"Heydər Əliyev fondunun" adından istifadə etməklə dələduzluq törədən dəstə üzvlərinin Apellyasiya Məhkəməsi keçirildi

"Heydər Əliyev fondunun" adından istifadə etməklə dələduzluq törədən dəstə üzvlərinin Apellyasiya Məhkəməsi keçirildi

6 Mart 2012 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, hökmün təqsirləndirilən Kamil Seyidova aid hissəsi dəyişdirilib. Onun xüsusi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi və oğluna məxsus evin müsadirədən çıxarılması qərara alınıb.

İttihama görə, əvvəllər dələduzluq cinayətinə görə, məhkum olunmuş bu şəxslər qabaqcadan əlbir olublar. Onlar Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən "Master-Dizayn" şirkətinin texniki imkanlarından istifadə edərək, saxta müqavilə və layihələr hazırlayıb, təqdim ediblər.
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi barədə yalan vədlər veriblər. Yalan yolu ilə onların əmlaklarını ələ keçirərək, onlara külli miqdarda ziyan vurublar. Dəstənin son iki ildə iş adamlarından təxminən 809 min AZN və 300 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Seyidov 13 il, Arif Hüseynov 13 il, Muxtar Vəliyev 13 il, Rauf Axundov 10 il, Malik Mehdiyev 11 il, Anar Abbasov 13 il, Nadir Qasımov 10 il, Vaqif Ələkbərov 10 il, Elçin Zülfüqarov 9 il, Rövşən Rəhimov 9 il, Bayram Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə K. Seyidovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi və hazırda oğluna məxsus evin müsadirə olunacağı da qeyd olunub.

O.M.