Azərbaycanda 09 fevralın kriminal xronikası

Azərbaycanda 09 fevralın kriminal xronikası

10 Fevral 2012 12:13
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Xətai rayon sakini S.Quliyevə məxsus evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

09.02.2012

Fevralın 9-da saat 21.00 radələrində Xətai rayonu ərazisində yaşayan Sərrah Quliyevə məxsus evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin konstruksiyalarına ziyan dəymiş, xəsarət almış ev sahibi isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

"Dəm" çay evində qumar oyunu təşkil edilməsi aşkar olunmuşdur

09.02.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Təhqiqat Şöbəsi əməkdaşları tərəfindən fevralın 8-də "Dəm" çay evində qumar oyunu təşkil edilməsi aşkar olunmuşdur. Araşdırmalar zamanı çay evinin Naib Hüseynova məxsus olması müəyyən edilmişdir.

Ötən il noyabrın 3-də Bakı şəhər sakini M.Qasımovun evindən pul və mobil telefon oğurlamış Masallı rayon sakini R.Muxtarov tutulmuşdur

09.02.2012

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 3-də Mirzə Qasımovun evindən 690 manat pul və 2 ədəd mobil telefon oğurlamış Masallı rayon sakini Rafiq Muxtarov tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş N.Dadaşovun Z.Çobanzadəyə məxsus çantadan pul və şəxsi sənədləri oğurlaması da müəyyən edilmişdir

09.02.2012

Oğurluq etdiyinə görə yanvarın 23-də Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən tutulmuş Nəriman Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Zərifə Çobanzadəyə məxsus çantadan 3040 manat pul və şəxsi sənədləri oğurlaması da müəyyən edilmişdir.

Fevralın 2-də Sumqayıt şəhər sakini E.Əliyevə məxsus mağazadan oğurluq etmiş E.Orduxanov tutulmuşdur

09.02.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Eldar Əliyevə məxsus mağazadan məişət əşyaları oğurlamış H.Z.Tağıyev qəsəbə sakini Eldəniz Orduxanov tutulmuşdur.

Gəncə şəhər sakini M.Hüseynova məxsus avtomaşının Gülüstan qəsəbə sakini N.Qədirli tərəfindən qaçırılması müəyyən edilmişdir

09.02.2012

Fevralın 9-da saat 03.00 radələrində Gəncə şəhəri ərazisində "VAZ-2106" markalı avtomaşının sürücüsü yol-hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının apardıqları araşdırmalar zamanı avtomaşının şəhər sakini Maqsud Hüseynova məxsus olması və onun fevralın 9-na keçən gecə Gülüstan qəsəbə sakini, sərxoş halda olan Nihal Qədirli tərəfindən qaçırılması müəyyən edilmişdir.

Qəbələdə 80 metr uzunluğunda rabitə kabelini dirəklərdən kəsərək oğurlamış rayon sakini A.Pircaari tutulmuşdur

09.02.2012

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da "Aztelekom" İstehsalat Birliyi Qəbələ rayon Telekommunikasiya Qovşağına məxsus 80 metr uzunluğunda rabitə kabelini dirəklərdən kəsərək oğurlamış rayon sakini Alik Pircaari tutulmuşdur.

Fevralın 8-də Qəbələ rayon Bələdiyyəsinə məxsus avtomaşınlardan təkər və ehtiyat hissələrini sökərək oğurlamış 3 rayon sakini tutulmuşdur

09.02.2012

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də Rayon Bələdiyyəsinə məxsus "QAZ-53" markalı və "ZİL -130" markalı avtomaşınlardan 2 ədəd təkər və ehtiyat hissələrini sökərək oğurlamış rayon sakinləri Şəhriyar Soltanov, Elnur Eyyubov və Elvin Ağamoğlanov tutulmuşlar.

Şəmkir rayonu ərazisində silah-sursat tapılmışdır

09.02.2012

Şəmkir RPŞ əməkdaşları tərəfindən rayonun Kür qəsəbəsi ərazisində 1 ədəd "AKS" avtomat silahı, 1 ədəd patron darağı və 45 ədəd müxtəlif çaplı patronlar tapılmışdır.

8 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

09.02.2012

Fevralın 9-da Suraxanı rayonu ərazisində yaşayanlar Nübar Tağıyeva, qızı - Əfsanə və oğlu - Emil, Sumqayıt şəhər sakinləri Kübra İsayeva, Abşeron rayon sakinləri Rufanə Axundzadə, İlyas Atayev, Elşad Qələndərov və Elşad Qələndərov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Sumqayıt şəhər sakini S.Qasımov donvurma nəticəsində ölmüşdür

09.02.2012

Fevralın 9-da Sumqayıt şəhər sakini, tüfeyli həyat tərzi keçirən Saleh Qasımov donvurma ilə xəstəxanaya gətirilmiş və fevralın 10-da orada ölmüşdür.

O.M.