Qarabağ separatçılarının cinayət işləri üzrə aparılan istintaq tədbirləri davam etdirilir

Qarabağ separatçılarının cinayət işləri üzrə aparılan istintaq tədbirləri davam etdirilir

22 Fevral 2012 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı elan olunmamış müharibə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar Respublika Hərbi Prokurorluğunda istintaq olunan cinayət işləri ilə əlaqədar brifinq keçirilib. Brifinqdə çıxış edən Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehman Poladov bildirib ki, ötən əsrin 80-ci illərin ikinci yarısında təcavüzkar erməni millətçilərinin Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların kütləvi şəkildə qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası, şəhər və kəndlərimizin, maddi-mədəniyyət abidələrimizin dağıdılması, milli genefondumuzun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnib. 1991-1992-ci illərdə Xocalıda və digər yaşayış məntəqələrində soyqırımı törədilib, Şuşa şəhəri və başqa çoxsaylı yaşayış məntəqələri işğal edilib, bununla da həmin ərazilərdə etnik təmizləmə əməliyyatları həyata keçirilib. Eyni zamanda, dövlət terrorizmi və genosid siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

M.Poladov qeyd edib ki, Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülüb və şikəst edilib. Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətlərin istintaq edilməsinin və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Baş prokurorun 2005-ci il 5 may tarixli qərarına əsasən cinayət işlərinə prosessual rəhbərliyin həyata keçirilməsi Azərbaycan Respublikası hərbi prokuroruna həvalə edilib. Sülh və insanlıq əleyhinə törədilmiş başqa ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 2009-cu il 30 mart tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsi yaradılıb. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən bu qəbildən olan işlərin icraatı təzələnməklə istintaqın başa çatdırılması, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz istintaq işləri aparılır.

O.M.