Gəncədə ata yeganə oğlunu qətlə yetirdi

Gəncədə ata yeganə oğlunu qətlə yetirdi

17 Fevral 2012 13:24
Bəyəndim (0) Bəyənmədim (0)
Mərhum nişanlı bacısının toy günü onu və gələcək yeznəsini öldürməyə hazırlaşırdı

Təqsirləndirilən şəxs: "Oğlumu öldürəcəyimi qətiləşdirsəm də, onun gözlərinə baxa-baxa atəş açmaq istəmədim. Ona görə də yorğanı üzünə çəkməsini tələb etdim. Surac yorğanı sağ əli ilə sifətinə çəkdi. Yaxınlaşıb tüfəngi onun ürək nahiyəsinə tuşladım. Təxminən 20-25 santimetr məsafədən yorğanın üstündən ona atəş açdım".

GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində doğma övladını qətlə yetirməkdə ittiham olunan Gəncə şəhər sakini Nəcəfov Kamal Camal oğlunun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Kamal Nəcəfovun oğlu Surac Nəcəfov mütəmadi olaraq ailə üzvlərini nalayiq söyüşlərlə təhqir edib, valideynlərindən pul tələb edərək, aldığı pulları spirtli içkilərə xərcləyib. Bu azmış kimi, bacısı Günel Nəcəfovanın faktiki nişanlısı olan xalası oğlu Seymur İmamquliyevə ərə getməsinə razı olmamağını bildirib. Adları çəkilən şəxslər nikaha girəcəkləri halda hər ikisini öldürəcəyi ilə hədələyib. Nişanın qaytarılmasını tələb etməsi səbəbindən ata-oğul arasında dəfələrlə mübahisə düşüb. Kamal Nəcəfov onu inadından döndərməyə çalışsa da, oğul atanın dediklərinə məhəl qoymayıb.

Oğlunu yenə də dilə tutub yola gətirməyə çalışan ata yaşadığı ünvana - Gəncə şəhəri, İbrahim Əliyev küçəsinə gəlib. Ata-oğul arasında yaranan mübahisə bu dəfə qansız ötüşməyib. Mübahisə zamanı Surac atasının ünvanına xoşagəlməz sözlər söyləyərək onu təhqir edib. Artıq oğlunun əlindən təngə gələn Kamal Nəcəfov evdə saxladığı ov tüfəngindən oğlunun ürək nahiyəsinə iki dəfə atəş açaraq onu qətlə yetirib. Bundan sonra Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə gələrək törətdiyi ağır cinayət hadisəsini etiraf edib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Nəcəfov Kamal Camal oğlu - 1968-ci ildə Göygöl rayonun Çaylı kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Gəncə şəhəri, İbrahim Əliyev küçəsində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Oğlum uşaq vaxtından əsəbi idi"

Təqsirləndirilən şəxs qismində dindirilən Kamal Nəcəfov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "1988-ci ildə Əntiqə Nəcəfova ilə ailə qurmuşam. Birgə nikahdan üç uşağımız olub. Hadisədən təqribən bir il əvvəl Gəncə şəhərinin yaxınlığında yerləşən, Göygöl rayon sakini İsmayıl Yusubova məxsus fermer təsərrüfatında fəhlə işləmişəm. Arvadım və iki qızımla fermer təsərrüfatındakı evdə yaşayırdım. Oğlum Surac anadan normal doğulsa da, kiçik yaşlarında tez-tez xəstələnirdi. Uşaq vaxtlarından əsəbi, valideynə söz qaytaran, öyüd-nəsihətə qulaq asmayan bir övlad idi. Təhsil aldığı Gəncə şəhər 14 saylı orta məktəbdə dərsə davamiyyəti yaxşı deyildi. Tez-tez davranış qaydalarını pozduğundan 11-ci sinifdə dərsə buraxılmamış, məktəbdən xaric edilmişdi. Bu səbəbdən də ona orta təhsil haqqında attestat verilməmişdi.

"Tez-tez evdə dava salırdı"

Surac 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyun ayınadək Naxçıvan MR ərazisində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra heç bir işlə məşğul olmaq istəmirdi, spirtli içkilərə qurşanmışdı. Demək olar ki, hər gün məndən, ana-bacılarından pul tələb edirdi. Özüm fəhləlik etməklə Suracın istəklərini yerinə yetirməyə çalışırdım. Lakin bəzən buna imkanım olmurdu. Ona görə də Surac tez-tez evdə dava salır, bacıları Günayla Güneli qonşulardan onun üçün borc pul almağa məcbur edirdi.

"Qızımdan nişanını qaytarmağı tələb edirdi"

Oğlum hərbi xidmətdə olarkən böyük qızım Günel bizim razılığımızla öz xalası oğlu Seymur İmamquliyevlə nişanlanmışdı. Son vaxtlar Surac heç bir səbəb olmadan Güneldən nişanını qaytarmağı tələb edirdi. Nişanın qaytarılmayacağı təqdirdə toyun baş tutmasına imkan verməyəcəyini, hər ikisini öldürəcəyini bildirirdi. Suracın dava-dalaş salmamağı üçün 2009-cu ilin sentyabr ayında onu Gəncə şəhər sakini Pərvanə Əhmədova ilə nişanladım. Bundan sonra oğlumun özünü sakit aparacağına ümid edirdim. Lakin Surac yenə də hamının yanında nalayiq söyüşlərlə məni təhqir edir, öz bacılarını və anasını söyürdü.

"Toya qan salacağını deyirdi"

Surac fiziki cəhətdən məndən güclü olduğu üçün onu tənbeh edə bilmirdim. Məhz bu səbəbdən məcburiyyət qarşısında arvadımı və qızlarımı işlədiyim fermer təsərrüfatına aparmışdım. Orada mənimlə bir yerdə yaşayırdılar. Surac isə Gəncədəki evdə tək qalırdı, iki-üç gündən bir gah mən, gah da arvadımla qızlarım ona yemək aparırdıq. Günelin toyu 15 dekabr 2009-cu il tarixə təyin olunmuşdu. Bunu eşidən Surac özünə düyməli bıçaq alıb üstündə gəzdirərək tez-tez "mənim bu toyla bağlı öz planlarım var" deyib, toya qan salacağına, bəylə gəlini öldürəcəyinə işarə edir, bizi qorxudurdu.

"Oğluma öyüd-nəsihət verdim"

Dekabr ayının 6-da səhər tezdən 50 qram araq içdim, saat təqribən 11:00 radələrində fermadan Gəncəyə - evimizə gəldim. Oğlum Surac evdə oturub televizora baxırdı. Onun qabağında bir şüşə araq var idi. Şüşədəki araqdan təxminən yüz qram içdiyi görünürdü. Ancaq sərxoş deyildi. Bir müddət əvvəl aldığı düyməli bıçaq da stolun üstünə idi. Ona öyüd-nəsihət verib, bacısı Günelin toyunun keçirilməsinə maneçilik etməməsini xahiş etdim. Lakin Surac yenə də bu işə razı olmayacağını və bu işlə bağlı özünün planlarının olduğunu bildirdi. Axşam yenə gələcəyimi və bu barədə yenə də onunla söhbət edəcəyimi deyib evdən çıxdım. Qonşuluqda yaşayan qardaşım Zakirgilə getdim, bir az onlarda oturduqdan sonra işlədiyim fermer təsərrüfatına yollandım.

"Babamın mənə yadigar verdiyi silahı çıxartdım"

Arvadımın və qızlarımın qardaşımgilə getdiklərini müəyyənləşdirib, yenidən təkbaşına öz evimə gəldim. Oğlumun yenə də televizora baxdığını gördüm. Suraca yalvardım, onu qucaqlayıb öpdüm, Günelin toyunun keçirilməsinə razılıq verməsini xahiş etdim. Amma Surac oturduğu yerdən ayağa qalxıb məni itələdi, "çıx cəhənnəm ol, get bu evdən",- dedi və söyüş söyməyə başladı. Onun bu hərəkətlərindən bərk əsəbiləşmişdim, nə edəcəyimi bilmirdim. Evdən çıxıb babam Həsənin mənə yadigar verdiyi və özümə məxsus, evin zirzəmisində saxladığım qoşalülə ov silahını qazıb basdırdığım yerdən çıxartdım, silahın sol lüləsinə bir ədəd patron qoydum, iki ədəd patronu isə yanımda götürüb Surac olan otağa qayıtdım. Tüfəngin sağ çaxmağı işləmədiyindən sağ tərəfdəki lülə atəş üçün yararsız idi.

"Tüfəngi ürək nahiyəsinə tuşladım"

Əlimdə tüfəng otağa daxil olub Suracdan nə üçün qızımın taleyi ilə oynadığını soruşdum. Surac isə əlləri cibində oturduğu yerdən ayağa qalxaraq, "yaxşı edirəm" deyib, ortalıqda özündən razı halda gəzişdi. Oğlumun bu cavabı məni daha da əsəbiləşdirdi. Ondan çarpayıya uzanmasını tələb etdim. Surac əl hərəkətləri ilə məni rədd etdikdə, ölənlərimin ruhuna and içib, əgər çarpayıya uzanmazsa, onu vuracağımı dedim və tüfəngin çaxmağını çəkdiyimi göstərdim. Surac əsəbi olduğumu görüb paltarlı vəziyyətdə arxası üstə çarpayının üstünə uzandı. Onu öldürəcəyimi qətiləşdirsəm də, gözlərinə baxa-baxa atəş açmaq istəmədim. Ondan yorğanı üstünə çəkməsini tələb etdim. Surac yorğanı sağ əli ilə sifətinə çəkdi. Yaxınlaşıb tüfəngi ürək nahiyəsinə tuşladım. Təxminən 20-25 santimetr məsafədən yorğanın üstündən ona atəş açdım. Atəş açılan an Surac yorğanın altında tərpənən kimi olsa da, səsi çıxmadı, hərəkətsiz qaldı.

"İkinci dəfə atəş açdım"

Əsəblərim soyumamışdı. İkinci patronu taxdım və ikinci dəfə Suracın ürək nahiyəsinə atəş açdım. Oğlumun artıq öldüyünü yəqin edib tüfəngin lüləsindəki boş patronu çıxartdım. Patronları tüfənglə birlikdə divanın üstünə tulladım. Suraca baxmadan evdən çıxdım. Qardaşım Zakirə zəng edib, Suracı öldürdüyümü və məlumat vermək üçün polisə getdiyimi dedim. Bundan sonra taksiyə minib Gəncə şəhər Nizami rayon polis şöbəsinə getdim və törətdiyim cinayət hadisəsi barədə məlumat verdim".

Təqsirləndirilən Kamal Nəcəfov daha sonra ifadəsində cinayət hadisəsini oğlunun qanunsuz hərəkətlərinə dözə bilmədiyi və ailəsinin gələcəyini xilas edəcəyini düşündüyü üçün əsəbi vəziyyətdə törətməsini göstərib. O, tutduğu əməldən peşman olduğunu deyib.

"Ər-arvad fəhləlik edib Suracın istəklərini yerinə yetirməyə çalışırdıq"

Zərərçəkmiş şəxs qismində dindirilən Əntiqə Nəcəfova ifadəsində mərhum oğlu Surac Nəcəfovun anadan kəllə-beyin travması ilə doğulduğunu, uşaq vaxtlarından əsəbi, valideynlərin sözünə baxmayan, öyüd-nəsihətə qulaq asmayan bir uşaq kimi böyüməsini göstərib: "Zəif oxuyurdu, məktəbdə tez-tez davranış qaydalarını pozurdu. Suracı həkimə aparmaq istəsək də, bundan imtina edirdi. Hərbi xidmətdən qayıtdıqdan sonra heç bir yerdə işləmirdi, spirtli içkiyə qurşanmışdı, bizdən tez-tez pul tələb edirdi, vermədikdə dava-dalaş salırdı. Ər-arvad fəhləlik edib Suracın istəklərini yerinə yetirməyə çalışırdıq.

"Oğlumu nişanladıq"

Oğlum bizimlə kobud davranır, söz qaytarır, bacıları Günayla Güneli qonşulardan borc pul almağa vadar edirdi. Heç bir səbəb olmadan bacısı Günelin nişanının qaytarılmasını tələb edirdi. Ərim Kamalı, məni və bacılarını nalayiq söyüşlərlə təhqir edir, öyüd-nəsihətə məhəl qoymur, evdə olan qab-qacağı sındırırdı. Nişan qaytarılmayacağı təqdirdə toya qan salacağını deyirdi. Onu sakitləşdirmək məqsədi ilə 2009-cu ilin sentyabr ayında Gəncə şəhər sakini Pərvanə Əhmədova ilə nişanladıq. Təxminən 20 gün özünü sakit aparsa da, sonradan yenə də öz hərəkətlərini davam etdirirdi. Əmisi Zakirin və nənəsi Həyatın öyüd-nəsihətinə də əməl etmirdi.

Surac istisna olunmaqla hamımız fermer təsərrüfatında yaşayırdıq. Surac isə Gəncədəki evdə tək yaşayır, iki-üç gündən bir ona yemək aparırdıq.

"Oğlumu yola gətirmək üçün onun yanına getdi"

Hadisədən təxminən 5-6 gün əvvəl qızım Günelin toyunu dekabr ayının 15-nə təyin etmişdik. Bunu eşidən Surac özünə "knopkalı" bıçaq alıb üstündə gəzdirməyə başlamışdı. Bizi qorxudur, Güneli, ya da Seymuru öldürəcəyinə işarə edirdi.

Dekabr ayının 6-da Kamal fermadan çıxıb Suracla görüşmək, Günelin toyu ilə əlaqədar narahatçılığı həll etmək üçün Gəncəyə getdi. Getməzdən əvvəl Kamal Suracı qucaqlayıb öpəcəyini, toya razı salmağa çalışacağını dedi. Günorta saatlarında Kamal fermer təsərrüfatına qayıtmadığından, qızlarım Günel və Günayla birlikdə Gəncə şəhərinə qayınanamgilə getdik. Qayınanamgildə olarkən Kamal zəng vurub qardaşı Zakirlə danışdı, ona nə isə qorxulu məlumat verdi. Zakir həyəcanlı vəziyyətdə Kamalın Suracı öldürməsini, gedib polisə təslim olacağını dedi. Tez qayınanam Həyatgillə bir küçədə, qonşuluqda yerləşən evimizə getdim. Həmin vaxt hadisə yerində polis əməkdaşları vardı.

Heç vaxt Kamalda tüfəng və ya patron olmasını görməmişəm. Bu barədə məlumatım olmayıb. Kamalın Suracı öldürməklə hədələməsini görməmişəm. Kamalı qayğıkeş valideyn, xasiyyətcə mülayim, əməksevər bir adam kimi tanımışam, davranışında qeyri-adi heç bir hərəkət görməmişəm. Kamala qarşı şikayətim və tələbim yoxdur".

QEYD: Məhkəmənin hökmü ilə Kamal Nəcəfov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.