Mühafizəçi öz həyatını mühafizə edə bilmədi

Mühafizəçi öz həyatını mühafizə edə bilmədi

23 Fevral 2012 12:13
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: "Mənim oğlum Mübariz kimi oğlan olmuşdu"

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Əsgərov Sadiq Əhliman oğlunun, Hümbətəliyev Orxan Şahin oğlunun, Əliyev İlhamiz Hüseyn oğlunun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Sadiq Əsgərov tanışları Orxan Hümbətəliyev və İlhamiz Əliyevlə birlikdə 27 iyul 2010-cu ildə saat 03 radələrində "Nissan Maxima" markalı avtomaşınla Dərnəgül qəsəbəsi, Naxçivani küçəsində yerləşən "Rusalka" masaj salonunun qarşısından keçərkən, həmin ərazidə çayxana olub-olmamasını salonun qarşısında dayanmış, mühafizəçi - Qasımov Elşad Məmmədqasım oğlundan soruşub. Mühafizəçinin cavabını kobud hesab edərək onunla dalaşıb. Onları aralamağa cəhd edən Orxan Hümbətəliyevin və İlhamiz Əliyevin hərəkətlərinə məhəl qoymayaraq üzərində gəzdirdiyi bıçaqla Elşad Qasımovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Elşad Qasımov kəskin qanitirmə nəticəsində dünyasını dəyişib.

Digər mühafizəçi Ələkbərov Fuad Rafiq oğlu baş vermiş hadisənin qarşısını almağa cəhd etdikdə, qarşılıqlı dalaşma nəticəsində Sadiq Əsgərov onun sol əlinə bıçaqla xəsarət yetirib. Fuad Ələkbərov avtomaşının açarlarını maşının üzərindən götürüb uzaqlaşmaq istədikdə, Orxan Hümbətəliyev və İlhamiz Əliyevlə birlikdə mühafizəçini yerə yıxaraq Sadiq Əsgərovun köməkliyi ilə onun bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə zərbələr endiriblər.

MÜTTƏHİMLƏR HAQDA QISA ARAYIŞ:

1. Əsgərov Sadiq Əhliman oğlu - 1978-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta təhsillidir. Ağdam rayonu, Qasımbəyli qəsəbəsində yaşayır. AR CM-nin 120.2.2, 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinir.

2. Hümbətəliyev Orxan Şahin oğlu - 1983-cü ildə Qazax şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Ali təhsillidir. Subaydır. Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yaşayır. AR CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinir.

3. Əliyev İlhamiz Hüseyn oğlu - 1987-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Ağdam rayonu, Quzanlı kəndində yaşayır. AR CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Axı ona nə demişdim ki, mənə belə cavab vermişdi?"

Təqsirləndirilən şəxs qismində dindirilən Sadiq Əsgərovun məhkəməyə verdiyi ifadəsindən: "2010-cu ilin əvvəllərində atam rəhmətə getmişdi. Bununla əlaqədar rayona getmişdim. Üç-dörd ay qalandan sonra Bakıya gəldim. "Moskva" univermağının yanında Orxanla görüşüb birlikdə İlhamizin işlətdiyi çayxanaya gəldik. İlhamiz başqa çayxanaya getməyi məsləhət gördü. Üçümüz birlikdə başqa bir çayxanaya gedib orada çay içib söhbət etdikdən sonra bir qədər şəhəri gəzdik. Sonra İlhamizi evlərinə aparmaq üçün gəldik. "Elit"in yanından dönən zaman orada yerləşən "Tovuz" kafesini görüb dedim ki, gəlin bir az da çay içib dərdləşək, sonra evə gedərik. Kafenin işləyib işləməməsini dəqiqləşdirmək üçün maşını saxlayıb bir az qarşıda dayanan taksinin yanındakı iki nəfərdən soruşduqda, cavab verən olmadı. Bir qədər qabağa gedib əvvəl kafe olan, hazırda masaj salonu olmuş yerin qarşısında bir nəfərin dayandığını gördüm. Həmin adamdan "qardaş, burda çay verirlər", - deyə soruşduqda, o, "burda çay yoxdur, çıxın gedin burdan", - deyə dilləndi. Mən təkrarən ona "buralarda başqa harada çay verirlər?" deyəndə, o, "karsan, sənə dedim, burda çay yoxdur", - deyə cavab verdi. Bu zaman içəridən qızlar çıxdı.

"Elşadın sözü mənə pis təsir etmişdi?"

Həmin şəxs qızlara içəri girmələrini deyib yerində dayandı. Sonradan adını bildiyim Elşadın sözü mənə çox pis təsir etmişdi. Axı mən ona nə demişdim ki, mənə belə cavab vermişdi? Elşada "kar özünsən, məni tanıyırsan, niyə mənimlə belə danışırsan?" - dedim. Elşad isə "alə, eşşək, sənə dedim ki, burda çayxana yoxdur", - kimi təhqiramiz sözlər işlədə-işlədə üzərimə gəldi. Mənə çatıb sifətimdən yumruq atdı, başımı geri çəkdim, yumruq sinəmə dəydi. Mən də ona bir yumruq vurub geri çəkildim. Sonra Elşad yerində qurdalandı, elə bildim ki, silah çıxarır. Zərgər işlədiyimə görə üstümdə həmişə qatlanan bıçaq gəzdirirdim. Elşad bir də mənim üzərimə gəldi.

"Sonradan Elşadın ağır xəsarət alaraq öldüyünü bilmişəm"

Bu zaman Orxan gəlib bizim aramıza girdi. Həmin vaxt birdən Orxan "ay Allah" deyib, əlini tutaraq kənara qaçdı. Elşadın əlində bıçaq olduğunu bildim. Başqa yolum olmadığından özünü müdafiə etmək üçün bıçağı çıxartdım. Qarşılıqlı yaxalaşma zamanı biri-birimizə zərbələr vurduq. Həmin vaxt Elşada neçə bıçaq dəyməsini bilmirəm. Sonra Orxan və İlhamiz bizi araladılar. Elşad binaya doğru getdi. Biz maşına tərəf gələn zaman birdən kürək nahiyəmdən ağır zərbə dəydiyini hiss etdim. Həmin vaxt nə ilə vurulduğumu bilməmişəm. Lakin başım möhkəm ağrıdı. Bir də eşitdim ki, Orxan Fuaddan açarları verməsini tələb edir. O isə açarları əlində saxlayıb vermirdi. Yaxınlaşıb onu yumruqla vurdum, yerə yıxıb bir iki təpik vurub açarları aldım. Maşına doğru gələndə içəridən xeyli qız, arvad və uşaq çıxıb, bizi daş-qalaq etməyə başladılar. Özümü güclə maşına saldım, maşın da tamam sıradan çıxmışdı. Sonra oradan uzaqlaşdıq. Sonradan bizi polisə dəvət edəndə Elşadın dava zamanı ağır xəsarət alıb öldüyünü bilmişəm".

"Onların arasına girdim, əlim kəsildi"

Təqsirləndirilən şəxs qismində dindirilən Orxan Hümbətəliyev məhkəməyə verdiyi ifadəsində Elşad Qasımovla heç bir tanışlıqları, ədavəti olmadığını göstərib: "Hadisə baş verən günü İlhamiz, Sadiq və mən maşınla gəlib saunaya tərəf dönən zaman Sadiq dedi ki, burada çayxana olmalıdır, gedək, bir çay içək. Maşını saxladı, düşüb bir nəfərdən soruşdu, sonra bir qədər irəli sürdü. Mən maşında oturub telefonla danışırdım. Səs eşidəndə Elşadın Sadiqi kənara çəkdiyini gördüm. Sadiqgilin dalaşacaqlarını hiss edib, maşından düşüb, onlara özümü çatdırıb aralarına girəndə, əlim kəsildi.

Əlimi tutub işığa tərəf çəkildim, əlimi sarıdım. Sonra Sadiqi kənara çəksin deyə İlhamizə səsləndim. İlhamiz Sadiqi arxadan qucaqlayıb kənara dartdı, Elşad da həmin tikiliyə girdi.

"Kim olduğumu biləcəksən"

Əlimə baxan zaman başımın arxasından nəyinsə möhkəm zərblə dəydiyini hiss etdim, gözlərim qaraldı. Sonra baxdım ki, Fuad sürətlə maşına tərəf gəlib və açarı götürüb cibinə qoydu. Fuada yaxınlaşıb kim olmasını soruşanda, "kim olduğumu biləcəksən" dedi. Əl atıb açardan tutdum ki, açarı versin. Açarın bir hissəsi qırılıb əlimdə qaldı, həmin vaxt Fuad büdrəyib yerə yıxıldı. Sadiq də özünü çatdırdı və Fuadı bir dəfə təpiklə vurdu. Həmin vaxt saunadan qadınlar çıxıb bizi daşqalaq etməyə başladılar. Maşına tərəf gələndə orada bir nəfər qoluma girib "qardaş, gedin burdan özünüzü niyə zibilə salırsınız?", - dedi. Biz də çıxıb getdik".

"Elşadın Sadiqə təhqiramiz sözlər işlətdiyini eşitdim"

Təqsirləndirilən şəxs qismində dindirilən İlhamiz Əliyevin ifadəsindən: "Hadisə baş verən gün mən arxada, Orxanla Sadiq isə qabaqda əyləşmişdilər. Şəhəri gəzib çay içdikdən sonra məni evə gətirəndə, sonradan sauna olduğunu bildiyimiz yerə tərəf dönən zaman Sadiq orada çayxana olduğunu dedi və ora getməyi təklif etdi. Sadiq maşını saxladı və düşüb bir nəfərdən soruşdu, sonra maşını bir qədər irəli sürüb saxladı. Mən həmin vaxt arxada oturmuşdum, Orxan isə qabaqda oturaraq telefonla danışırdı. Bu vaxt Elşadın Sadiqə təhqiramiz sözlər işlətdiyini eşitdim. Orxan nə olduğunu soruşduqda, ona heç nə olmadığını dedim. Elşad Sadiqi kənara çəkib ona yumruq vurdu, Sadiq də ona bir yumruq vurdu. Orxan maşından düşüb özünü onlara çatdırıb aralarına girəndə, "ay Allah, əlim kəsildi" deyib kənara qaçdı. Sonra Orxan mənə tərəf səslənib Sadiqi kənara çəkməyi tapşırdı. Sadiqi arxadan qucaqlayıb kənara dartdım, həmin vaxt Elşadın əlində bıçaq olduğunu gördüm. Sadiqi qucaqlayıb kənara dartıb apardım, Elşad da həmin tikiliyə girdi. Biz maşına tərəf gedəndə Fuad gəlib arxadan Sadiqin baş nahiyəsinə bir zərbə endirdi. Sadiq ağrıdan aşağı oturdu. Sonra Fuad Orxana tərəf getdi, onun da başına əlindəki alətlə bir zərbə endirdi. Fuad orada Orxanla yaxalaşdı, Orxan maşının açarını ondan almaq istəyirdi. Orxan açarı dartıb qırıb Fuadın əlindən aldı. Mən Sadiqi kənara çəkdim, o məndən "onlara bıçaq dəymədi ki" deyə soruşdu. Mən də "yəqin dəymədi" dedim. Sonra maşına əyləşib oradan kənarlaşdıq".

"Oğlumu köməkləşib öldürüblər"

Zərərçəkmiş şəxs qismində dindirilən Məmmədqasım Qasımov ifadəsində oğlu Elşadı Sadiqlə dostlarının köməkləşib öldürdüklərini göstərib: "Elşadı Sadiq tək öldürməyib, onu köməkləşib öldürüblər. Elşad idmançı olub, dəfələrlə yarışlarda birinci yer tutub. Sadiqin əlindəki bıçaqla onu öldürmək mümkün olmazdı. Onlar əvvəldən Elşadı izləyiblər. Oğlumun yas mərasimində qulaqdan qulağa eşitdim ki, Elşadı öldürmək üçün onlar plan qurublar. Yoldaşım da hadisədən əvvəl onların maşınının evin aynabəndinin qarşısından keçən yolda dayandığını görmüşdü.

"Mənim oğlum Mübariz kimi oğul idi"

Sadiqgil Elşadı əvvəldən tanıyıblar, aralarında mübahisə də olmuşdu. Nə səbəbdən boyunlarına almırlar, bilmirəm. Sadiq təkbaşına mənim oğlumu necə öldürə bilərdi. Yanındakı iki nəfər də onları aralaşdırırdılarsa, mənim oğlum körpə uşaq idi ki, Sadiq onu öldürə bilsin. Mən bununla bağlı prokurorluğa da müraciət etmişəm. Prokurorluq cavab yazıb ki, mübahisə edib, dalaşıb, bıçağı çıxarıb, vurub öldürüb. Başqa heç bir açıqlama vermir. Oğlumun düşmənlərinin hamısının cəzasına çatmasını istəyirəm. Özüm hərbiçi olmuşam, Ağdamda olmuşam, onları qorumuşam, indi ağdamlı uşaqlar mənim oğlumu öldürüblər. Mənim oğlum Mübariz kimi oğlan olmuşdu, Mübarizin atası ilə də görüşmüşdü. O da təsdiq etmişdi ki, oğlum zahirən də Mübarizə oxşayır. Mən bir oğul itirmişəm, lakin Azərbaycan bir idmançı, igid bir oğul itirdi".

QEYD: Məhkəmənin hökmü ilə Sadiq Əsgərov 14 il, Orxan Hümbətəliyev və İlhamiz Əliyev hər biri 1 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

O.M.