Azərbaycanda 08 martın kriminal xronikası

Azərbaycanda 08 martın kriminal xronikası

9 Mart 2012 12:23
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Abşeron rayon sakini D.Dadaşovun qətlə yetirilmiş meyiti tapılmışdır

08.03.2012

Martın 9-da Abşeron rayonunun Qobu qəsəbəsindəki evinin həyətində Dadaş Dadaşovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılmışdır. Hadisə yerinə baxış zamanı "Makarov" markalı tapançaya aid 8 ədəd giliz aşkar edilərək götürülmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Abşeron RPŞ tərəfindən aparılır.

Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

08.03.2012

Martın 8-də saat 12.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Əzim Babayevin idarə etdiyi "Daewoo" markalı avtobusla, Rafiq Sultanəhmədovun idarə etdiyi "QAZ-53" markalı avtomaşın toqquşmuşdur. Nəticədə R.Sultanəhmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Teymur Zaliyev və Ə.Babayevin sərnişini Faiq Cəbrayılov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Qusar rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Ə.Evladov vurulmuşdur

08.03.2012

Martın 8-də saat 22.50 radələrində Qusar rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Əliyar Evladov vurulmuşdur. Nəticədə Ə.Evladov aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Qusar RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xırdalan şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnmiş YNH-ni törətmiş sürücünün şəxsiyyəti müəyyən edilmişdir

08.03.2012

Martın 8-də saat 12.00 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Masazır qəsəbə sakini Etibar Məmmədov vurulmuşdur. Nəticədə E.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "TX-4 London taxis" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Ramiz Həsənov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Sərnişin avtobusundan 44 manat pulu açıq yolla talamağa cəhd göstərmiş Neftçala rayon sakini M.Həziyev tutulmuşdur

08.03.2012

Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də 133 saylı xətt üzrə işləyən "Daewoo" markalı avtobusdan 44 manat pulu açıq yolla talamağa cəhd göstərmiş Neftçala rayon sakini Müşfiq Həziyev tutulmuşdur.

Cəlilabad rayon sakini S.Əsgərovdan 1 kiloqram 12 qram heroin götürülmüşdür

08.03.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Salam Əsgərovdan 1 kiloqram 12 qram heroin götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş E.Abışovun Şüvəlan qəsəbəsi ərazisindəki məsciddən pul oğurlaması da müəyyən edilmişdir

08.03.2012

Oğurluq etdiyinə görə 2011-ci il dekabrın 29-da Xəzər RPİ əməkdaşları tərəfindən tutulmuş Elşad Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci ilin dekabr ayının 10-u, 14-ü və 24-də Şüvəlan qəsəbəsi ərazisindəki məsciddən ümumilikdə 5000 manat pul oğurlaması da müəyyən edilmişdir.

Martın 7-də X.Zeynalova məxsus göyərçinləri oğurlamış Buta qəsəbə sakini V.Qədirov tutulmuşdur

08.03.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Xanlar Zeynalova məxsus 24 ədəd göyərçini oğurlamış Buta qəsəbə sakini Vüsal Qədirov tutulmuşdur.

Martın 7-də B.Əliyevə məxsus sexdən və İ.Qədiməliyevə məxsus avtomaşından oğurluq etmiş Bakı şəhər sakini A.İsmayılov tutulmuşdur

08.03.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Bəxtiyar Əliyevə məxsus sexdən elektrik alətləri, İbrəli Qədiməliyevə məxsus "Ford" markalı avtomaşından isə maqnitofon oğurlamış Bakı şəhər sakini Akif İsmayılov tutulmuşdur.

Martın 3-də R.Abdullayevin etimadını qazanaraq mobil telefonu ondan almış Neftçala rayon sakini R.Bayramov tutulmuşdur

08.03.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Ruslan Abdullayevin etimadını qazanaraq mobil telefonu ondan almış Neftçala rayon sakini Ruslan Bayramov tutulmuşdur.

Abşeron rayonu ərazisində yeni inşa edilmiş binaların zirzəmisindən elektrik naqillərini kəsərək oğurlamış Bakı şəhər sakini A.Məhərrəmov tutulmuşdur

08.03.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 18-də Abşeron rayonundakı Gənclər şəhərciyindəki yeni inşa edilmiş binaların zirzəmisindən 126 metr uzunluğunda elektrik naqillərini kəsərək oğurlamış Bakı şəhər sakini Aruslan Məhərrəmov tutulmuşdur.

Şamaxı rayonu ərazisindən hərbi sursat tapılmışdır

08.03.2012

Şamaxı RPŞ əməkdaşları tərəfindən Məlhəm kəndi ərazisindən 7 ədəd qumbara, 61 ədəd avtomat patronu və 1 ədəd qumbaraatan mərmisi tapılmışdır.

Qaradağ rayon sakini M.Əsgərov evinin damından yıxılması nəticəsində aldığı xəsarətdən ölmüşdür

08.03.2012

Martın 8-də Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Məmmədağa Əsgərov yaşadığı evin damını təmir edərkən oradan yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Əsgərov orada ölmüşdür.

2 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

08.03.2012

Martın 8-də Sabunçu rayon sakini Bəxtiyar Əliyev və Sumqayıt şəhər sakini Səbinə Rzayeva öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Qaz sobasını yandıran zaman yanıq xəsarəti almış Goranboy rayon sakini G.Qasımova xəstəxanada ölmüşdür

08.03.2012

Martın 7-də Goranboy rayonunun Ağamalıoğlu kənd sakini Gülşən Qasımova evində qaz sobasını neftlə yandıran zaman ehtiyatsızlığı nəticəsində yanıq xəsarəti almışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş G.Qasımova martın 8-də orada ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

08.03.2012

Martın 8-də saat 03.05 radələrində Binəqədi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Əziz Hacıyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.