Barəsində cinayət işi açılmış Zərdab sakini zəhərləndi

Barəsində cinayət işi açılmış Zərdab sakini zəhərləndi

9 Mart 2012 14:50
838
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Zərdab şəhər sakini, 1962-ci il təvəllüdlü Səfərəliyeva Şəfəq Abdullməmməd qızı naməlum dərman preparatını içərək zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən Zərdab sakini barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Cinayət işi şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmaqla dövlət əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə başlanıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Zərdab şəhər sakini Səfərəliyeva Şəfəq Abdulməmməd qızı 26 dekabr 2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə müraciət edib və doğum tarixi saxtalaşdırılmış şəxsiyyət vəsiqəsini digər sənədlərlə birlikdə ərizəsinə əlavə edərək pensiya təyini üçün əsas olan 51 yaşa çatdığını göstərib. Təqdim edilən sənədlər əsasında Fondun Zərdab rayon şöbəsində ona yaşa görə əmək pensiyası təyin edilib, bununla da, Ş.Səfərəliyeva qeyd edilən tarixdən 30 noyabr 2011-ci il tarixədək 4.6 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
O.M.