Müdafiə Nazirliyi general mayorun ittihamlarını əsassız adlandırdı

Müdafiə Nazirliyi general mayorun ittihamlarını əsassız adlandırdı

1 Mart 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu general mayor Lənkəran Əliyevin nazirliyin ünvanına səsləndirdiyi ittihamların əsassız olduğunu, L.Əliyevin özünün qanunlara əməl etmədən bəzi cinayətlər törətməkdə günahlandırıldığını bildirib: "Ataların gözəl bir sözü var, "haqq nazilər, amma üzülməz". Bu mənada general-mayor Lənkəran Əliyevin həqiqətlə qətiyyən səsləşməyən açıqlaması bizə təəccüblü gəlmədi. Görünür o, şəxsi maraqlarını təmin etmək məqsədilə bütün sədləri aşaraq niyyətinə nail olmağa çalışır. Dürüst insanlar isə heç zaman belə yolu seçmirlər. O isə özünü yaxşı tanıdıb. General deyəsən özünü ümumiyyətlə günahkar saymır. Ola bilər, lakin əlahəzrət faktlar tamam başqa şeylər deyir. Onun günahlarını, hətta xidmət etdiyi dövrdə cinayət əməllərinə əl atdığını sübut edən çoxlu dəlil-sübutlar var. Şəxs olaraq o bunları qəbul etməyə və ya etmək istəməyə bilər. Ancaq onun izinə düşən hüquq və qanun isə tamam başqa şeyləri diqtə edir. Biz indi onların detallarına getməyəcəyik. Hüquqlarının pozulduğunu iddia edərək Müdafiə Nazirliyini hədəfə götürməsi çox gülməli gəlir. Ona vaxtilə xeyli güzəşt edilib. Gərək xatirindən çıxarmayaydı bunları. Əlbəttə ki, hərbi qulluqçuların hüquqlarının qorunması Müdafiə Nazirliyinin birinci dərəcəli vəzifəsidir. Bunu gözəl başa düşürük. Ona görə də Lənkəran Əliyevin Müdafiə Nazirliyinə əlavə dərs keçməsinə heç ehtiyac yoxdur. Qanun isə hər şeydən üstündür və onun qarşısında hamı bərabərdir. Cənab general bunu dərk etməli idi. Əvəzində isə Lənkəran Əliyev rütbəsindən istifadə edərək qanunu göz ardına belə almaq istəmir. Bu səbəbdən də iftira və böhtan atmağı özünə rəva görür. Bəzi dəlillərə müraciət edək. O zaman kimin haqlı və ya haqsız olduğu bilinəcək. Mənim müavinimin onun böhtanlarına verdiyi cavab KİV-də getdi. Oradakı bəzi məqamlara təkrar toxunmağı lazım bilirəm. Və Lənkəran Əliyevdən soruşmaq istəyirəm: ona verilən xidməti mənzili qanunsuz olaraq necə zəbt etdi? Aydınlıq üçün buna cavab verə bilərmi? Hər şey də elə buradan başladı. "Orderin etibarsız hesab edilməsi və zəbt olunmuş yaşayış sahəsinin boşaldılması"na dair iddia tələbi ilə 31 yanvar 2011-ci ildə Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon məhkəməsinə müraciət olunduqdan sonra. Onu yerindən tərpədən də bu oldu. Bu gün özünü yazıq qismində ictimaiyyətə təqdim edən Lənkəran Əliyevə həmin xidməti mənzil TTM rəisi olarkən 5 fevral 2002-ci ildə verilib. 3 otaqlı mənzilin yaşayış sahəsi 58 kv.m. olub. Buna baxmayaraq vəzifəsindən sui-istifadə edən TTM-in keçmiş rəisi özünün məqbul saydığı vasitələrlə xəlvəti şəkildə - Müdafiə Nazirliyinin Bakı qarnizonunun mənzil komissiyasının razılığı və təsdiqedici sənədləri olmadan həmin mənzilə yeni order əldə etməklə onu öz şəxsi mülkiyyətinə çevirib. Onun üçün qanun, haqq və ədalət budurmu? Həmin orderdə də cavabdehlərin yaşadıqları mənzil 4 otaq olaraq, yaşayış sahəsi nə az, nə çox 82 kv.m. göstərilib. Amma bu da son deyil. Lənkəran Əliyevin yaşayış sahəsini zəbt etməsi ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılarkən əlavə bir fakt da məlum olub. Belə ki, "evsiz-eşiksiz" Lənkəran Əliyevin yaşadığı faktiki sahə 172,5 kv.m. təşkil edib. Bir az əvvəl biz ona neçə kv.m mənzil verildiyini açıqladıq. Əlavə olaraq nə qədər sahə zəbt etməsi də aşkar ortadadır. Hərbi qulluqçuların mənzillə bağlı problemlərinin olduğunu dilə gətirən general Lənkəran Əliyev görəsən hansı vicdani hislə mənzil sahələrini mənimsəyib? Axı onun zəbt etdiyi həmin mənzildə başqa hərbiçimiz yaşaya bilərdi. Adam belə vəziyyətdə görəsən başını necə uca tuta bilər?! Allah bu halı heç kimə göstərməsin. Düşmənim yoxdur, varsa ona da qıymıram. Beləliklə, L.Əliyevə 58 kv.m yaşayış sahəsi verildiyi halda o, qanunsuz olaraq bunu 114,5 kv.m artırıb. Başqa bir fakt. Generala 2004-cü ildə yaşayış sahəsi 180 kv.m-ə yaxın şəxsi mənzil verilməsini də gərək ki, o unutmasın. Amma nə etməli?! Doğurdan, unutqanlıq böyük dərd imiş.

Hələ bunlar harasıdır? Lənkəran Əliyev TTM-nin rəisi olarkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək bir sıra cinayət əməllərinə yol verib. Qısaca sadalayım. Tamah onu elə yolundan sapdırdı ki, gözlərini yumub hər şeyə getdi. Başqasının əmlakını mənimsədi, israf etmə yolu ilə nələrisə taladı, general əsgərlərlə belə pis davrandı. Hətta əsgərə əl də qaldırdı, onu döydü də. Bunların hamısını göydən götürməmişəm. Hər şeyi istintaq özü müəyyən edib və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə 200128 saylı cinayət işi başlanılıb. Nə az, nə çox altı maddə bu gün də onun kürəyindədir. Lənkəran Əliyevə bir sualım da var. Dövlətə vurduğu ziyanının müqabilində 30.700,98 manat maddi ziyanı istintaq zamanı tam şəkildə ödəməyə onu nə məcbur etmişdi? Deyə bilərmi belə şey olub, ya yox? Hələlik yekunlaşdırmaq istəyirəm, çalışdım ki, hüququn onu nədən imtahana çəkdiyini diqqətə çatdırım. Düzünü bilsəniz heç arzulamazdıq ki, biz belə bir şəkildə bir-birimizlə danışaq. General Lənkəran Əliyevin özü bunu bizə məcbur etdi. Çünki onun ittihamlarını sadəcə cavabsız qoya bilməzdik".

O.M.