12 yaşlı uşağın başını kəsən Mingəçevir sakini tutuldu

12 yaşlı uşağın başını kəsən Mingəçevir sakini tutuldu

8 Fevral 2012 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir ŞPİ-nin məlumatına görə, dünən Mingəçevir şəhərində oğurluq məqsədilə girdiyi evdə bir məktəblini boğazını kəsərək qətlə yetirən, digərinə isə bıçaqla çoxlu sayda zərbələr endirən şəxs həbs olunub. Polis tərəfindən saxlanılan şəxs Mingəçevir şəhəri, Nizami küçəsi 10/37 saylı binanın 6-cı mənzilində yaşayan 1989-cu il təvəllüdlü Dadaşov Hüseyn Tariyel oğludur. Dünən axşam saatlarında baş verən hadisədən sonra hüquq-mühafizə orqanları isti izlərlə cinayətin üstünü açmağa müvəffəq olublar. Keçirilən əməliyyat nəticəsində dəhşətli qətli törədən şəxs saxlanaraq istintaqa təhvil verilib. Onun evə oğurluq məqsədilə girdiyi təsdiqlənib. İlkin araşdırma zamanı məlum olub ki, Hüseyn Dadaşov oğurluq məqsədilə girdiyi evlə kəsişən qonşu binada yaşayıb. Evə girən cinayətkar evə sahibəsinin məktəbli övladlarının onu tanıdığını anladıqdan sonra onları öldürərək cinayətin izlərini itirmək qərarına gəlib. Əvvəlcə 2000-ci il təvəllüdlü Beydullayev Pərvin Tahir oğlunun başını kəsib, daha sonra onun bacısı, 1998-ci il təvəllüdlü Beydullayeva Pərvanə Tahir qızına bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib. Hüseyn Dadaşov cinayəti törətdikdən sonra evdən bir mobil telefon və 7 AZN pul götürərək aradan çıxıb. Saxlanan şəxs haqqında Mingəçevir şəhər prokurorluğu tərəfindən qəsdən adamöldürmə, oğurluq və quldurluq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, orta məktəb şagirdləri olan hər iki yeniyetmə hadisə vaxtı evdə tək olublar. Axşam radələrində evə gələn uşaqların anası övladlarından birinin öldürüldüyünü, digərinin isə ağır yaralandığını görüb və dərhal polisə xəbər verib. Pərvanə Abdullayeva təcili olaraq xəstəxanaya çatdırılıb və Mingəçevir şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir. Yaralının vəziyyəti ağır-stabil olaraq qalmaqdadır. Qeyd edək ki, hadisə baş verən evin sahibi mərhum polkovnik Beydullayev Tahir hərbçi olub.

O.M.