Bakıda iş adamını xüsusi qəddarlıqla qətlə yetirən ər-arvada hökm oxundu

Bakıda iş adamını xüsusi qəddarlıqla qətlə yetirən ər-arvada hökm oxundu

30 Mart 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Nemət Abdullayev və Samirə Əzizovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, N.Abdullayev 14 il, S.Əzizova isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər 2009-cu il oktyabrın 25-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən zibilliyin ərazisində "Qayğı mənzil xidməti" kooperativinin təsisçisi Xanbəyi Zamanovu qətlə yetiriblər.
Təqsirləndirilənlər daha sonra Xanbəyi Zamanovu özünə məxsus "AzSamand" markalı avtomaşında yandırıblar. İstintaq müəyyən edib ki, həmin gün Balaxanı qəsəbəsi ərazisindəki donuzçuluq fermasında işləyən və orada yaşayan Nemət Abdullayev X.Zamanovu qəsdən öldürmək məqsədilə onu fermada birgə işlədiyi və ər-arvad kimi yaşadığı Samirə Əzimova ilə tanış etmək bəhanəsi ilə aldadaraq görüşə dəvət edib.
Balaxanı qəsəbəsində Nemət Abdullayev X.Zamanovu Samirə Əzimova ilə tanış edib və Samirə Xanbəyinin idarə etdiyi avtomaşının qabaq oturacağında, Nemət isə arxa oturacaqda əyləşiblər. Xanbəyi Zamanovdan onu maşınla fermaya qaytarmasını xahiş edən Nemət donuzçuluq fermasına gedən yolda qanunsuz gəzdirdiyi "Naqan" tipli tapança ilə boynunun arxasından bir dəfə atəş açaraq Xanbəyini qətlə yetirib, sonra isə cinayətin izini itirmək məqsədilə avtomaşını meyitlə birlikdə benzin tökərək yandırıb.
Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əzimova və N.Abdullayev oktyabrın 26-da tutularaq istintaqa təhvil veriliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunublar.

O.M.