İstintaq materialından: Baş tutmayan Bodrum "səfəri"

İstintaq materialından: Baş tutmayan Bodrum "səfəri"

16 Mart 2012 21:07
Bəyəndim (0) Bəyənmədim (0)
Fahişəliklə məşğul olmaq istəyən qadının arzusu ürəyində qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini, 1974-cü il təvəllüdlü Arzu Nəsirovanın məhkəməsi başa çatıb. Adı çəkilən qadın tanışı Aygün Rəhimovanı (ad şərtidir) Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Arzu Nəsirova ifadəsində göstərib ki, Şamaxı rayonu, Məlikçobani kəndində pasport qeydiyyatında olmağına baxmayaraq, Bakı şəhəri, 3-cü mikrorayonda bacısı Kəmalə Nəsirovanın evində kirayədə yaşayır. Aygün Rəhimovanı isə bir ildir tanıyır. Aygünlə tanış olduqdan sonra sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlayıb, danışıqları zamanı Aygün maddi durumunun pis olmasından, bacısının xəstəliyi ilə əlaqədar bütün müalicə xərclərinin onun üzərinə düşməsindən şikayətlənib. Ondan xahiş edib ki, fahişəlik edib pul qazanmaq üçün Türkiyəyə getməkdə ona köməklik göstərsin: "Mən əvvəlcə razılaşmırdım, ancaq sonra ona yazığım gəldi. Ona görə də bu işə qarışmağa razılaşdım. Ona bildirdim ki, Türkiyədə yaşayan və qızları fahişəliyə cəlb etməklə məşğul olan İbrahim adlı tanışım var, istəyirsənsə, onunla danışım, aparım səni Türkiyəyə, onun nəzarəti altında fahişəliklə məşğul olub pul qazanarsan, vəziyyətin də düzələr. O, təkliflə razılaşdıqdan sonra Türkiyədə yaşayan, milliyyətcə türk olan İbrahimə zəng vurdum, Aygün barəsində ona məlumat verdim. İbrahim bildirdi ki, qızın qazanacağı pulun 20 faizi mənə (yəni İbrahimə) çatacaq. Əgər sənin tanışın bu şərtlə razıdırsa, gətir mənə təhvil ver, sənin də xeyrin olar. Mən İbrahimin şərtini Aygünə çatdırdım, Aygünün xarici pasportu var idi. Tapşırdım ki, özün üçün bir az yolpulu düzəldərsən. Ötən ilin noyabr ayının 13-də günorta saat 2 radələrində Aygün taksi ilə mənim yaşadığım ünvana gəldi, əşyalarımı götürdük və həmin taksi ilə hava limanına gəldik. Aygünün xarici pasportunu götürüb özümdə saxladım. Gözləmə zalında oturub qeydiyyatın başlamasını gözləyərkən saat 4 radələrində mülki geyimli şəxslər bizə yaxınlaşdılar. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib vəsiqələrini təqdim etdilər, bizi polis idarəsinə apardılar".

Zərərçəkmiş şəxs qismində dindirilmiş Aygün Rəhimova ifadəsində göstərib ki, Gəncə şəhərində pasport qeydiyyatında olsa da, Bakı şəhərində kirayədə yaşayır. İl yarım əvvəl xasiyyətləri tutmadığına görə ərindən ayrılıb. Bakıya gələrək bacısının yanında yaşamağa başlayıb. Bacısının xəstəliyi və ümumilikdə maddi vəziyyətlərinin ağır olması onda fahişəliklə məşğul olmaq qərarı yaradıb. Təqribən bir il əvvəl Arzu Nəsirova ilə tanış olması onu bu qərarında daha da qətiləşdirib: "Arzu ilə tez-tez telefonda danışırdım, həmişə ona maddi durumumdan, bacımın xəstəliyindən danışırdım. Bir dəfə Arzu soruşdu ki, pul qazanmaq istəyirsən? Dedim, hə. Bildirdi ki, Türkiyənin Bodrum şəhərində yaşayan İbrahim adlı bir türk tanışı var, təklif etdi ki, məni həmin şəxsin yanına aparsın, orada onun himayəliyi altında fahişəliklə məşğul olub yaxşı pul qazanım. Mən ondan orada işləmək barədə ətraflı danışmasını xahiş etdim, o bildirdi ki, buradan gedən qızlar orada kimlərinsə nəzarəti altında fahişəlik edirlər, qazandıqlarından da həmin nəzarət edən şəxslərə faiz ödəyirlər. Həmçinin dedi ki, sənin kimi qəşəng qızlar Türkiyədə bir kişiylə 100 dollara "gedirlər". Hər gün ən azı on kişi ən azı 100 ədəd 100-lük deməkdir. Mən həvəsləndim, onun təklifi ilə razılaşdım, bildirdim ki, mən də Türkiyəyə getmək istəyirəm. Arzu məni Türkiyəyə aparmağa razılıq verdi. Dedi ki, polis işçilərindən qorxuram, mən sənə köməklik edib Türkiyəyə apararam, orada İbrahimə təhvil verərəm. İbrahim mənin dostumdur, onun evində yaşayarsan, tapıb gətirdiyi müştərilərə seksual xidmətlər göstərərsən, sən də qazanarsan, İbrahim də, mən də. Sonra mobil telefonla Türkiyəyə zəng vurub mənim barəmdə İbrahimlə danışdı.

Noyabrın 12-də Arzu zəng vurub dedi ki, yığış, sabah yola düşürük. Noyabrın 13-də taksiyə oturub hava limanına gəldik. Gözləmə zalında oturub qeydiyyatın başlanmasını gözləyərkən mülki geyimli polis əməkdaşları bizə yaxınlaşdılar. Bizi polis idarəsinə dəvət etdilər, orada bildirdilər ki, onlarda bizim fahişəlik məqsədilə Türkiyəyə getmək istəməyimiz barədə məlumat var".

Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı iddia və tələbinin olmadığını bildirib.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları da məhkəmə iclasında dindiriliblər. İdarədə əməliyyat müvəkkili işləyən Samir Zeynalov ifadəsində göstərib ki, İdarəyə Şamaxı rayonu, Məlikçobanlı kənd sakini Arzu Nəsirovanın Gəncə şəhər sakini Aygün Rəhimovanı cinsi istismar məqsədilə təyyarə ilə Bakı şəhərindən Naxçıvan şəhərinə, oradansa Türkiyənin Bodrum şəhərinə aparmağa hazırlaşması barədə məlumat daxil olub. Bununla bağlı raport yazılaraq rəhbərliyə məruzə edilib. Məlumatın yoxlanılması ona həvalə edilib. Tədbir keçirilməsinə razılıq alaraq əməliyyat qrupu yaradıb. Noyabrın 13-də saat 15 radələrində Heydər Əliyev adına beynəlxalq hava limanında keçirdikləri əməliyyat tədbiri nəticəsində Arzu Nəsirovanı və Aygün Rəhimovanı saxlayaraq polis idarəsinə dəvət ediblər. İlkin sorğu zamanı Aygün Rəhimova etiraf edib ki, Arzu Nəsirovanı 5 ilə yaxındır tanıyır. 3 ay əvvəl sonuncuya ailə vəziyyətinin ağır olması ilə əlaqədar Türkiyəyə gedərək fahişəlik etmək istədiyini bildirib. Arzu Nəsirova da onu Türkiyədə yaşayan İbrahim adlı tanışının yanına aparırmış ki, orada fahişəliyə cəlb etsin. "Sonra Aygün Rəhimova ərizə yazaraq Arzu tərəfindən aldadıldığını göstərdi. Arzu Nəsirovanın və onun əlbir olduğu İbrahim adlı şəxsin barəsində qanunu tədbir görülməsini xahiş etdi. Ona görə də toplanmış materialları istintaqa göndərdim" - deyə əməliyyat müvəkkili məhkəmədə bildirib.

QEYD: Məhkəmə işin bütün hallarını araşdırandan sonra Arzu Nəsirovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.

SON SÖZ ƏVƏZİ:

Heç kim məni qınamasın, bu halda qadınları əxlaqsızlığa yuvarlandıran elə cəmiyyətin özüdür. Necə deyərlər, səbəb nəticəni yaradır...

İnarə Rafiqqızı

O.M.