Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşı 5 il həbs cəzası aldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşı 5 il həbs cəzası aldı

2 Mart 2012 19:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri Vahid Gülmalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluğun yaydığı xəbərə görə, 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxs ifşa olunaraq məsuliyyətə cəlb edilib.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət tələb edib, sonuncu bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 oktyabr 2011-ci il tarixdə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.

O.M.