Azərbaycanda 21 fevralın kriminal xronikası

Azərbaycanda 21 fevralın kriminal xronikası

22 Fevral 2012 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Bərdə rayonunun Şirvanlı kəndi ərazisində kənd sakini Elnar Qarayev Pərviz Quliyevə bıçaqla xəsarət yetirmişdir

21.02.2012

Fevralın 21-də Bərdə rayonunun Şirvanlı kəndi ərazisində kənd sakini Elnar Qarayev münaqişə zəminində Pərviz Quliyevə bıçaqla xəsarət yetirmişdir. E.Qarayev Bərdə RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.02.2012

Fevralın 22-də saat 01.00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Miryusif Əhmədov "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini Mircəfər Əhmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Zaqatala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

21.02.2012

Fevralın 21-də saat 21.00 radələrində Zaqatala şəhəri ərazisində Balakən rayon sakini Zaur Qarayev "Mercedes-230" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Rəşad Nabatov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisələri

21.02.2012

Fevralın 21-də saat 11.30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Türkanə Piriyeva vurulmuşdur. Piyada xəstəxanaya müraciət etməmişdir.
Fevralın 21-də saat 23.30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Rasimə Sadıqova vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Mənşəyi məlum olmayan sementin satışının qarşısı alınmışdır

21.02.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Qaradağ Spectal" MMC-nin direktoru, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Qurbanovun müvafiq icazə olmadan "Qaradağ Tikinti Materialları" ASC-də "Qaradağ" sement zavodunun istehsal etdiyi "Special" əmtəə nişanına oxşar kisələrə mənşəyi məlum olmayan sementi dolduraraq satışını təşkil etməsi müəyyən edilmişdir. Baxış zamanı Yasamal rayonu Şərifzadə küçəsindəki "İnşaat" mağazasından əlavə olaraq 53 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarında isə saxta 5450 ədəd "Spesialist" əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülmüşdür.

Qanunsuz ovun qarşısının alınması məqsədilə vətəndaşlardan ov tüfəngləri götürülmüşdür

21.02.2012

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz ovun qarşısının alınması ilə əlaqədar keçirilmiş tədbirlər zamanı Qax şəhər sakini Elman Aydınovdan 1 ədəd "İJ", Bakı şəhər sakinləri Rəfayel Cəfərovdan 1 ədəd "TOZ-34", Yəhya Hadıdan 1 ədəd "İJ-58", Samir Əhmədovdan 1 ədəd "İJ-27", Azad Madnayevdən 1 ədəd "TOZ-63" və həmin ərazidə sahibləri məlum olmayan 1 ədəd qoşa lülə, 1 ədəd tək lülə, 1 ədəd "Akar" markalı ov tüfəngləri götürülmüşdür.

1400 manat pul oğurlamış Ucar rayon sakini Şəbnəm Mehtiyeva tutulmuşdur

21.02.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Afət Hüseynovanın mənzilindən 1400 manat pul oğurlamış Ucar rayon sakini Şəbnəm Mehtiyeva tutulmuşdur.

Pul olan çantanı oğurlamış Lənkəran rayon sakini Arzuman Qurbanov tutulmuş, Qüdrət adlı şəxs isə müəyyən edilmişdir

21.02.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Namiq Hüseynova məxsus "Nissan" markalı avtomaşından içərisində 700 manat pul olan çantanı oğurlamış Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Arzuman Qurbanov tutulmuş, Qüdrət adlı şəxs isə müəyyən edilmişdir.

Mobil telefon oğurlamış Bakı şəhər sakini Səbinə İsmayılova tutulmuşdur

21.02.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 21-də Şahanə Quliyevaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Səbinə İsmayılova tutulmuşdur.

Gəncə şəhər ərazisində silah-sursat tapılmışdır

21.02.2012

Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən şəhər ərazisində 8 ədəd qumbara, 176 ədəd müxtəlif çaplı patron və digər əşyalar tapılmışdır.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.02.2012

Fevralın 21-də saat 06.30 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Rasim Vəliyevə məxsus "BMW" markalı avtomaşını idarə edən sürücü, onu işıq dirəyinə vurmuş, sonradan idarəetməni itirdiyindən yaxınlıqdakı şəhər sakini İlham Musayevə məxsus ərzaq məhsulları mağazasının vitrin şüşəsinə də çırpılaraq onu sındırmışdır.

O.M.