H.Əliyev hava limanında qanunsuz olaraq Bakıya keçirilməsi nəzərdə tutulan külli miqdarda mallar aşkar olundu

H.Əliyev hava limanında qanunsuz olaraq Bakıya keçirilməsi nəzərdə tutulan külli miqdarda mallar aşkar olundu

25 Fevral 2012 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, DGK əməkdaşları Azərbaycana qanunsuz yolla zərgərlik məmulatlarının gətirilməsinin qarşısını alıblar. Belə ki, İstanbul-Bakı aviareysi ilə səfər edən Azərbaycan vətəndaşı Zaur İsmayılov gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb. Həmin vətəndaş gömrük bəyannaməsini təqdim etməyib və mütləq bəyan olunan malların olmadığını bildirdikdən sonra, onun əl çantasına və baqajına "Rapiscan-628" markalı X-Ray aparatı ilə baxış keçirilib. Əl çantasına baxış zamanı aparatın monitorunda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri əks olunub və bu səbəbdən çantaya təkrar gömrük baxışı keçirilib. "Nəticədə, həmin çantadan sellofanlara bükülmüş 3 ədəd qutudan müxtəlif daşlarla bəzədilmiş qızıl-zinət əşyaları - 35 ədəd boyunbağı, 58 ədəd qolbaq, 89 cüt sırğa, 85 ədəd üzük, 124 ədəd kulon və 60 ədəd zəncir boyunbağı aşkar edilib və protokol əsasında götürülüb. Ekspert arayışına görə, həmin zərgərlik məmulatlarının ümumi çəkisi 1 269,3 qram təşkil edib", - deyə məlumatda bildirilir.

Digər qanunsuz idxal cəhdi isə Sankt-Peterburq-Bakı aviareysində qeydə alınıb. Belə ki, Azərbaycan vətəndaşı Camal Əliyev Peterburq-Bakı aviareysi ilə göndərilən və müşayiət olunmayan baqajı qəbul edib gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. C.Əliyev qəbul etdiyi baqajda şəxsi əşyaların və az miqdarda parfümeriyanın olduğunu bildirsə də, həmin əşyalara "Rapiscan-628" markalı X-Ray aparatı ilə baxış zamanı 2 ədəd irihəcmli çantadan 16 adda 408 ədəd müxtəlif çeşidli parfümeriya və kosmetika malları aşkar edilərək protokol əsasında götürülüb. "Maraqlıdır ki, adıçəkilən vətəndaş gömrük nəzarətindən keçərkən həmin malları şifahi və ya yazılı formada bəyan etməməsinin səbəbini ilk dəfə gömrük sərhədindən kommersiya məqsədli mallar aparması ilə izah edib", - deyə məlumatda bildirilir.
Hər iki faktlarla bağlı təhqiqat aparılır.

O.M.