Azərbaycanda 14 fevralın kriminal xronikası

Azərbaycanda 14 fevralın kriminal xronikası

15 Fevral 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 36-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 3 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Şəmkir rayon sakini Elxan İbrahimova yetirdiyi bıçaq xəsarətləri ilə ölümünə səbəb olmuş Xəqani Əsgərov tutulmuşdur

14.02.2012

Fevralın 14-də Şəmkir rayonunun Posanlı qəsəbəsi ərazisindən rayon sakini Elxan İbrahimov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Xəqani Əsgərov tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.02.2012

Fevralın 13-də saat 23.30 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Saatlı rayon sakini Salman Cumalıyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nərimanov rayonu ərazisində yaşayan ruhi xəstə Qəmər Qasımova evdən çıxmış və geri qayıtmamışdır

14.02.2012

Fevralın 14-da Nərimanov rayonu ərazisində yaşayan ruhi xəstə Qəmər Qasımova evdən çıxmış, geri qayıtmamışdır. Axtarışı Nərimanov RPİ aparır.

Saatlı rayonunun Heydərabad kənd sakini Füzuli Cəfərova məxsus evdə yanğın baş vermişdir

14.02.2012

Fevralın 14-də saat 10.30 radələrində Saatlı rayonunun Heydərabad kəndində kənd sakini Füzuli Cəfərova məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmış, ev sahibinin arvadı Zülfiyyə, uşaqları Nurlan və Mürəstə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Mobil telefon oğurlamış Suraxanı rayon sakini Anar Məmmədrzayev saxlanılmışdır

14.02.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Orxan Sadıqova məxsus mobil telefonu oğurlamış Suraxanı rayon sakini Anar Məmmədrzayev saxlanılmışdır.

Naxçıvan şəhər sakini Raman Qafarovun qumar oyunları təşkil etməsi müəyyən edilmişdir

14.02.2012

Nərimanov RPİ əməkdaşları tərəfindən fevralın 14-də rayon ərazisindəki "Ağalar" Çay Evində Naxçıvan şəhər sakini Raman Qafarovun qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.

Mobil telefon oğurlamış Bakı şəhər sakini Elmin Qasımov tutulmuşdur

14.02.2012

Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Sakit Kazımova məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Elmin Qasımov tutulmuşdur.

Oğurluq etdiklərinə görə saxlanılmış Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyevin digər cinayət əməlləri müəyyən edilmişdir

14.02.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundan kompüter dəstini oğurlamış Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyev tutulmuşlar. E.Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Sara İbrahimovaya və Növrəstə Şahverdiyevaya məxsus köşklərdən, habelə, 2011-ci ilin iyun ayından cari ilin fevral ayının 13-dək olan müddət ərzində Nazir İbrahimova, Pərviz Əhmədova, Vasif Abbasova məxsus evlərdən məişət və qızıl əşyası, 27 ədəd göyərçin, Arif Şirəliyevə məxsus emalatxanadan isə elektrik cihazları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Haldun Səfərəliyev tutulmuşdur

14.02.2012

Nizami (Bakı) RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini Füzuli Səlimova məxsus mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə 267 manat pul oğurlamış şəhər sakini Haldun Səfərəliyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Elçin Əliyev tutulmuşdur

14.02.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Rafiq Dəşkirinin evindən 1 ədəd noutbuk oğurlamış Xırdalan şəhər sakini Elçin Əliyev tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Nizami Əliyev və Tural Əsədov saxlanılmışlar

14.02.2012

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Rabil Abdullayevi bıçaqla hədələyib pul verməsini tələb etmiş Gəncə şəhər sakinləri Nizami Əliyev və Tural Əsədov saxlanılmışlar.

Ağsu rayon ərazisindən silah-sursat tapılmışdır

14.02.2012

Ağsu RPŞ-nin əməkdaşları rayon ərazisindən 2 ədəd "AKM" markalı avtomat, 1 ədəd "TOZ-8" tüfəngi, 3 ədəd qumbara, 1 ədəd mərmi, 605 ədəd müxtəlif çaplı patron və 3 ədəd patron darağı tapmışlar.

Rəsmi qeydiyyatdan keçməyən dini icmanın təşkil etdiyi yığıncağın qarşısı alınmışdır

14.02.2012

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən fevralın 13-də Sumqayıt şəhər sakini Fazil Allahverdiyevə məxsus mebel sexində onun və Elmlər Akademiyasının elmi işçisi, Bakı şəhər sakini Əlimədət Kazımovun rəsmi qeydiyyatdan keçmədən 10 nəfərlə dini yığıncaq təşkil etmələri müəyyən edilmişdir. Onlar Sumqayıt ŞPİ 4-cü PB-nə gətirilmişlər. Onlardan 10 nəfərinə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmış, F.Allahverdiyev, Ə.Kazımov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 299-cu (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə sənədləşdirmə aparılmış və tədbir görülməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir.

Yol-nəqliyyat hadisəsi törətmiş Sumqayıt şəhər sakini Salman Zeynalov saxlanılmışdır

14.02.2012

Fevralın 12-də saat 20.10 radələrində Sumqayıt şəhəri sakini Mehriban Mirzəliyeva kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Araşdırmalar zamanı onun Sumqayıt şəhər sakini Salman Zeynalovun idarə etdiyi "Mercedes" markalı avtomaşın tərəfindən vurulması müəyyən edilmişdir. Sürücü saxlanılmışdır.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

14.02.2012

Fevralın 14-də Sumqayıt şəhər sakini Afaq Abdullayeva və İranə Əliyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Zaqatala rayon sakini Şahzadə Ramazanova dəm qazından zəhərlənərək ölmüşdür

14.02.2012

Fevralın 14-də Zaqatala rayonunun Kebeloba kənd sakini Şahzadə Ramazanova dəm qazından zəhərlənərək ölmüşdür.

Lənkəran şəhər sakini Rahil Rəhmanov su kanalına düşərək boğulmuşdur

14.02.2012

Fevralın 14-də Lənkəran rayonunun Viravul kəndinin ərazisində kənd sakini Rahil Rəhmanov su kanalına düşərək boğulmuşdur.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir

14.02.2012

Fevralın 14-də saat 02.00 radələrində Bakının Nizami rayonu ərazisində Naxçıvan şəhər sakini Pərviz Əliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Vəlixan Hacıyevin idarə etdiyi "Hyundai Tucson" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış V.Hacıyev və sərnişinləri - arvadı Aygün, oğlu - 5 yaşlı Abutalıb xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Ən etibarlı sığorta ehtiyatlı olmaqdır...

Murad Şahməmmədov

O.M.