Azərbaycanda 29 fevralın kriminal xronikası

Azərbaycanda 29 fevralın kriminal xronikası

1 Mart 2012 12:26
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 57 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Şabran rayonu ərazisində şəhər sakini Ə.Şükürovun meyiti tapılmışdır

29.02.2012

Fevralın 29-da Şabran rayonunun Sincanboyad kəndi ərazisində Samur-Abşeron su kanalının yaxınlığında, Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Əbil Şükürovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılmışdır.

Şabran şəhər sakini P.Qurbanovaya xəsarət yetirmiş əri B.Qurbanov saxlanılmışdır

29.02.2012

Fevralın 29-da Şabran şəhərində yaşayan Pəri Qurbanova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Hadisəni törətmiş P.Qurbanovanın əri, ruhi xəstə Bəhlul Qurbanov Şabran RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Səbail rayonu ərazisində paytaxt sakini K.İsmayılovaya qarşı quldurluq etmiş Ucar rayon sakini E.Qasımov tutulmuşdur

29.02.2012

Fevralın 29-da Səbail rayonu ərazisində naməlum şəxs şəhər sakini Kəmalə İsmayılovaya qarşı zor tətbiq edərək qızıl sırğasını və mobil telefonunu ondan alıb qaçmışdır. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Ucar rayon sakini Elvin Qasımov həmin ərazidə xidmət aparan Post Patrul Xidməti Bölüyü və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail RPİ 39-cu PB-yə təhvil verilmişdir.

Ağstafa rayonu ərazisində S.Kərimovun idarə etdiyi avtomaşın aşmışdır

29.02.2012

Martın 1-də Ağstafa rayonu ərazisində Dağkəsəmənli kəndi ərazisində kənd sakini Səməd Kərimov "QAZ-24" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür

Cəlilabad rayonu ərazisində avtomaşınla vurulması nəticəsində 1 nəfər ölmüşdür

29.02.2012

Fevralın 29-da saat 21.30 radələrində Cəlilabad rayonu ərazisində Gülməmmədli kənd sakini Mirhadı Ağayev "KİA" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Qeys Şükürovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Kürdəmir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

29.02.2012

Fevralın 29-da saat 20.00 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini Adil Rəhimovun idarə etdiyi "VAZ-21099" və Ağsu rayon sakini Fikrət Məhərrəmovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuş və avtomaşınlardan biri yolun kənarında dayanmış 45-50 yaşlı kişiyə dəymişdir. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini İ.Rəsulova vurulmuşdur

29.02.2012

Fevralın 29-da saat 18.50 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini İlhamə Rəsulova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Q.Quliyev vurulmuşdur

29.02.2012

Fevralın 29-da saat 19.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Qurban Quliyev vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

İsmayıllı şəhəri ərazisindəki "Çaldaş" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində istehlakçılara Aİ-93 markalı benzinin Aİ-95 marka adı ilə satılaraq aldadılması müəyyən edilmişdir

29.02.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri ərazisindəki "Çaldaş" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində kolonkaların möhürlərinə müdaxilə edilməklə istehlakçıları çəkidə, qiymətdə və keyfiyyətdə aldadaraq onlara 752,3 manat, həmçinin istehlakçılara Aİ-93 markalı benzini Aİ-95 marka adı ilə sataraq aldatması müəyyən edilmişdir.

Bakı şəhər sakini R.Əliyev bir qrup vətəndaşa qarşı dələduzluq etməsi ilə bağlı saxlanılmışdır

29.02.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Riyad Əliyev, şəhər sakinləri Mirzə Mirzəyevi, Fərhad Kərimovu, İlqar Nəsibovu, Culfa rayon sakini David İsmayılovu və digər vətəndaşları aldadaraq ali məktəblərə qəbul etdirmək adı ilə onların külli miqdarda pul vasitələrini ələ keçirməsi ilə bağlı saxlanılmışdır.

Bakı şəhərində kirayədə yaşayan Qax rayon sakini P.Omarovdan marixuana və tapança götürülmüşdür

29.02.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində kirayədə yaşayan Qax rayon sakini Pərviz Omarovdan 604 qram marixuana, yaşadığı mənzilə baxış zamanı isə 1 kiloqram 68 qram marixuana, 1 ədəd "Naqan" tipli tapança və 5 ədəd patron aşkar edilərək götürülmüşdür.

Gözəllik salonundan kassa aparatını oğurlamış F.Məhərrəmov tutulmuşdur

29.02.2012

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Bakı şəhər sakini İlyas Rzayevə məxsus gözəllik salonundan pəncərədən girmək yolu ilə kassa aparatını oğurlamış Fərid Məhərrəmov tutulmuşdur.

Sərnişin avtobusunda Bakı şəhər sakini R.Əliyevin cibindən 103 manat pulunu açıq yolla talayıb qaçmış A.Qəmbərov tutulmuşdur

29.02.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da 105 saylı xətt avtobusunda, Bakı şəhər sakini Ramiz Əliyevin cibindən 103 manat pulunu açıq yolla talayıb qaçmış şəhər sakini Azər Qəmbərov tutulmuş və ondan 0,239 qram heroin götürülmüşdür.

M.Abbasovaya və E.Xankişiyevaya qarşı zor tətbiq edərək pul və mobil telefonlarını almış Yevlax rayon sakini T.Hüseynov tutulmuşdur

29.02.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Mirvari Abbasovaya və fevralın 28-də Ellada Xankişiyevaya qarşı zor tətbiq edərək, onlardan pul və mobil telefonlarını almış Yevlax rayon sakini Tamerlan Hüseynov tutulmuşdur.

Bakı şəhər sakini S.Əliverdiyevdən ov tüfəngi götürülmüşdür

29.02.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sadiq Əliverdiyevdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülmüşdür.

Yanvarın 30-da itkin düşmüş F.Məmmədovun meyiti tapılmışdır

29.02.2012

Yanvarın 30-da itkin düşmüş Firdovsi Məmmədovun fevralın 29-da Sumqayıt şəhərindəki "Azərsun Holdinq" şirkətinə məxsus Kağız Karton İstehsalı Kombinatının kağız hazırlanan sexinin su hovuzunda üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

Fevralın 26-da Sabirabad rayon sakini Ə.Abdullayevə məxsus qoyunları oğurlamış qrupun digər üzvü tutulmuşdur

29.02.2012

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da Əlibayram Abdullayevə məxsus 18 baş qoyunu oğurlamış qrupun digər üzvü Füzuli rayon sakini Elvin Vəliyev tutulmuşdur. Elvin Vəliyevin və qardaşı Elçinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Nazir Allahyarova məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.

Laçın rayon sakini N.Məmmədova silah-sursatı könüllü olaraq polisə təhvil vermişdir

29.02.2012

Laçın rayon sakini Nərgiz Məmmədova 1 ədəd "AK-74" avtomat silahını, 10 ədəd patron darağını və 393 ədəd avtomat patronunu könüllü olaraq Laçın RPŞ-yə təhvil vermişdir.

Mərdəkan qəsəbə sakini Z.İbrahimov avtomaşının təkərini təmir edərkən aldığı xəsarətdən ölmüşdür

29.02.2012

Fevralın 29-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki avtomaşınların təmiri sexində, qəsəbə sakini Zakir İbrahimov "ZİL" markalı avtomaşının təkərini təmir edərkən, dəmir parçasının ona dəyməsi nəticəsində xəsarət almışdır. Z.İbrahimov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.

5 nəfər dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

29.02.2012

Fevralın 29-da Sumqayıt şəhər sakinləri Leyla Əliyeva, Hüsniyyə Vəlizadə, Çimnaz Məmmədova, Abşeron rayon sakinləri Əsmər Hüseynova və Firuzə Allahverdiyeva öz evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Balakən rayon sakini H.Novruzova intihar məqsədi ilə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmişdir

29.02.2012

Fevralın 29-da Balakən rayonunun Qullar kənd sakini Həvva Novruzova evində ailə münaqişəsi zəminində intihar məqsədi ilə atasına məxsus "TOZ-8" markalı ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmişdir. H.Novruzova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Zaqatala rayon sakini Ç.Musayev ov tüfəngindən açılmış atəşdən xəsarət almışdır

29.02.2012

Fevralın 29-da Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisindəki meşə zolağında, rayon sakini Çingiz Musayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən sol ayağından xəsarət almışdır. Ç.Musayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.