MTN və DİN tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir qrup paytaxt sakini həbs olundu

MTN və DİN tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir qrup paytaxt sakini həbs olundu

21 Fevral 2012 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayı Natiq Kərimov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı kəndlərinin, xüsusilə də Nardaranın bir qrup sakini həbs olunub. Onlar ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

N.Kərimov deyib ki, onlara indiyə qədər saxlanılan 20 nəfərin adı məlumdur: "Bu şəxslərin çoxu bizim qohumumuz və yaxın adamımızdır".
N.Kərimovun bildirdiyinə görə, saxlanılanlar arasında qardaşı Niyazi Kərimov, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov, dini məqalələrlə çıxış edən Əbülfəz Bünyadov, "Fars" xəbər agentliyinin və İranın "Səhər" telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı, "Səhər" telekanalının sürücüsü Ramil Dadaşov, Azərbaycanda terror hazırlamaqda ittiham edilən və axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğlu Əli Məmmədov da var. N.Kərimov bu şəxslərə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini bildirib.
Hadisə ilə bağlı Azərbaycan rəsmi qurumlarının hələlik açıqlaması olmayıb.
Qeyd edək ki, bu gün "Fars" xəbər agentliyinin və İranın "Səhər" telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlının vəkili Anar Qasımov onunla görüşüb. Anar Qasımovun verdiyi məlumata görə, A.Bayramlı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır: "Özünü ona qarşı sürülən ittiham üzrə təqsirli bilmir".
Xatırladaq ki, A.Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılarkən onun üzərindən narkotik vasitə götürülüb.

O.M.