Azərbaycanda 02 martın kriminal xronikası

Azərbaycanda 02 martın kriminal xronikası

3 Mart 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 50 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Qaraçuxur qəsəbəsi ərazisində bıçaqlanma nəticəsində 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır

02.03.2012

Martın 2-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakinləri Orxan Qurbanov, Orxan Xamıyev, onun qardaşları Fərrux və Kamran bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər. O.Xamıyev orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Suraxanı RPİ tərəfindən aparılır.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.03.2012

Martın 2-də saat 07.40 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Familə Qurbanova vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "QAZel" markalı avtomaşının sürücüsü, şəhər sakini Zaur Hüseynov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.03.2012

Martın 2-də saat 07.30 radələrində Ordubad rayonu ərazisində Naxçıvan şəhər sakini Azər Məmmədov "Hyundai" markalı avtomaşını idarə edərkən şəhər sakini Abgül İsmayılovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Əbil Şükürovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Şabran şəhər sakini Xəyyam Pənahov tutulmuşdur

02.03.2012

Baş Cinayət-Axtarış İdarəsi və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Əbil Şükürovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Pənahov tutulmuşdur.

Göyçay şəhər sakini Mahir Mayılovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir

02.03.2012

Baş Dövlət Yol Polisi İdarəsi və Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti müəyyən edilmişdir. O, Ucar rayon sakini Ədalət Mehdiyev olmuşdur. Hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü Göyçay şəhər sakini Mahir Mayılov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Müşfiqabad qəsəbə sakini Mübariz Süleymanovun qumar oyunu təşkil etməsi müəyyən edilmişdir

02.03.2012

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müşfiqabad qəsəbəsinin ərazisindəki kafedə, qəsəbə sakini Mübariz Süleymanovun "Rus lotosu" qumar oyununu təşkil etməsi müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Eldəniz Məmmədov və Bəymirzə Həsənov tutulmuşlar

02.03.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da "Life Centre" ticarət mərkəzində, Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan içərisində 32000 dollar pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlamış cinayətkar qrupun digər üzvləri Bakı şəhər sakinləri Eldəniz Məmmədov və Bəymirzə Həsənov tutulmuşlar.

Pirallahı qəsəbə sakinləri Araz Mirzəyev, Cabbar Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölmüşlər

02.03.2012

Martın 2-də saat 14.00 radələrində Xəzər rayonunun Pirallahı qəsəbəsində, qəsəbə sakini Araz Mirzəyev, həmyerlisi Cabbar Məmmədovla birgə həyətinə qaz xətti çəkərkən boru elektrik xəttinə toxunmuşdur. Nəticədə onları elektrik cərəyanı vurması nəticəsində ölmüşlər.

Qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən vəsaitlər aşkar edilərək götürülmüşdür

02.03.2012

Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də qadağan olunmuş dini təriqətlərdən birinə meylli Mehman Xəlilovun Şamaxı şəhərində kirayədə yaşadığı evə baxış zamanı 300 ədəd dini məzmunlu kitab, 134 ədəd disk, 2 ədəd noutbuk və 1 ədəd flaşkart aşkar edilərək götürülmüşdür.

O.M.