Azərbaycanda 08 fevralın kriminal xronikası

Azərbaycanda 08 fevralın kriminal xronikası

9 Fevral 2012 10:54
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Masallı rayonunun Məmmədxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.02.2012

Fevralın 8-də saat 01.00 radələrində Masallı rayonunun Məmmədxanlı kəndi ərazisində rayon sakini İlqar İmanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu kanala aşırmışdır. Nəticədə sürücü boğulmuşdur.

Bərdə rayonunun Boyəhmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.02.2012

Fevralın 8-də saat 20.00 radələrində Bərdə rayonunun Boyəhmədli kəndi ərazisində Tovuz rayon sakini Şükür Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Ədalət Əhmədov və Vaqif Vəliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Nizami rayonu ərazisində 40-45 yaşlı kişinin don vurmuş meyiti tapılmışdır

08.02.2012

Fevralın 8-də saat 10.00 radələrində Bakının Nizami rayonu ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişinin don vurmuş meyiti tapılmışdır.

Masallı rayonunun Qızılağac kənd sakini Elşən Abbasova məxsus fermer təsərrüfatının yardımçı otağında yanğın baş vermişdir

08.02.2012

Fevralın 8-də saat 07.30 radələrində Masallı rayonunun Qızılağac kəndi ərazisində kənd sakini Elşən Abbasova məxsus fermer təsərrüfatının yardımçı otağında yanğın baş vermişdir. Nəticədə bütövlükdə yardımçı otağın yanar konstruksiyaları yanmış, orada çoban işləyən Astara rayon sakini Əhəd Əhədovun azyaşlı uşaqları Sadiq və Xatirə yanaraq ölmüşlər.

Sumqayıt şəhər sakini Elçin Səfərov odlu silah satarkən tutulmuşdur

08.02.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Səfərov 1 ədəd "Kalaşnikov" tipli əl pulemyotunu, 10 ədəd patronu və 1 ədəd patron darağını 1200 manata satarkən tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüsal Sadayev tutulmuşdur

08.02.2012

Baş Mühafizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Samir Hacıyevə məxsus mağazadan oğurluq etmiş Şamaxı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Sadayev tutulmuşdur.

Avtomaşın qaçırmış qrupun digər üzvləri Bakı şəhər sakinləri Elçin Qafarlı və Orxan Vəliyev saxlanılmışlar

08.02.2012

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Mehman Quliyevə məxsus avtomaşından oğurluq etmiş və Zaur Ramazanova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış qrupun digər üzvləri Bakı şəhər sakinləri Elçin Qafarlı və Orxan Vəliyev saxlanılmışlar.

Oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Xəyyam Ramazanov və Vaqif Atakişiyevdən narkotik vasitələr götürülmüşdür

08.02.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 88 №-li xətt avtobusunda, Bakı şəhər sakini Xuraman Rzayevanın çantasından 43 manat pulu oğurlamış Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Ramazanov tutulmuş, ondan 1,154 qram heroin götürülmüşdür.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 1 №-li xətt avtobusunda, Bakı şəhər sakini Şəlalə Babayevanın çantasından 37 manat pulu oğurlamış Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Atakişiyev tutulmuş, ondan 1,080 qram heroin götürülmüşdür.

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Namiq Məhəmmədov tutulmuşdur

08.02.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Faiq Ömərovu bıçaqla hədələyərək, ondan 110 manat pul almış Bakı şəhər sakini Namiq Məhəmmədov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Aydın Tağızadə və Samir Həsənzadə tutulmuşlar

08.02.2012

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çingiz Novruzova məxsus mağazadan 300 manat pul və danışıq kartları oğurlamış Bakı şəhər sakinləri Aydın Tağızadə və Samir Həsənzadə tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Cəbrayıl Quliyevə və Süleyman Qaravəliyevə məxsus mağazalardan oğurluq etmələri də müəyyən edilmişdir.

Oğurluğa cəhd göstərilmiş Ağcabədi rayon sakinləri Mübariz Məmmədov və Zamiq Abbasov saxlanılmışlar

08.02.2012

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Rayon Qaz İstismarı İdarəsinə məxsus qaz borusunun 100 metrlik hissəsinin kəsilərək oğurlanılmasına cəhd göstərilmiş rayon sakinləri Mübariz Məmmədov və Zamiq Abbasov saxlanılmışlar.

Donvurma ilə xəstəxanaya gətirilmiş 50-55 yaşlı kişi orada ölmüşdür

08.02.2012

Fevralın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsindən koma halında 50-55 yaşlı kişi donvurma ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Zaqatala rayon sakini Samir Məmmədov ölmüşdür

08.02.2012

Fevralın 7-də saat 21.30 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində kənd sakini Adil Musayev "VAZ-21099" markalı avtomaşını idarə edərkən rayon sakini Samir Məmmədovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 8-də orada ölmüşdür.

Yasamal rayonu ərazisində yaşayan Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

08.02.2012

Fevralın 8-də saat 03.30 radələrində Yasamal rayonu ərazisində yaşayan Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə qapı və pəncərə şüşələri dağılmış, evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarətləri almış E.Şahbazov, bacısı - Gülnarə, oğlanları - Azər, Almaz, qohumları - Şəfiqə Şahbazova, Rəşadə Şahbazova, habelə qonşuları - Şamo Zamanov və Səadət Həsənova qızı xəstəxanaya yerləşdirilmişlər.

Qanun ona hörmət edənləri qoruyur...

Murad Şahməmmədov

O.M.