Azərbaycanda 07 fevralın kriminal xronikası

Azərbaycanda 07 fevralın kriminal xronikası

8 Fevral 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 58 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 8 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

1 nəfəri qətlə yetirməkdə, 1 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Hüseyn Dadaşov tutulmuşdur

07.02.2012

Fevralın 7-də Mingəçevir şəhərində yaşayan 12 yaşlı Pərvin Beydullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmış, bacısı 14 yaşlı Pərvanə isə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır. Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tamah məqsədilə törətmiş şəhər sakini Hüseyn Dadaşov tutulmuşdur.

Beyləqan rayon sakini İsmayıl Hümbətov ov tüfəngindən atəş açaraq qohumu Müqabil Əliyevə xəsarət yetirib hadisə yerindən qaçmışdır

07.02.2012

Fevralın 7-də Xətai rayonu ərazisində yaşayan Müqabil Əliyevin evinə gəlmiş qohumu, Beyləqan rayon sakini İsmayıl Hümbətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Müqabilə xəsarət yetirib hadisə yerindən qaçmışdır. M.Əliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xətai RPİ tərəfindən aparılır.

Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş vermişdir

07.02.2012

Fevralın 7-də Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyasının yaxınlığından 20-25 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmamışdır. İlkin əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ tərəfindən aparılır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sabit Mirzəyev xəstəxanada ölmüşdür

07.02.2012

Fevralın 6-da saat 23.00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Rəşad Hacıyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Kürdəmir rayon sakini Sergey Pənahova məxsus "KamAZ" markalı avtomaşına vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş "Jiquli"dəki sərnişin Sabit Mirzəyev fevralın 7-də orada ölmüşdür.

Keyfiyyətsiz 100 ton dəmir zolaqlar aşkar edilərək dövriyyədən çıxarılmışdır

07.02.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ziyafətxanım Şahbazovaya məxsus "Demka Metal" MMC-nin dəmir istehsalı sexində standartın tələblərinə cavab verməyən satış məqsədilə istehsal edilmiş, ekspertiza rəyinə görə keyfiyyətsiz 100 ton dəmir zolaqlar aşkar edilərək dövriyyədən çıxarılmışdır.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əyyub Əliyev və Rahil Mayılov tutulmuşlar

07.02.2012

Cari ilin yanvar ayının 13-də, 17-də və fevralın 2-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Firuddin Xəlifəquliyevə məxsus yeni tikilmiş evdən qıfılı sındırmaq yolu ilə 314 metr uzunluğunda elektrik naqili, 1 ədəd mobil telefon, 1 ədəd qol saatı, 180 cüt fəhlə əlcəyi və məişət əşyaları oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Əyyub Əliyev və Rahil Mayılov tutulmuşlar.

Oğurluq etmiş Bakı şəhər sakinləri Samir Həsənzadə və Aydın Tağızadə tutulmuşlar

07.02.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Hüseynova, Hafiz Şıxməmmədova və İsmixan Əbilova məxsus mağazalardan oğurluq etmiş Bakı şəhər sakinləri Samir Həsənzadə və Aydın Tağızadə tutulmuşlar.

Bakı şəhər sakini Müşfiq Əliyevdən tapança və vasitələri götürülmüşdür

07.02.2012

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Əliyevdən 1 ədəd "Makarov" markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.02.2012

Fevralın 7-də saat 02.30 radələrində Siyəzən rayonu ərazisində Tərtər rayon sakini Şəmsəddin Əsgərov "Opel" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə 2 nəfər sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Azad Abdullayev və Vasif Ağayev ölmüşlər

07.02.2012

Yanvarın 31-də saat 18.00 radələrində Qaradağ rayonu ərazisində Lənkəran şəhər sakini Azad Abdullayevin idarə etdiyi "Mercedes" və Masallı rayon sakini Rahim Musayevin idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Abdullayev və sərnişini Vasif Ağayev fevralın 7-də orada ölmüşlər.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

07.02.2012

Fevralın 7-də Sumqayıt şəhər sakinləri Əjdər Məmmədov, İdris Salahov, Kəmalə Qasımova və Elşən Fətullayev öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Qəribədir ki, şaxtalı havada həyat donsa da, kriminal hadisələr donmur...

Murad Şahməmmədov

O.M.