İstintaq materialından: Arvadının boğazını kəsdi

İstintaq materialından: Arvadının boğazını kəsdi

30 Mart 2012 12:54
1 284
Bəyəndim (0) Bəyənmədim (0)
Xırdalanda yaşayan lənkəranlı ər spirtli içkinin, qumarın və narkotik maddənin növbəti qurbanı oldu

GİRİŞ

Oxumeni.az xəbər verdiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan İbrahimov Arif Səlim oğlunun məhkəmə istintaqı yekunlaşıb. İndi isə ittiham aktını geniş şəkildə sizlərə təqdim edirik.

İstintaq yolu ilə müəyyən edilib ki, Arif İbrahimov 20 sentyabr 2010-cu ildə axşam saatlarında yaşadığı evdə ailə üzvləri ilə birlikdə şam yeməyi yeyərkən spirtli içki qəbul edib. Həmin vaxt 9-cu sinif şagirdi olan qızı Leyla İbrahimovanın müəlliməsinin onlara zəng vuraraq qızın məktəbdə özünü pis aparmasını arvadı Seyidxanım Məmmədovaya bildirdiyini öyrənib, telefonu onun əlindən alıb. Müəllimənin danışdıqlarını eşidən Arif İbrahimov qızını tənbeh edərək ona bir şillə vurub. Bununla bağlı arvadı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Arif İbrahimov arvadını yerə yıxaraq onun sifət, baş və bədəninin digər nahiyələrindən yumruq-təpiklə zərbələr endirib. Anasının amansızcasına döyülməsini görən Leyla qonşuları köməyə çağırmaq üçün bloka qaçıb. Qızının qapıdan çıxdığını görən ata mənzilin giriş qapısını arxadan bağlayaraq onu evə buraxmayıb. Arvadını döyməyə davam edən Arif İbrahimov qaynı Şövqü Məmmədova zəng vuraraq ondan rəhm diləyən, ölümdən qurtarmaq üçün köməyə çağıran bacısı Seyidxanımın necə zarıyaraq öləcəyinə qulaq asmasını tələb edib, eşitməsi üçün telefonu yaxın məsafədə işlək vəziyyətdə qoyaraq qadının boğaz nahiyəsini kəsib. Seyidxanım Məmmədova kəskin qanitirmə nəticəsində dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

İbrahimov Arif Səlim oğlu - 1966-ci ildə Lənkəran rayonunda anadan olub. Əvvəllər məhkum edilməyib. RF vətəndaşıdır. Ailəlidir. Orta təhsillidir. Xırdalan şəhəri, 28-ci məhəllə, ev 17, mənzil 47-də yaşayır. AR CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Aramızda həmişə bir soyuqluq vardı"

Təqsirləndirilən şəxs qismində dindirilən Arif İbrahimov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Seyidxanım Məmmədova ilə 1987-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladları olduğunu göstərib: "Oğlum Amid Moskva şəhərində, qızım Leyla isə orta məktəbdə oxuyur. Ailə üzvlərimlə birlikdə 2007-ci ilədək Rusiya Federasiyasının Altay vilayətində Barnaul şəhərində yaşamışam. 2007-ci ildən isə Xırdalan şəhərinə köçərək qohumum Şadil Nəzərova məxsus mənzildə yaşayırıq. İcarəyə maşın götürüb sürücülük edirdim. Həm Barnaul şəhərində, həm də burada yaşayanda həmişə arvadım Seyidxanımla aramızda soyuq münasibət olub. Arvadımın qısqanc olmasına görə daim evdə narazılıqlarımız olurdu.

"Müəllimə qızımın dərsdə telefonla oynadığını dedi"

Hadisə baş verən gün işdən yenicə qayıtmışdım. Evə gələndə özümlə bir şüşə araq alıb gətirmişdim. Yemək zamanı arağı təkbaşına içdim. Axşam təxminən 22 radələrində qızım Leylanın müəlliməsi, həm də sinif rəhbəri zəng etdikdə, əvvəlcə arvadım, sonra isə telefonu onun əlindən alaraq özüm müəllimə ilə danışdım. Müəllimə Leylanın sinifdə özünü yaxşı aparmayıb yerini dəyişib, arxada oturaraq telefonla oynadığını dedi. Onun əlindən telefonu aldığıma görə Seyidxanım mənə iradını bildirdi. Bununla bağlı aramızda mübahisə yarandı.

"Məni evdən qovmaq istədi"

Mübahisə zamanı qızım mənə cavab qaytardığına görə onu tənbeh eləmək üçün üzündən bir dəfə şillə ilə vurdum. Bundan sonra mübahisə daha da qızışdı. Evdən çıxıb siqaret almaq üçün mağazaya getmək istədikdə, arvadım deyinməyə başladı, gecənin bu vaxtı hara və kimin yanına getdiyimi soruşdu. Buna baxmayaraq evin həyətində yerləşən mağazadan siqaret alıb geri qayıtdım. Yenə də Seyidxanım mənimlə mübahisə etməyə, valideynlərimin və özümün ünvanıma nalayiq sözlər deməyə başladı, məni evdən qovmaq istədi.

"Qonşuları köməyə çağırmağa getdi"

Valideynlərimin ünvanına nalayiq sözlər dediyinə görə Seyidxanımın üzündən bir dəfə bərkdən vurdum. O da əlinə keçən ev əşyalarını mənə tərəf atmağa başladı. Onun üstünə cumaraq qucaqladım ki, qarşısını alım. Bu zaman arvadım döşəməyə yıxıldı. Yerdə olduğu zaman ona iki dəfə təpiklə zərbə vurdum. Zərbənin təsirindən Seyidxanım özündən getdi. Leyla bərkdən qışqırıb mənzilin qapısını açaraq bloka çıxdı və qonşuların qapısını döyərək onları köməyə çağırdı. Lakin qonşular qapını açmadılar. Seyidxanımın halının pis olduğunu görüb ev telefonundan 103 nömrəsini yığaraq həkim çağırmaq istədim. Amma dəstəyi qaldıran olmadı.

"Bıçaq boğazını kəsdi"

Sonra Seyidxanım ayağa duraraq otaqda çörək yediyimiz stolun üstündə olan, bir qədər əvvəl çörək doğradığı mətbəx bıçağını əlinə götürüb söyüş söyərək mənim üstümə cumdu. Aramızda təxminən 1 metr məsafə var idi. Arxa tərəfdən onun bıçaq olan əlindən tutdum və qucaqladım ki, məni vura bilməsin. Seyidxanım əlində bıçaq bir qədər aşağı əyilərək bədənini bükdü. Bıçağı onun əlindən almağa çalışdıqda, bıçaq boğazını kəsdi. Bayıra çıxıb qonşulara Seyidxanımla dalaşdığımı deyərək onun yaralı olduğunu bildirib tez həkim çağırmağı xahiş etdim. Bir müddət sonra 2-ci blokda yaşayan Alim adlı həkim gəldi. Seyidxanımı müayinə edəndən sonra onun artıq öldüyünü söylədi.

Arvadımı öldürmək fikrim olmayıb. Hadisə baş verən zaman yaşadığımız mənzildə qızım Leyla, arvadım Seyidxanım və məndən başqa heç kim olmayıb".

"Dəfələrlə bacımı öldürmək istəmişdi"

Zərərçəkmiş şəxs qismində dindirilən Məmmədov Şövqü Hacıağa oğlu (mərhumun qardaşı) ifadəsində təqsirləndirilən şəxsin bacısını dəfələrlə öldürmək istədiyini göstərib: "Bacım Seyidxanım Ariflə ailə qurduqdan bir qədər sonra RF-nın Altay vilayətinin Barnaul şəhərinə köçdülər. Orada alverlə məşğul olurdular. Uşaqların ikisi də Rusiyada anadan olublar. Bacımın əri Arif təzə evlənəndən bir az sonra orada qumar oynamağa və sərxoşluqla məşğul olmağa başladığından mütəmadi olaraq aralarında savaşmalar olurdu. Bacımı dəfələrlə döyüb incidərək öldürmək istəmişdi. Hətta bacımın deməsinə görə uşaqları balaca olanda, hələ 10-12 il bundan qabaq onu öldürmək üçün meşəyə aparanda yolda polis işçilərinə rast gəldiyindən maşınla geriyə qaytarıbmış. Bir dəfə evində toka verib öldürmək istəyib. Həmişə də ancaq sərxoş olanda dava salır və bacıma olmazın əzablar verirdi.

"Birlikdə yaşaya bilmirsinizsə, boşanın"

2007-ci ildə aralarında münasibət daha da kəskinləşdiyindən Barnaul şəhərindən bacımı və iki uşağını Moskva şəhərinə qovmuşdu. Oradan da gəlib Bakıya qovmuşdu. Bacım oğlu Amid Moskvada qalıb oxuduğundan bacım və qızı Leyla 2007-ci ilin avqust ayında Bakı şəhərinə gəldilər. Bir ay bacımgil bizim evdə qaldıqdan sonra Xırdalan şəhərində olan əmim Şadil Nəzərovun evinə köçüb müvəqqəti olaraq orada yaşadılar. İki-üç ay sonra da Arif ailəsinin dalınca Bakıya gəlib Xırdalan şəhərində bacımgillə birlikdə yaşamağa başladı. Bakıya gəldikdən sonra da mütəmadi olaraq savaşaraq bacımı öldürəcəyi ilə hədələyirdi. Arif adi vaxtlarda sakit adamdır. Lakin araq içən kimi dava salır və ailədə hamını döyüb incidirdi. Bir neçə dəfə gecələr bacım əri tərəfindən döyüldüyündən bizi çağırmışdı. Həmişə onların ailə münaqişəsini yoluna qoymağa çalışmışam. Dəfələrlə bacıma və Arifə demişdim ki, birlikdə yaşaya bilmirsinizsə, boşanın. Arif isə bacımı boşamayacağını deyirdi. Bacım ondan boşanmaq istədikdə isə ona, "boşansan, yerin altında da olsa, səni tapıb öldürəcəyəm", - deyirdi. Ailədə mütəmadi olaraq Arifin sərxoşluğu üzündən münaqişələr yaranırdı. Dava-dalaşları birtəhər yoluna qoyurduq. Bacım özünə ayıb bildiyindən polisə müraciət etməmişdi.

"Telefonda bacımın bağırtısını eşidirdim"

Arif "VAZ-21067" markalı maşın alıb taksi kimi işləyirdi. Demək olar ki, həmişə axşamlar sərxoş olub savaşma salırdı. Barnaul şəhərində olan evini satıb 2007-ci ilin dekabr ayında Xırdalan şəhərində yeni tikilən evlərin hansındansa ikiotaqlı ev almışdı. Evi arvadı Seyidxanımın adına almışdı. Axır vaxtlar həmin evi satmaq istəyirdi, bacımsa razı olmurdu. Buna görə də narazılıqlar səngimək bilmirdi. Hadisədən bir həftə qabaq Arif evin sənədlərini oğurlayıb aparmışdı ki, satsın. Bunu bacım mənə deyəndə özü də bizə gəlmişdi. Arifi başa saldım ki, əgər evi satsan, polisə verəcəyik. Buna görə də qorxusundan 2 gün sonra evin sənədlərini qaytarıb yerinə qoydu.

20 sentyabr 2010-cu ildə axşamüstü Arif zəng vurub dedi ki, gəl Leylanı apar. Nə olduğunu soruşduqda, mənə "gəlib görərsən", - dedi. Bundan 10-15 dəqiqə sonra yenə zəng vurub dedi ki, telefona qulaq as. Telefona qulaq asdıqda, bacım Seyidxanımın bağırtısını eşitdim. Seyidxanım çığıraraq məni köməyə çağırırdı.

Dərhal əmim Şadil Nəzərova zəng vurub yenə də Arifin Seyidxanımı döydüyünü dedim. Əmimlə Xırdalana gələndə gördüm ki, evin qabağında polislər dayanıb. Bizi içəri buraxmadılar. Orada məlum oldu ki, Arif bacım Seyidxanımı döyüb, sonra isə bıçaqla boğazını kəsib".

"Anamı öldürəcəyi ilə hədələyirdi"

Şahid qismində dindirilən Leyla İbrahimova ifadəsində 3 il əvvəl Rusiyadan birdəfəlik Bakıya köçdüklərini göstərib: "Anam evdar qadın, atamsa çörəkpulu qazanmaq üçün sürücü işləyirdi. Atam tez-tez işdən gələndə içkili olur və anamla heç bir səbəb olmadan mübahisə edir, onu vurur, lakin yenidən münasibətləri düzəlirdi. İçkili olanda həmişə onu öldürəcəyi ilə hədələyirdi.

20 sentyabr 2010-cu ildə atam yemək zamanı özü ilə gətirdiyi arağı içdi. Bu ərəfədə evə zəng gəldi, telefonun dəstəyini anam götürüb sinif rəhbərim Hacıbikə Məlikova ilə danışdı. Atam dəstəyi anamdan alaraq müəllimənin danışıqlarına qulaq asdı, "yaxşı hər şey aydındır", - deyib dəstəyi yerinə qoydu. Bu sözlərdən sonra atam hirslənərək sifətimə iki dəfə şillə ilə vurdu.

Anam məsələyə qarışaraq atamla mübahisə etməyə başladı. Atam anamın sifətinə vurduqda, anamın burnu sındı. Anamın sifəti şişdiyindən o, məndən təcili tibbi yardım çağırmağı xahiş etdi. Telefonla təcili yardıma zəng vurmaq istədikdə, atam dəstəyi əlimdən alıb yenidən anamı döyməyə başladı. Atam anama deyirdi ki, səni bu gün öldürəcəyəm, sənin həyatına son qoyacağam. Anam yerə yıxıldıqdan sonra atam təpiklə, yumruqla anamın baş və bədəninin müxtəlif yerlərinə zərbələr vururdu. Onu anamdan kənarlaşdırmağa çalışmağıma baxmayaraq, atam məni kənara itələyib yenidən anamı vurmağa davam edirdi. Anamın haldan düşdüyünü görüb mənzilin qapısından çıxaraq, kömək üçün qonşuları çağırmağa başladım. Bu vaxt qapının içəridən bağlandığını hiss etdim. Qapını açmaq istəsəm də, artıq bağlı idi. Qonşuları səslədikdən sonra qapının arxasından qulaq asdım. Nə qədər döydümsə, atam qapını açmadı. Atam anama deyirdi ki, hanı sənin qohumların, çağır gəlsinlər sənin köməyinə. Bir azdan anamın səsinin kəsildiyini eşitdim. Bir neçə dəqiqədən sonra atam qapıdan çölə çıxdıqda, içəri daxil olmaq istəyəndə məni içəri buraxmadı. Bundan sonra qonşuların köməyi ilə təcili tibbi yardım və polislər gəldilər".

"Sən mənim anamı öldürdün"

Şahid qismində dindirilən Zaur Eyvazov ifadəsində təqsirləndirilən şəxslə qonşu olduqlarını göstərib: "Arif İbrahimovla qonşuyuq. Onlar ailəlikcə 1-2 il olar ki, həmin evdə qalırdılar. Qonşu kimi münasibətimiz pis olmayıb. Arif taksi sürücüsü kimi Xırdalan bazarının qabağında dayanıb xaltura edirdi. Tez-tez Arifgilin evində mübahisə və savaşmaların şahidi olmuşuq. Arifin özü və arvadı Seyidxanım qonşularla yaxşı münasibətdə olmalarına baxmayaraq, evdə yola getmirdilər və mütəmadi olaraq axşamlar onların haray-qışqırığını eşidirdik. Ailə məsələsi olduğundan qarışmırdıq. Lakin tez-tez onların savaşmasının şahidi olurduq. 20 sentyabr 2010-cu ildə saat 23-24 radələrində evdə olduğum vaxt birdən evin üst tərəfindən qışqırıq eşidərək bayıra çıxanda, Leylanın qışqıraraq atası Arifə "sən mənim anamı öldürdün" deməsini eşitdim. Leyla atası Arifə "sən hər gün araq içir, nəşə çəkir, anamı və məni incidirsən, indi də bilirəm anamı öldürmüsən, qoy evə girim baxım" deyirdi. Arif də qızını qucaqlayıb evə daxil olmağa imkan vermirdi. Arif həmin vaxt sərxoş halda, elə bil ki, şokda idi. Qapıqonşum olan Ramin Cəfərovla birlikdə Leyla ilə atasının hərəkətlərinə baxırdıq. Arif Raminə dedi ki, ya polisə, ya da ki həkimə zəng vurun. Bizə dedi ki, heç kim evə girməsin. Ona görə də evə daxil olmadıq. Raminlə təcili yardıma zəng vurmağımıza baxmayaraq, 20 dəqiqə keçsə də, təcili yardım maşını gəlmədi.

"Dedi ki, başı kəsilib"

Ona görə də özüm aşağıya düşüb tanımadığım maşınla təcili yardım məntəqəsinə gəlib qonşumuz Alim həkimi çağırdım. Alim həkimlə birlikdə hadisə yerinə gəldik. Arif qonşu Alim həkimin oraya gəlməsini görüb onun evə daxil olmasına heç bir maneçilik törətmədi. Alim həkim tək evə daxil olub 2-3 dəqiqədən sonra bayıra çıxaraq dedi ki, artıq ölüb. Ondan nə baş verdiyini soruşanda başı kəsildiyini söylədi. Alim həkim özü kiməsə zəng vurdu və bir azdan polislər gəldilər. Hadisə baş verən mənzildə Arifdən, qızından və arvadından başqa heç kim yox idi. Arif həmin vaxt şokda olan adama bənzəyirdi".

"Ailədə sağlam vəziyyət yox idi"

Şahid qismində dindirilən Amid İbrahimov ifadəsində atasının xasiyyəti pis olduğundan anası ilə mütəmadi olaraq mübahisə etdiklərini göstərib: "Atam Rusiyada qumar oynadığından evdə olan pulların hamısını qumarda uduzurdu. Ona görə də atamla anam arasında həmişə mübahisələr olurdu. Atam hər gün içki içir, həm də narkotik vasitələr qəbul edirdi. Ona görə də ailədə sağlam vəziyyət yox idi. Barnaul şəhərində axır vaxtlar hər gün sərxoş gəlib evdə dava salırdı və bizi yaşamağa qoymurdu. Atam bacımla anamı 2007-ci ildə döyərək qovdu. Ona görə də anamgil Moskvaya - xalam Tərifənin evinə qaçdılar. Barnaul şəhərindəki Altay Dövlət Universitetində oxuduğumdan orada qalmaq məcburiyyətində idim. Elə həmin il, yəni 2007-ci ildə təhsilimi Moskva Dövlət İqtisadiyyat Universitetinə dəyişib, Moskvaya xalamın evinə gəldim. Avqust ayında anamla bacım Moskva şəhərində xalamın evində yaşaya bilmədiyindən Bakıya gəlib Xırdalan şəhərində yaşamağa başladılar. 2007-ci ilin noyabr ayının axırlarında atam da Xırdalana gəldi. Moskva şəhərində yaşamağıma baxmayaraq, mütəmadi olaraq Bakıya gəlib-gedirəm.

"Anam qorxusundan heç yana şikayət edə bilmirdi"

Atam Xırdalanda da sərxoşluqla məşğul olur və anamı döyüb incidirdi. Atam sərxoş olmayanda sakit olur, ancaq sərxoş vaxtında savaşır, heç nədən anamı incidirdi. Dəfələrlə anam istəmişdi ki, ondan ayrılsın, lakin atam həmişə deyirdi ki, ayrılmaq istəsən, səni öldürərəm. Ona görə də anam qorxusundan heç bir yerə şikayət etmirdi. Dəfələrlə babam və başqa qohumlar anamı ondan ayırmaq istəyiblər, lakin bu alınmamışdı. 20 sentyabr 2010-cu ildə gecə saat 24 radələrində xalamgildə olanda Lənkərandan zəng vurub anamın atam tərəfindən öldürüldüyünü dedilər. Ertəsi gün Moskvadan Bakıya gəldim və anamı Lənkəran şəhərinə aparıb orada dəfn etdik".

"Doktor, içəriyə girməyə ehtiyac yoxdur hər şey qurtarıb"

Şahid qismində dindirilən Alim Həsənov ifadəsində Xırdalan təcili yardım şöbəsində həkim işlədiyini göstərib: "Bizimlə bir binada yaşayan Arif İbrahimovu 1-2 ildir tanıyıram. Onunla elə bir yaxınlığım və şəxsi münasibətim yox idi. Hərdən həyətdə görüşəndə salamlaşırdıq. Onun ailədə arvadı ilə münasibətinin necə olduğunu bilmirəm. 20 sentyabr 2010-cu ildə saat 23-30 radələrində təcili yardıma məhəllədən zəng vurulduğundan dispetçer dedi ki, məhəllədə yaşayan Arifin arvadı xəstədir, vəziyyəti pisdir, tez getmək lazımdır. Həmin vaxt təcili yardımda olan iki təcili yardım maşınının ikisi də çağırışda idi. Təqribən 5-10 dəqiqə sonra təcili yardım şöbəsində olduğum vaxt bizim binada yaşayan Zaur Eyvazov maşınla təcili yardımın həyətinə gəldi. Zaur dedi ki, taksi sürücüsü Arifin arvadının vəziyyəti pisdir, tez gedək. Maşınlar çağırışda olduğundan Zaurun gəldiyi maşınla məhəlləyə getdim. 4-cü mərtəbəyə qalxdıqda, Arif və qızı evlərinin giriş qapısının ağzında dayanmışdılar. Arifin qızı evə girmək istəyirdi, lakin Arif ona imkan vermirdi. Oraya gəlib içəriyə girmək istəyəndə Arif dedi ki, doktor, içəriyə girməyə ehtiyac yoxdur, hər şey qurtarıb. Elə bildim ki, xəstə ölüb. Buna baxmayaraq, içəriyə daxil oldum. Evə girən kimi qan iyi məni vurdu. Birotaqlı evdə yerə uzanmış qadını gördüm. Hər tərəf qana bulaşmış vəziyyətdə idi. Arif özü də içəriyə daxil oldu və qapını arxadan bağladı ki, qızı içəri girə bilməsin. Otaqda hava üfürən ventilyator yerə aşmışdı. Arif əvvəlcə dedi ki, arvadı boğazını özü kəsib. Ona dedim ki, özü boğazını farfor sınığı ilə belə kəsə bilməz. Qonşulardan Ramin də bizimlə içəriyə girmişdi. Arifə dedi ki, qonşu sən nə etmisən? Bıçağın harada olduğunu soruşduqda, Arif heç nə demədi və bıçağı göstərmədi. Arifin arvadı artıq ölmüşdü. Polisə zəng vurdum. Dispetçerə də polisə xəbər verməyi tapşıraraq, heç kimi meyitə əl vurmağa imkan vermədim. Arifin özünü də bayıra çıxarıb, qapını bağladım. Bayırda duraraq polisin gəlməsini gözlədim. Təqribən 10 dəqiqəyə polislər gəldilər. Hadisə yerinə çatanda qızı Arifə deyirdi ki, sən anamı öldürdün. Evin şəraitindən belə görünürdü ki, savaşma və ya dartışma baş verib. Ev telefonu evdə yerə dağınıq vəziyyətdə düşmüşdü, şüşə qablar sınmışdı. Ümumiyyətlə, evdə savaşma baş vermişdi və dağınıq vardı. Meyitə baxanda meyitin gözlərinin ətrafında göyərtilər vardı. Meyitin boğazında kəsiyin olmasını görəndən sonra və onun ölmüş olduğuna tam əmin olduqdan sonra evdən bir mələfə götürüb meyitin üstünə atdım".

QEYD: İstintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bütün tərəfləri dinləyən hakim heyəti hökm elan edib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Arif İbrahimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məhz buna görə də ancaq haram buyurulan vərdişlər insana bəla gətirir...

İnarə Rafiqqızı

O.M.