Arvadı və qızını öldürən Göyçay sakini həbsxanada öldü

Arvadı və qızını öldürən Göyçay sakini həbsxanada öldü

13 Mart 2012 14:58
1 690
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: "Özümü öldürmək istəyirdim, ona görə də küçədəki elektrik transformatoruna yaxınlaşıb qapısını açdım"

Bakı Ağır Cinayətlər Məhkəməsində

Bakı Ağır Cinayətlər Məhkəməsində Göyçay şəhər sakini 1949-cu il təvəllüdlü Adəm Sadəddin oğlu Səmədovun məhkəmə istintaqı başa çatıb. Bu şəxs arvadı Mələk Səmədovanı və 13 yaşlı qızı Ayseli baltayla qətlə yetirməkdə təqsirli bilinirdi.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Adəm Səmədovun ilk evliliyi öz həmkəndlisi Qönçə Rəşid qızı Sadıqova ilə olub. Həmin evlilikdən onların Gülnarə və Gülcahan adlı qızları, Rüstəm adlı oğlanları dünyaya gəlib. Lakin 1992-ci ildə Qönçə dünyasını dəyişib və azyaşlı uşaqları saxlamaq Adəmin üzərinə düşüb. Bunun öhdəsindən gələ bilməyəcəyini görən Adəm bibisi qızı Mələklə evlənib. İlk vaxtlar Mələk özünü mələk kimi göstərsə də, ana olandan sonra əsl qiyafəsi açılıb. Adəmin uşaqlarına qarşı açıq-aşkar ögeylik nümayiş etdirən Mələk Adəmi də təngə gətirib.

"Məni yaxın qohumlarıma da qısqanırdı"

Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadədən: "Arvadım dünyasını dəyişəndən sonra Mələyin təklifi ilə onu evimə gətirib münasibətlərimizi rəsmiləşdirdim. Bir il sonra Aysel adlı qızımız doğuldu. Təqribən iki il mehriban yaşadıqdan sonra aramızda narazılıqlar yaranmağa başladı. Mələk birinci arvadım Qönçənin evdə olan bütün fotoşəkillərini cırıb yandırmışdı. Qönçənin divardan asılmış foto-şəklinin də çıxarılmasını tələb edir, məni başqa qadınlara, hətta yaxın qohumlarıma da qısqanırdı. Bu səbəbdən də aramızda tez-tez mübahisələr və dava-dalaşlar baş verirdi.

"Özünə qəsd edəcəyini deyirdi"

Son vaxtlarsa Mələk ilk nikahdan olan və Bakıda yaşayan övladlarımla görüşməyimə də mane olmağa başlamışdı. Mən Mələyə əgər belə hərəkətlərinə son qoymasa, onu boşayacağımı bildirəndən sonra Mələk bir qədər yumşaldı və münasibətlər düzəlməyə doğru dəyişdi. Ancaq bu hal çox qısa çəkdi, Mələk yenə əvvəlki adam oldu. Elə ki mən boşanmaqdan söz salırdım, o, məni söyərək özünə qəsd edəcəyini, qəsd etməmişdən əvvəl isə özünü guya mənim təzyiqim altında öldürdüyü barədə kağız yazacağını deyirdi.

"Artıq bezmişdim"

Mən münasibətlərin yaxşılaşmayacağını başa düşərək Mələkdən boşanmaq üçün Göyçay rayon Məhkəməsinə ərizəylə müraciət etmək qərarına gəldim. Ancaq bu barədə ona hələlik bir söz demədim. Mart ayının 18-i idi. Axşam saat 11 radələrində yatmağa hazırlaşarkən Mələk dolanışıqdan gileylənərək mənim və birinci arvadımın ünvanına söyüşlər işlətdi. Sonra isə məni təqsirləndirdi ki, guya mən ona cadu elətdirmişəm. Mən bildirdim ki, caduya inanmıram, belə şeylərdən də başım çıxmır. O ki qaldı dolanışığın çətinliyinə, gəl evi sataq, nisbətən ucuz qiymətə başqa ev alaq, qalan pulla isə dolanaq. O, mənimlə razılaşmadı, bir qədər sakitləşəndən sonra yenidən təhqirə keçdi. Sonra qəflətən çarpayıdan qalxıb mətbəxə keçdi və ət baltasıyla geri qayıdıb məni vurmaq istədi. Mən baltanı onun əlindən alıb aparıb mətbəxə qoydum. Səhər saat 8 radələrində də yenə Mələyin söyüşlərinə yuxudan ayıldım. Artıq bezmişdim.

"Hər ikisinə baltayla zərbələr endirdim"

Mətbəxə keçib axşamkı ət baltasını götürdüm və yataq otağına qayıtdım. Mələyi çarpayıya yıxıb başına, sifətinə ardıcıl zərbələr vurdum. Bu vaxt qızım Aysel də yataq otağına girdi və mənə mane olmağa, arxadan məni yumruqla vurmağa başladı. Geri çevrilib Ayselin qolundan tutdum və anasının böyrünə yıxıb başına, sifətinə baltayla zərbələr vurdum. Sonra adyalı meyitlərin üstünə atdım, baltanı da çarpayının yanına qoydum. Qələm-kağız götürüb Mələklə Ayseli məni incitdiklərinə görə öldürdüyümü yazdım, kağızı adyalın üstünə tullayıb evdən çıxdım. Özümü öldürmək istəyirdim, ona görə də küçədəki elektrik transformatoruna yaxınlaşıb qapısını açdım, hər iki əlimi bir neçə dəfə transformatorun içərisində olan naqillərə toxundurdum, ancaq cərəyan məni vurmadı, sadəcə kənara itələdi. Bundan sonra Göyçay rayon Polis Şöbəsinə gedərək hadisə barədə könüllü məlumat verdim".

"Analığım bizimlə pis rəftar edirdi"

Təqsirləndirilən şəxsin qızı Gülnarə İsmayılova məhkəmədə ifadə verərək göstərib ki, anası rəhmətə gedəndən sonra bir çox qohumları, o cümlədən Mələk tez-tez onlara gəlib-gedib. Həmin vaxt Mələk bir gecə onlarda qalıb və atasıyla yaxın münasibətdə olub. Bundan qısa müddət sonra atası Mələyi evə gətirərək onunla evlənib. Onların Aysel adlı qızları doğulub. İlk vaxtlar Mələk onlara yaxşı baxsa da, qızı doğulandan sonra ögeyliyini açıq şəkildə göstərməyə başlayıb. Mələk onlarla pis rəftar edərək tez-tez onu, qardaşı Rüstəmi və bacısı Gülcahanı döyürdü. 1997-ci ildə o, ərə gedərək Bakıya köçüb. Bir il sonra bacısı Gülcahan da ailə quraraq Bakıya köçüb. Qardaşı Rüstəm orta məktəbi bitirərək Bakıya gəlib və onlarla birlikdə yaşamağa başlayıb.

"Atama bizimlə yaşamağı təklif etmişdim"

Uşaqlar ögey anaları ilə münasibətləri yaxşı olmadığına görə uzun illər ərzində Göyçaya getməyiblər. 2007-ci ilin yanvar ayında atası Bakıya gələrək onlarla görüşüb və bir neçə gün onların evində qalıb. Mələkdən narazılıq edib və onunla yaşaya bilmədiyini, heç bir səbəb olmadan Mələyin dava-dalaş yaratdığını, bir dəfə onu itələyib yıxmasını və öldürməklə hədələməsini bildirib. Həmçinin atası deyib ki, Göyçaydakı evi satıb özlərinə və Rüstəmə ev almaq istəyir. Ancaq Mələk buna etiraz edir. Buna görə də həmin vaxt o, atasına evi Mələyə verib Bakıya köçməsini və onlarla yaşamasını təklif edib. Ancaq atası qəti qərara gələ bilməyib. Novruz bayramı ərəfəsində isə - 19 mart 2007-ci il tarixdə atasının Mələyi və qızı Ayseli öldürdüyünü eşidib.

"Bacım özünü zəhərləmişdi"

Zərərçəkmiş Mələyin bacısı Solmaz Məmmədova isə ifadəsində göstərib ki, Qönçənin ölümündən sonra üç uşaq baxımsız qalıb. Arvadının ölümündən təqribən 6 ay sonra Adəm onun böyük bacısı Validənin yanına gəlib, Validədən icazə alaraq uşaqlara baxmaqdan ötrü Mələyi öz evlərinə aparıb. Gecə Mələklə yaxınlıq edib, sonra isə onu evlərinə qaytararaq arvadının ildönümü çıxandan sonra onunla evlənəcəyini bildirib. Ancaq Mələk Adəmdən bu məsələni tezləşdirməyi tələb edib, Adəm razı olmadıqda isə Mələk uksus içərək özünü zəhərləyib və xəstəxanaya düşüb. Xəstəxanadan çıxandan sonra Adəm onu evinə apararaq nikah kəsdirib. Əvvəlcə münasibətləri yaxşı olsa da, bir uşaqları olandan sonra münasibətlər korlanıb. Arada eşidib ki, Adəm evi satmaq istəyir, ancaq Mələk buna imkan vermir.

"Boşanmaq ərəfəsində ikən bu hadisə baş verib"

Məhkəmədə Adəmin qardaşı Maarif Səmədov da dindirilib. O, Adəmin Mələyin əlindən təngə gəldiyini təsdiqləyib: "Adəm hər dəfə gileylənirdi ki, Mələk ona və uşaqlara gün verib işıq vermir. Mələyin əlindən Adəm qızları erkən köçürtdü, oğlu isə Göyçaya gələ bilmirdi, Bakıda bacılarının evində qalırdı. Hadisədən bir az əvvəl Adəm boşanmaq üçün məhkəməyə ərizə yazmışdı, boşanmaq üçün yığdığı sənədləri qardaşım Surxaya vermişdi ki, saxlasın. Boşanmaq ərəfəsində ikən bu hadisə baş verdi".

Qeyd: Məhkəmə işin bütün hallarını araşdırandan sonra Adəm Səmədovu 15 il müddətinə azadlıqdan məhrum etmişdi. Lakin artıq yuxarıda qeyd olunduğu kimi, Adəm Səmədov yıxılaraq dünyasını dəyişib. Doğmalarının verdiyi məlumata görə yıxılma nəticəsində onun boyun damarı sınıb.

Son söz əvəzi:

Bax belə, bəlkə də ona görə deyirlər ki, insanın qisməti birinci dəfə gətirmədisə, özünü aldatmağa dəyməz.

İnarə Rafiqqızı

O.M.