İstintaq materialından: İncik olduğu arvadını öldürdü

İstintaq materialından: İncik olduğu arvadını öldürdü

29 Fevral 2012 10:25
Bəyəndim (0) Bəyənmədim (0)
Şəmkir rayon sakini əkiz uğaqlarının anasını xüsusi qədarlıqla qətlə yetirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Şəmkir rayon sakini Mehdiyev Saleh Muxtar oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs arvadını qətlə yetirməkdə ittiham olunur. Məhkəmə yolu ilə müəyyən edilib ki, Saleh Mehdiyevin arvadı Gülnar Mehdiyeva 27 may 2009-cu ildə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Onun şikayəti əsasında əri Saleh Mehdiyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunub. Bununla bağlı ər-arvad arasındakı ziddiyyətlər daha da kəskin həddə çatıb. Arvadından qisas almaq qərarına gələn Saleh Mehdiyev onu öldürməyi planlaşdırıb. 3 iyul 2009-cu ildə saat 21:30 radələrində o, yaşadığı Şəmkir rayon, Çaparlı kəndindəki evə gəlib. Evin giriş qapısını içəridən bağladıqdan sonra iki azyaşlı uşaqlarının gözü qarşısında özü ilə gətirdiyi bıçaqla arvadı Gülnar Mehdiyevaya çoxsaylı zərbələr endirib. 12 bıçaq zərbəsi alan yaralını xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Mehdiyev Saleh Muxtar oğlu - 1979-cu ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilib. Ailəlidir. Orta təhsillidir. Şəmkir rayon Çaparlı kəndində yaşayır. AR CM-nin 120.2.4-cü maddəsilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Aramızda narazılıq olurdu"

Təqsirləndirilən şəxs qismində dindirilən Saleh Mehdiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2007-ci ilin avqust ayında Gülnarə Mehdiyeva ilə el adəti ilə ailə qurduğunu, evləndikdən sonra Bakı şəhərində valideynlərinin yanında yaşadıqlarını göstərib: "2008-ci ildə iki əkiz oğlan uşaqlarımız anadan oldu. Arvadımla mən Çaparlı kəndinə gedərək onun bibisi Məryəm Qurbanovanın evində yaşadıq. Şəmkirdə yaşadığımız müddətdə mən günəmuzd fəhlə işləyirdim. Hərdən evə gec gəldiyimdən arvadımla aramızda narazılıqlar olurdu.

"Məni tutdurmaq istəyirdi"

2009-cu ilin may ayının axırlarında xalam oğlu Sakit Aslanovgildə yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat 23 radələrində evə qayıtdım. Gülnarə evə gec gəldiyim üçün mənimlə mübahisə etdi. Nə üçün xalam oğlugildə yeyib-içdiyimi, indi durub Sakitin üstünə gedəcəyini dedikdə, ona işimə qarışmamağı, öz yerini bilməsini söylədim. Gülnarə hay-küy saldıqda, əsəbiləşib ona bir-iki sillə-təpik vurdum. Bundan sonra Gülnarənin valideynləri məni evdən qovdular. Arvadımı döydüyümə görə Şəmkir rayon polis şöbəsinə şikayət etdilər. Gülnarənin məni tutdurmaq istəməsi, aramızda olan narazılıqlar mənə çox pis təsir etmişdi. Gülnarənin hərəkətləri, qohumlarının toyunda dar "retuz" geyinərək məni saymayıb acıq verməsi əsəblərimi daha da gərmişdi.

"Getməyimi istəyirsən?"

2009-cu ilin iyul ayının 3-də saat 21 radələrində Gülnarənin yaşadığı evə gəldim. Gülnarəyə paltarlarımı yığmağı tapşırdım. O da heç bir söz demədən paltarlarımı yığmaq üçün evə keçdikdə, mən də onun arxasınca keçdim. Evə daxil olduqda, uşaqların yatdıqlarını görüb arvadıma, "paltarlarımı vermək istəyirsən, getməyimi istəyirsən, eləmi?",- dedikdə, Gülnarə "paltarlarını özün istəyirsən", - deyə cavab verdi. Ondan polisə nə üçün şikayət edib məni tutdurduğunu soruşduqda, o, "mən tutdurdum, onsuz da tutmayacaqlar, işin yüngüldür",- dedi.

"Bıçağı çıxarıb zərbələr endirdim"

Gülnarə ilə danışdıqdan sonra cibimdə gətirdiyim bıçağı çıxarıb onun sinəsinə, qarın hissəsinə bir neçə zərbə vurdum. Dizi üstə yerə oturduqda, onun kürək hissəsinə də bir neçə dəfə bıçaqla vurub qaçıb getdim. Gülnarəni iki azyaşlı uşaqlarımın gözü qarşısında deyil, evin yataq otağında bıçaqla vurub öldürmüşəm. Həmin vaxt uşaqlar qonşu otaqda yatmışdılar. Gülnarəni öldürərkən evin giriş qapısını bağlamışdım. Hadisədən sonra həyətə çıxdıqda, Məryəm Qurbanovanı görməmişəm, lakin onun evin arxasından qonşuları köməyə çağırdığını eşitmişəm".

"Əvvəl həkimə, sonra polisə getmişdi"

Zərərçəkmiş şəxs qismində dindirilən Əliyev Nüsrət Oruc oğlu ifadəsində Saleh Mehdiyevin onun qızı Gülnarə Mehdiyeva ailə həyatı qurduqdan sonra ilk əvvəllər atası evində - Balaxanı qəsəbəsində yaşadıqlarını göstərib: "Qızımın iki əkiz uşaqları olduqdan sonra Şəmkir rayonu Çaparlı kəndində tək yaşayan bacım Məryəmin evinə köçüb orada yaşadılar. İlk əvvəl mehriban dolanırdılar. Lakin sonralar Saleh Çaparlı kəndində yaşayan xalası oğlu Sakit Aslanovun evinə gedib, orada spirtli içki qəbul etdiyindən evinə, ailəsinə baxmamağından aralarında narazılıqlar yarandı. 28 may 2009-cu ildə qızıma baş çəkmək üçün bacımın evinə gəldikdə, qızım Gülnarənin halsız vəziyyətdə uzandığını görüb nə baş verdiyini soruşdum. Gülnarə Saleh tərəfindən döyüldüyünü, əvvəl həkimə, sonra isə polisə şikayət ərizəsi ilə müraciət etdiyini bildirdi.

"Qızımın öldüyünü eşitdim"

3 iyul 2009-cu ildə saat 22 radələrində Gülnarənin Saleh tərəfindən bıçaqlandığını eşitdim. Dərhal maşınla xəstəxanaya getdim. Orada Gülnarənin artıq öldüyünü öyrəndim. Sonradan bacım Məryəm mənə Salehin evə gələrək paltarlarını götürmək adı ilə Gülnarə ilə birlikdə evə keçdiklərini, qızın qışqırıq səsinə evə girmək istədikdə, giriş qapısının arxadan bağlandığını, evə daxil ola bilmədiyindən arxa tərəfdən qonşuları köməyə çağırdığını dedi. Bacım qonşularla birlikdə evə gəldikdə, Saleh artıq gedibmiş. Qızım yaralı vəziyyətdə evin yataq otağı ilə aynabəndin arasında yıxılan zaman azyaşlı uşaqlar həmin vaxt aynabənddə ağlayırlarmış".

"Qardaşım qızını səbəbsiz yerə döyürdü"

Şahid qismində dindirilən Məryəm Qurbanova ifadəsində tənha qadın olduğunu, bu səbəbdən də qardaşı qızı Gülnarə ilə əri Salehin 2008-ci ilin noyabr ayından etibarən onun evində yaşadıqlarını göstərib: "2009-cu ilin təxminən iyun aylarından Saleh Gülnarəni içki içib səbəbsiz yerə döydüyündən o da polisə şikayət etmişdi. Həmin iş baxılması üçün məhkəməyə göndərilmişdi. 3 iyul 2009-cu ildə saat 21:30 radələrində Gülnarə ilə həyətdə oturarkən Saleh həyətə daxil olub arvadından paltarlarını yığıb verməsini və birdəfəlik Bakıya çıxıb gedəcəyini dedi. Gülnarə də heç bir söz demədən onun paltarlarını yığmaq üçün evə girdi. Saleh də onun arxasınca evə daxil olaraq giriş qapısını arxadan bağladı.

"Uşaqlar analarının yanında ağlayırdılar"

Gülnarənin qışqırıq səsini eşidib Salehin onu vurduğunu başa düşdüm. Qışqırıb qonşuları köməyə çağırdım. Evə keçdikdə, giriş qapısı artıq açıq idi. Saleh qaçıb getmişdi. Gülnarənin üzü üstə döşəmədə hərəkətsiz və huşsuz vəziyyətdə uzandığını, paltarlarının qanlı olduğunu, uşaqların isə çarpayının üzərində ağladıqlarını görüb qışqırdım. Səsimə qonşular və Gülnarənin anası Dünya gəldilər. Həmkəndlimiz Vasif Mirməmmədovun maşını ilə Gülnarəni xəstəxanaya apardıq. Lakin Gülnarə xəstəxanaya çatmayaraq yolda öldü".

"Salehin kənddə getməyə yeri olmadığından bizə gəlirdi"

Şahid qismində dindirilən Sakit Aslanov ifadəsində Salehlə doğma xalauşaqları olduğunu göstərib: "Xalam oğlu Saleh Gülnarə ilə ailə həyatı qurduqdan sonra Şəmkir rayon, Caparlı kəndində yaşayırdılar. Salehlə Gülnarənin arasında xırda narazılıqlar olarkən Salehin getməyə yeri olmadığından bizə gəlirdi, sonra da evinə geri qayıdırdı. 2009-cu ilin may ayının axırlarında evdə qonaqlarım var idi. Axşam saat 20-21 radələrində Saleh bizə gəldi. Salehlə birlikdə yemək yeyib bir az spirtli içki qəbul etdik. Təxminən saat 24 radələrində Saleh öz evinə getdi. Həmin gecə saat 02 radələrində anamın xalası rəhmətə getdiyindən yas mərasimində iştirak etmək üçün Şəmkir rayonu Alabaşlı kəndinə getmişdim.

"Salehə rayon ərazisini tərk etməmək tapşırılmışdı"

Axşam evə qayıtdıqda, Salehin Gülnarə ilə mübahisə etdiyini, onu döydüyünü, buna görə də sonuncunun Şəmkir rayon polis şöbəsinə şikayət etdiyini eşitdim. Saleh Gülnarəni döydüyünə görə həmin iş Şəmkir Rayon Polis Şöbəsində aparıldığından Salehə rayon ərazisini tərk etməməsi tapşırılmışdı. Bu səbəbdən Saleh Gülnarə ilə küsülü olduğundan bizim evdə qalırdı. Arvadım Mətanətlə mən dəfələrlə Salehi danlayaraq Gülnarə ilə barışmağı, mübahisə etməməyi, mehriban dolanmalarını tələb edirdik. Saleh isə evdə maddi imkanı yaxşı olmadığı üçün bəzən bunun üstündə Gülnarə ilə mübahisələri düşdüyünü deyirdi. 3 iyul 2009-cu ildə Hacıkənddə olarkən arvadım Mətanət mənə zəng edərək Salehin Gülnarəni öldürdüyünü xəbər verdi. Dərhal həmin gecə kəndə qayıtdım. Salehin Gülnarəni bibisi Məryəm Qurbanovanın evində bıçaqlayıb öldürdüyünü və qaçdığını eşitdim".

"Oğlum bizimlə görüşmək üçün gəldiyini dedi"

Şahid qismində dindirilən Akifə Mehdiyeva ifadəsində 2009-cu ilin iyul ayının 3-də bacısı gəlini Mətanətin ona zəng edərək oğlu Salehin Gülnarəni bıçaqla vurduğunu dediyini göstərib: "Lakin Gülnarənin ölüb-ölməməyi barədə xəbərim olmayıb. Ertəsi gün axşam Saleh evə gələrək Gülnarəni bıçaqla vurduğunu, bizimlə görüşmək üçün gəldiyini dedi. Salehdən arvadını hansı səbəbdən vurduğunu soruşduqda o, bu barədə heç bir söz demədi. Oğlumla birlikdə Sabunçu Rayon Polis İdarəsinə getdim. Sonradan məlum oldu ki, Gülnarə aldığı bıçaq xəsarətlərindən ölüb".

QEYD: Məhkəmənin hökmü ilə Saleh Mehdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Deyirlər, bıçaq yarası sağalar, qəlb yarası sağalmaz. Bu dəfə heç bıçaq yarası da sağalmadı. Çünki qəlb yarası olduqca dərin idi.

İnarə Rafiqqızı

O.M.