Azərbaycanda 25-26 fevralın kriminal xronikası

Azərbaycanda 25-26 fevralın kriminal xronikası

27 Fevral 2012 11:26
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 101 cinayət faktı qeydə alınmışdır

25.02.2012-ci ildə gün ərzində 64 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

Ağdaş rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2012

Fevralın 25-də saat 20.00 radələrində Ağdaş rayonu ərazisində rayon sakini Samir Soltanzadə "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin İsmayıl İsmayılov hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sabirabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2012

Fevralın 25-də saat 20.10 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Elşən Hüseynov "Nissan" markalı avtomaşını idarə edərkən yolu keçən 35-40 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2012

Fevralın 24-də saat 22.50 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Niyazi Hacıyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

"Albatros" kafesində qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilmişdir

25.02.2012

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Çəminzəminli küçəsində Naxçıvan şəhər sakini Vidadi Nağıyevə məxsus "Albatros" kafesində qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilmişdir.

Ov tüfəngindən atəş açaraq Müqabil Əliyevə xəsarət yetirib hadisə yerindən qaçmış İsmayıl Hümbətov tutulmuşdur

25.02.2012

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də ov tüfəngindən atəş açaraq Müqabil Əliyevə xəsarət yetirib hadisə yerindən qaçmış İsmayıl Hümbətov tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

25.02.2012

Fevralın 25-də Xətai rayon ərazisində yaşayan Zaman İlyaslı, Sumqayıt şəhər sakinləri Faiq Abbasov, Kifayət Hüseynova və Murad Lələyev öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ağdaş rayon sakini Samir Hacıyev ölmüşdür

25.02.2012

Fevralın 23-də saat 21.20 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində qəsəbə sakini Elbrus Rəhimov "VAZ-2102" markalı avtomaşını sərxoş halda idarə edərkən rayon sakini Samir Hacıyevi vurmuş və sonradan idarəetməni itirərək avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış sürücü və piyada xəstəxanaya yerləşdirilmişlər. S.Hacıyev fevralın 25-də orada ölmüş, E.Rəhimovun vəziyyəti isə orta-ağırdır.

26.02.2012-ci ildə gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 13-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

Avtomaşın qaçırmış Ucar rayon sakini Zaur Əliyev saxlanılmışdır

26.02.2012

Fevralın 26-da Ucar rayonunun Bağman kəndi ərazisindən Bərgüşad kənd sakini Məcid Hümbətova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış rayon sakini Zaur Əliyev avtomaşınla birgə saxlanılmışdır.

Samux şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

26.02.2012

Fevralın 26-da saat 19.30 radələrində Samux şəhəri ərazisində Çuxanlı kənd sakini Nizaməddin Abdullayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Şaiq Seyidov və Rəfayel Ələsgərov xəstəxanaya yerləşdirilmişlər. R.Ələsgərov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Qax rayonunun Alatəmir kəndi ərazisində yol-nəqliyyat hadisəsi

26.02.2012

Fevralın 26-da saat 11.00 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisində Çinarlı kənd sakini Elşən Ramazanov "Mercedes-208" markalı mikroavtobusu idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Zeynəb Birqanova, Hökümüran Rəşidov, Babək Məmmədov, Nəzir Şabanov, İlham Rəşidov, Rövşən Piradov və Nərgiz Bayramova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

18 baş qoyun oğurlamış Sabirabad rayon sakinləri Mübariz Əliyev və Elçin Vəliyev tutulmuşlar

26.02.2012

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Əlibayram Abdullayevin 18 baş qoyununu oğurlamış rayon sakinləri Mübariz Əliyev və Elçin Vəliyev tutulmuşlar.

Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Nizami Səfərov tapdığı silah-sursatı təhvil vermişdir

26.02.2012

Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Nizami Səfərov tapdığı səsboğucusu olan 1 ədəd "PM" markalı, 1 ədəd tir, 1 ədəd baraban tipli tapançaları, 3 ədəd qumbaranı, 285 ədəd müxtəlif çaplı patron və 5 ədəd patron darağını könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakinləri Elləz Namazov ölmüşdür

26.02.2012

Fevralın 13-də saat 19.00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Nicat İbrahimli "Mercedes" markalı avtomaşını idarə edərkən şəhər sakinləri Elləz Namazov və Səyalı Namazovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Namazova fevralın 26-da orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

26.02.2012

Fevralın 26-də Nəsimi rayonu ərazisində yaşayan Çinarə Avazlı, Sumqayıt şəhər sakinləri Xudayar Musayev, Dilbər Rəhimova, Aytac İbrahimova, Abşeron rayon sakinləri Nəzrin Məmmədova, Aişə Həsənova və onun bacısı Gülüş öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Dəm qazından zəhərlənmiş Şirvan şəhər sakini Cəlal Quliyev və Xaçmaz rayon sakini Fatma Abbasova ölmüşlər

26.02.2012

Fevralın 26-da Şirvan şəhər sakini Cəlal Quliyev və Xaçmaz rayon sakini Fatma Abbasova öz evlərində dəm qazından zəhərlənərək ölmüşlər.

Masallı şəhəri ərazisində Ərkivan kənd sakini Tərlan İsmayılov baş vermiş yanğından ölmüşdür

26.02.2012

Fevralın 26-da Masallı şəhəri ərazisində Ərkivan kənd sakini Tərlan İsmayılov "Opel Astra" markalı avtomaşınına yanacaq doldurarkən siqaretlə ehtiyatsız davrandığından baş vermiş yanğından ölmüşdür.

O.M.