Azərbaycanda 14 martın kriminal xronikası

Azərbaycanda 14 martın kriminal xronikası

15 Mart 2012 10:47
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Fuad Məmmədov münaqişə zəminində İlqar Ellazovu bıçaqla qətlə yetirmişdir

14.03.2012

Martın 14-də Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Fuad Məmmədov münaqişə zəminində əvvəllər məhkum olunmuş İlqar Ellazovu bıçaqla qətlə yetirmişdir. F.Məmmədov könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gəlmişdir.

Bakı şəhər sakini Bağır İbrahimov bıçaq yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür

14.03.2012

Martın 14-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Bağır İbrahimov bıçaq yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.

Astara rayonunun Maşxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.03.2012

Martın 14-də saat 12.00 radələrində Astara rayonunun Maşxan kəndi ərazisində rayon sakini Vasif Abbasov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış 3 sərnişin xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Lənkəran şəhər sakini Vasif Hüseynovdan 617 qr heroin götürülmüşdür

14.03.2012

Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini Vasif Hüseynovdan 617 qram heroin götürülmüşdür.

Bakı şəhər sakinləri Zaxarov Səfər və Əliyev İlham tutulmuşlar

14.03.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Samirə Abdullayevəyə məxsus "İnfiniti" markalı avtomaşının faralarını və kantını oğurlamış Bakı şəhər sakinləri Səfər Fazil oğlu Zaxarov və İlham İsmayıl oğlu Əliyev tutulmuşlar.

Gədəbəy rayon sakini Rəhman Aslanovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir

14.03.2012

1993-cü ilin iyul ayının 25-də Gədəbəy rayonunun Gərgər kəndi ərazisində müəyyən edilməmiş avtomaşınla kənd sakini İsa Məmmədov vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Gədəbəy RPŞ əməkdaşlarının bu il martın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "QAZ-53" markalı avtomaşının sürücüsü rayon sakini Rəhman Aslanov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Quldurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Vüqar Vəliyev tutulmuşdur

14.03.2012

Martın 14-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Qəşəmzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs Sabunçu qəsəbəsinə gedəcəyini bildirmişdir. Qəsəbə ərazisində həmin şəxs sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etdiyindən onun tərəfindən tutulub, polis əməkdaşlarına təhvil verilmişdir. Araşdırmalar zamanı həmin şəxsin Gürcüstan vətəndaşı Vüqar Vəliyev olması müəyyən edilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin fevral ayının 26-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Məzahir Qəhrəmanovu bıçaqla hədələyərək pul verməsini tələb etməsi, Səbuhi Cəfərovu bıçaqla hədələyərək 20 manat pulunu alması, habelə Cavanşir Əliyevə qarşı zor tətbiq edərək mobil telefonunu alması da müəyyən edilmişdir.

Masallı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölmüşdür

14.03.2012

Martın 14-də saat 20.30 radələrində Masallı rayonu ərazisində İran vətəndaşı Nacafi Madadın idarə etdiyi "Volvo" və Mişkəmi kənd sakini İqbal Xansuvarovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Xansuvarov və sərnişinlərindən Ramil Süleymanov və Valeh Ağayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Eyvaz Xansuvarov və onun qardaşı Elçin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış İsmayıllı rayon sakini Teymur Həsrətov ölmüşdür

14.03.2012

Martın 3-də saat 00.50 radələrində Şamaxı rayonu ərazisində İsmayıllı rayon sakini Teymur Həsrətov "Mitsubishi-Pajero" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini Minabəyim Həsrətova martın 14-də orada ölmüşdür.

Şəki rayonunun Qayabaşı kənd sakini Yaqub Haqverdiyev yıxılaraq aldığı xəsarətdən ölmüşdür

14.03.2012

Martın 13-də Şəki rayonunun Qayabaşı kənd sakini Yaqub Haqverdiyev evinin çardağında təmir işləri apararkən ehtiyatsızlığı nəticəsində yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Y.Haqverdiyev martın 14-də orada ölmüşdür.

O.M.