İcbari sığorta olunmayan avtomobillərin sahiblərinə qarşı reyd keçiriləcək

İcbari sığorta olunmayan avtomobillərin sahiblərinə qarşı reyd keçiriləcək

2 Mart 2012 19:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun məlumatına görə, son vaxtlar Bakıda avtomobillərin icbari sığorta olmadan idarə edilməsi halları artıb. Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobilləri icbari sığorta olmadan idarə edən sürücülərə qarşı tədbirlər görməyə qərara alıb. Bundan sonra yol polisi əməkdaşları tərəfindən saxlanılan hər bir avtomobilin sürücüsündən digər sənədlərlə bərabər, sığorta şəhadətnaməsi də tələb olunacaq.

V.Əsədov həmçinin bildirib ki, bu ilin yanvarın 1-dən fevralın 29-dək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində Bakıda yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan 41 min 200-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Onlardan 400-dən çoxu nəqliyyat vasitəsini icbari sığorta olmadan idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb edilib.
V.Əsədov qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə uyğun olaraq nəqliyyat vasitəsi sahibləri avtomobillərini icbari sığorta etdirməlidir. Əks halda, İnzibati Xətalar Məcəlləsinin 253-1-ci maddəsinin tələbinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat, hüquqi şəxslər 60 manatdan 80 manatadək, vəzifələri şəxslər isə 150 manatdan 200 manatadək miqdarda cərimə olunacaqlar.

O.M.