Sumqayıt, Cəlilabad, Ağdam, Bakının Binəqədi, Suraxanı, Xətai rayon hərbi komissarlıqlarının rəhbər işçiləri barədə istintaq işləri yekunlaşıb

Sumqayıt, Cəlilabad, Ağdam, Bakının Binəqədi, Suraxanı, Xətai rayon hərbi komissarlıqlarının rəhbər işçiləri barədə istintaq işləri yekunlaşıb

27 Fevral 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Bakının Binəqədi rayon hərbi komissarı və komissarlığın digər vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Respublika Hərbi Prokurorluğunda istintaqı başa çatdırılan Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın digər vəzifəli şəxslərinin cinayət işinin materialları baxılması üçün məhkəməyə daxil olub. Cinayət işi yaxın günlərdə məhkəmə icraatına veriləcək.

Qeyd edək ki, F. Ağabəyov 2011-ci ildə korrupsiya faktı ilə əlaqədar tutulub. O, rüşvət almaqda təqsirli bilinir.
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib ki, 2011-ci ildə Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 84 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayonun hərbi komissarları barəsində CM-nin 311.1-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanıb. Həmin cinayət işlərindən Bakı şəhər Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Xatırladaq ki, hazırda Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölməsinin rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun, habelə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, komissarlığın 4-cü bölməsinin rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasovun məhkəməsi gedir.

O.M.