Azərbaycanda 13 martın kriminal xronikası

Azərbaycanda 13 martın kriminal xronikası

14 Mart 2012 11:56
711
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

Münaqişə zəminində Mehman Həmzəyevə bıçaqla xəsarət yetirmiş Lerik rayonunun Züvüç kənd sakini Faiq Musayev tutulmuşdur

13.03.2012

Martın 13-də Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Faiq Musayev münaqişə zəminində Mehman Həmzəyevə bıçaqla xəsarət yetirmişdir. Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini Elşən Heybətov saxlanılmışdır

13.03.2012

Martın 13-də Ağstafa rayonunun Xətai kənd sakini İlqar Quliyev RPŞ-yə müraciət edərək, həmin gün saat 20.00 radələrində rayon ərazisində Elşən adlı şəxs və onunla birgə olan 2 nəfər tərəfindən döyülməsini, bıçaqla hədələnməsini və ona məxsus "VAZ-2101" markalı avtomaşınının alınmasını bildirmişdir. Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, rayon sakini Elşən Heybətov avtomaşınla birgə rayon ərazisində saxlanılmışdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.03.2012

Martın 13-də saat 15.50 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Nəriman Əmirov "Hyundai" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Ənsərova Səməngül tibbi yardım göstərildikdən sonra buraxılmışdır

13.03.2012

Martın 9-da saat 20.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Ənsərova Səməngül vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Hacıqabul rayonu ərazisindəki "Kalmas" Qaz Kompressor qurğusunda yüksək təzyiqdən partlayış baş vermişdir

13.03.2012

Martın 13-də saat 13.30 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki "Kalmas" Qaz Kompressor qurğusunda təmir işləri aparılarkən yüksək təzyiqdən partlayış baş vermişdir. Nəticədə orada təmir işləri aparan Bakı şəhər sakini Tanrıverdi Qubadov xəsarət almışdır. T.Qubadova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Avtomaşından oğurluq etmiş Bakı şəhər sakinləri İsa Yolçuyev, Qurban Səfərov və Məmməd Mirzəyev tutulmuşlar

13.03.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Fuad Məmmədlinin idarə etdiyi "Hyundai" markalı avtomaşından oğurluq etmiş Bakı şəhər sakinləri İsa Yolçuyev, Qurban Səfərov və Məmməd Mirzəyev tutulmuşlar.

İçərisində pul, mobil telefon və qızıl əşyaları olan çantanı oğurlamış Abşeron rayon sakini Aysel Məmmədova tutulmuşdur

13.03.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Rusiya Federasiyasının vətəndaşı Zabirat Həsənovaya məxsus içərisində 40 000 rubl pul, mobil telefon və qızıl əşyaları olan çantanı oğurlamış Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Aysel Məmmədova tutulmuşdur.

Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

13.03.2012

Martın 13-də saat 20.30 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bakı şəhər sakini Emil Ağayevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınla, Türkiyə vətəndaşı Tetik Hasanın idarə etdiyi "İveko" markalı avtobus toqquşmuşdur. Nəticədə E.Ağayevin sərnişini Rəfiqə Xəlilova aldığı xəsarətdən hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Maştağa qəsəbəsində yaşayan 7 yaşlı Əlirza Ağayev atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən qohumu 7 yaşlı Südəfxanım Abbasova ölmüşdür

13.03.2012

Martın 13-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan İbrahim Ağayevin evində, oğlu 7 yaşlı Əlirza atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən qohumu 7 yaşlı Südəfxanım Abbasova xəsarət almışdır. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.

Xətai rayonunda yaşayan 2 yaşlı Günel Qədirovanın başına televizor düşərək ölmüşdür

13.03.2012

Martın 13-də Xətai rayonunda yaşayan 2 yaşlı Günel Qədirovanın başına televizor düşərək aldığı xəsarətdən ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

13.03.2012

Martın 13-də Abşeron rayon sakini Aynurə Qəmbərova, Gəncə şəhər sakinləri Coşqun İsmayılov, Ayşən Qafarova, Aygün Mustafalı, Tərlan Məmmədova, Həcər Adıgözəlova, Amaliya Şükürova və Göygöl rayon sakini Cəlalə Əsədli öz evlərindən sirkə turşusu və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Sabirabad şəhər sakini Musa İsayev yıxılmış və aldığı xəsarətdən orada ölmüşdür

13.03.2012

Martın 13-də Saatlı rayonunun Gomuşçu kəndinin ərazisindəki Biyan Məhsulları Zavodunda orada işləyən Sabirabad şəhər sakini Musa İsayev yıxılmış və aldığı xəsarətdən orada ölmüşdür.

Arvadı Zəminəyə bıçaqla xəsarət yetirmiş Zülalşah Əliyev tutulmuşdur

13.03.2012

Martın 13-də Nəsimi rayonu ərazisində yaşayan Zülalşah Əliyev qısqanclıq zəminində arvadı Zəminəyə bıçaqla xəsarət yetirmişdir. Z.Əliyev Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

O.M.