Azərbaycanda 28 martın kriminal xronikası

Azərbaycanda 28 martın kriminal xronikası

29 Mart 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 29-u "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulmuşdur.

Xaçmaz rayon sakini Təranə Həbibova özünü eyvandan atmışdır

28.03.2012

Martın 28-də saat 09.35 radələrində Xaçmaz rayon sakini Təranə Həbibova Xaçmaz şəhərində yaşayan bacısı Kəmalənin 5 mərtəbəli binanın 5-ci mərtəbəsində olan mənzilində olarkən özünü eyvandan atmışdır.

Elçin Məmmədovu bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Gülağa Məmmədov tutulmuşdur

28.03.2012

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Elçin Məmmədovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış əmisi, Bakı şəhər sakini Gülağa Məmmədov tutulmuşdur.

Avtomaşın qaçırmaqda şübhəli bilinən 4 nəfər Bakı şəhər sakinləri tutulmuşlar

28.03.2012

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 14-ü, 19-u və 26-da Ağasəf Əliyevə, Rəşad Əbdülrəhimova və Ruslan Qasımova məxsus "Jiquli" markalı avtomaşınları qaçırmış Bakı şəhər sakinləri Tofiq Fərəcov, Vüsal İbrahimov, Fuad Həsənov və Samir Ramazanov tutulmuşlar.

Bakı şəhər sakini Azər Hüseynov tutulmuşdur

28.03.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Gülnar Mikayılova qarşı zor tətbiq edərək, mobil telefonunu ondan almış Bakı şəhər sakini Azər Hüseynov tutulmuşdur.

Bakı şəhər sakini Sevda Kadırova oğurluğa cəhd edərkən tutulmuşdur

28.03.2012

Martın 28-də Xırdalan şəhəri ərazisində Qobustan rayon sakini Zülfüqar Nəzirovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşında sərnişin qismində gedən Bakı şəhər sakini Sevda Kadırova sürücünün mobil telefonunu oğurlamağa cəhd göstərmiş və onun tərəfindən tutularaq Abşeron RPŞ-yə təhvil verilmişdir.

Gəncə şəhərindəki Qocalar evində yaşayan Əziz Ələkbərov intihar məqsədilə özünü dənizə atmışdır

28.03.2012

Martın 28-də Gəncə şəhərindəki Qocalar evində yaşayan 78 yaşlı Əziz Ələkbərov intihar məqsədilə Səbail rayonu ərazisindəki "Milli Park"da özünü dənizə atmışdır. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilmişdir.

Abşeron rayonu sakini Ehtiram Bağırov və Gəncə şəhər sakini Elvin Həsənov zəhərlənmişlər

28.03.2012

Martın 28-də Abşeron rayonu sakini Ehtiram Bağırov və Gəncə şəhər sakini Elvin Həsənov öz evlərindən dəm qazı və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Sabirabad rayonunun Qaraqaşlı kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş vermişdir

28.03.2012

Martın 28-də saat 04.15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılmışdır. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri almışlar.

O.M.