisində yol-nəqliyyat hadisəsi

29.03.2012

Martın 28-də saat 17.00 radələrində Səbail rayonu 20-ci Sahənin ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Soltanxanım Sadıqova vurulmuşdur. Nəticədə xəsarət almış S.Sadıqova xəstəxanaya yerləşdirilmişdir.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Yasamal rayonu Qubanov küçəsində yol-nəqliyyat hadisəsi

29.03.2012

Martın 29-da saat 20.00 radələrində Yasamal rayonu Qubanov küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Zinaida Svoyeva vurulmuşdur. Nəticədə xəsarət almış Z.Svoyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

29.03.2012

Martın 29-da Sumqayıt şəhər sakini Qubad Rufullayev və Təzə Corat qəsəbə sakini Lətifə Quliyeva mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətirilmişlər.

Masallı rayonunun Xıl kənd sakini Lalə Fərzəliyeva qidadan zəhərlənmişdir

29.03.2012

Martın 29-da Masallı rayonunun Xıl kənd sakini Lalə Fərzəliyeva evindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

29.03.2012

Martın 29-da saat 00.45 radələrində Kürdəmir rayonu ərazisində Şirvan şəhər sakini İbad Zeynalovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla, Türkiyə vətəndaşı Yusif Şahinin idarə etdiyi "DAF" markalı yük avtomaşını toqquşmuşdur. Nəticədə İ.Zeynalov və sərnişinlərindən Püstə İsmayılova, Rəhilə Xəlilova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Vəsilə Zeynalova və Tahir İsmayılov isə xəstəxanaya yerləşdirilmişlər.

O.M.