Azərbaycanda 20 fevralın kriminal xronikası

Azərbaycanda 20 fevralın kriminal xronikası

21 Fevral 2012 11:59
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 66 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdır.

14 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Ağdam rayonunun Mirəşelli kənd sakini Sərhad Abbasova odlu silahdan açılan atəşlə xəsarət yetirmiş Kamil Məmmədov tutulmuşdur

20.02.2012

Fevralın 20-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində kənd sakini Kamil Məmmədov münaqişə zəminində odlu silahdan atəş açaraq Əhmədağalı kənd sakini Sərhad Abbasova xəsarət yetirib, hadisə yerindən qaçmışdır. S.Abbasov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Məmmədov tutulmuş və ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.02.2012

Fevralın 20-də saat 19.10 radələrində Bakının Nizami rayonu ərazisində Ağsu rayon sakini Aydın Abdullayevin idarə etdiyi "Daewoo" markalı xətt avtobusu, Bakı şəhər sakinləri Sənan Bayramovun və Mübariz Abdullayevin idarə etdikləri "Mercedes" markalı avtomaşınlar toqquşmuş, sonradan avtobus aşmışdır. Nəticədə avtobusda olan sərnişin Bakı şəhər sakini İncilə Ağayeva hadisə yerində ölmüş, xəsarət almış digər 14 nəfər sərnişin xəstəxanaya yerləşdirilmişlər. Onlardan üç nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Bakı şəhərinin Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.02.2012

Fevralın 20-də saat 19.30 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Nadir Müşkürov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.02.2012

Fevralın 20-də saat 14.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Firudin Nəcəfov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.02.2012

Fevralın 20-də saat 12.45 radələrində İsmayıllı rayonu ərazisində Sumqayıt şəhər sakini Mehman Abdullayev "Hyundai" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Gülalı Babayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Gəncə şəhər sakini Qənifə Hüseynovaya məxsus evdə yanğın baş vermişdir

20.02.2012

Fevralın 20-də saat 11.30 radələrində Gəncə şəhər sakini Qənifə Hüseynovaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin döşəməsi yanmış, Q.Hüseynovanın yanıq xəsarəti almış oğlu Elməddin xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Abşeron rayonunun Saray qəsəbə sakini Rövşən Kərimova məxsus qarajda yanğın baş vermişdi

20.02.2012

Fevralın 20-də saat 14.35 radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Rövşən Kərimova məxsus qarajda yanğın baş vermişdir. Nəticədə qarajın və oradakı "Hyundai" markalı avtomaşının yanar konstruksiyaları yanmışdır.

Bakı şəhər sakini Səadət Babayeva qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır

20.02.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səadət Babayeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.

Oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Tapdıq Süleymanov saxlanılmışdır

20.02.2012

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Ərəbcəbirli kəndi ərazisindən keçən "Aztelekom" İB-nin Telekommunikasiya Qovşağına məxsus 14 metr uzunluğunda borunu kəsərək oğurlamış rayon sakini Tapdıq Süleymanov saxlanılmışdır.

Oğurluq etmiş Gədəbəy rayon Novo Saratovka kənd sakini Anna Baqdanova saxlanılmışdır

20.02.2012

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Mariya Korobovanın evindən oğurluq etmiş Novo Saratovka kənd sakini Anna Baqdanova saxlanılmışdır.

Ordubad şəhər sakini Rövşən Məmmədov tapdığı odlu silahı və vasitələrini təhvil vermişdir

20.02.2012

Ordubad şəhər sakini Rövşən Məmmədov tapdığı 1 ədəd "AKM" markalı avtomatı, 5 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Gürcüstan vətəndaşı Emiliya Seyidova dərmandan zəhərlənmişdir

20.02.2012

Fevralın 20-də Gəncə şəhər sakini Aişəfatma Əliyevanın evindən Gürcüstan vətəndaşı qohumu Emiliya Seyidova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.02.2012

Fevralın 19-da saat 14.35 radələrində Goranboy rayonu ərazisində rayon sakini Mustafa Alıyev "Ford" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurmuşdur. Xəsarət almış M.Alıyev və sərnişinləri arvadı Südabə və Ceyhun Cəfərli xəstəxanaya yerləşdirilmişlər.

Qaradağ rayonunun Puta qəsəbə sakini Elşən Əliyev bədbəxt hadisə nəticəsində ölmüşdür

20.02.2012

Fevralın 20-də Qaradağ rayonunun Puta qəsəbə sakini 10 yaşlı Elşən Əliyev evdə zivənin ipi ilə oynayarkən ipin boğazına dolaşması nəticəsində ölmüşdür.

O.M.