Maşına görə iki oğul atasını öldürüb quyuya atdı

Maşına görə iki oğul atasını öldürüb quyuya atdı

7 Fevral 2012 16:31
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından-Anası hər iki oğlunu övladlıqdan sildi

Bakı Ağır Cinayətlər Məhkəməsində atalarını qətlə yetirməkdə və meyiti gizlətməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Sülhəddin və 1985-ci il təvəllüdlü Fəxrəddin Maniyev qardaşlarının məhkəmə istintaqı başa çatıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslərin atası Canbaxış Maniyev özünə "07" markalı avtomobil alıb. Avtomobil həvəskarı olan oğullar tez-tez atalarından gizlin maşını həyətdən götürərək idarə edir, ata bundan xəbər tutanda isə aralarında narazılıq, mübahisə yaranırdı. Bir sözlə, avtomobil həyətə daxil olan gündən ailə üzvləri arasında münaqişələr yaşanırdı. Bir qədər sonra isə oğullar daha böyük iddialara düşdülər. Atalarından avtomobilə dair etibarnamə verməsini tələb etdilər. Lakin övladlarının avtomobil idarə edə bilməməsini başa düşən ata onlara məsləhət gördü ki, əvvəlcə maşın sürməyi öyrənsinlər, sonra sürücülük vəsiqəsi əldə etsinlər. Yalnız bundan sonra onlara maşın etibar etmək barədə rəsmi qərar verə bilər. Atalarının bu qərarından qəzəblənən oğullar onu qətlə yetirməklə cəzalandırmaq, həm də avtomobilə sahib çıxmaq istəyiblər. Atalarını öldürəndən sonra buna nail olublar. Bir neçə ay atalarına məxsus avtomobili "doyunca" sağa-sola sürüblər. Ta ki, gizlətdikləri meyit təsadüfən həyətdəki istifadəsiz su quyusundan tapılana qədər.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilmiş qardaşlar eyniməzmunlu ifadə veriblər. Ona görə də onlardan yalnız birinin - Sülhəddin Maniyevin ifadəsini təqdim edirik. Müttəhimlər kürsüsündə əyləşən Sülhəddin Maniyev məhkəməyə verdiyi ifadəsində göstərib ki, 2006-cı ilin sentyabr ayında atası Babək prospektində yerləşən maşın bazarından "07" markalı avtomobil alana qədər ailələrində hər şey öz axarı ilə davam edirmiş: "Atam tez-tez Rusiyaya, orada alverlə məşğul olan qohumlarımızın yanına gedirdi. İki il əvvəl Rusiyadan pulla qayıtdı. Orada yaşayan qohumlarımızdan biri atama pul vermişdi ki, özünə maşın alsın. 2006-cı ilin sentyabr ayında atam maşın bazarından elə həmin ilin buraxılışı olan "07" markalı avtomobil aldı.

"ATAM MAŞINI SÜRMƏK ÜÇÜN BİZƏ VERMİRDİ"

Qardaşımla mən atamdan nə qədər xahiş etsək də, atam maşını sürmək üçün bizə vermirdi. Bir neçə ay atama yalvara-yalvara qaldıq. Bəhanə edirdi ki, sürücülük vəsiqəniz yoxdur. Qardaşımla mən eyni vaxtda sürücülük vəsiqəsi də aldıq. Bundan sonra isə atam bildirdi ki, sürücülük vəsiqəsi hələ maşın sürməyə tam əsas vermir. Çünki siz maşın sürməyi bacarmırsınız. Biz atamın bu hərəkətini ələ salmaq kimi qəbul etdik. 2007-ci ilin fevral ayının 5-i idi. Evə gəlib atamdan xahiş etdim ki, maşını bir-iki saatlığa versin, iş dalınca getməliyəm. Atam imtina etdi. Mən sürücülük vəsiqəsini ona göstərib soruşdum ki, əgər mənə maşın verməyəcəkdinsə, nəyə görə mənə vəsiqə aldırdın?

Bu vaxt qardaşım Fəxrəddin də qonşu otaqdan gəlib servantın üstündən sürücülük vəsiqəsini götürdü və atamın başına çırparaq, "tüpürüm sənin maşınına, mənə sürücülük vəsiqəsi lazım deyil. Maşın verməyəcəkdinsə nəyə görə məni xərcə salıb sürücülük vəsiqəsi aldırdın?" - dedi. Atam stulu götürüb qardaşımın başına çırpdı. Qardaşımla tutuşdular. Mən görəndə ki qardaşım atamın əlindən çıxa bilmir, stolun üstündəki ağır xrustal külqabını götürüb başının ortasına çırpdım. O, yerə yıxıldı. Mən dərhal külqabını kənara atıb atamın boğazından yapışdım və möhkəm sıxdım.

"PAPA ÖLÜB"

Atam hərəkətsiz qalana qədər sıxdım. Sonra onu döşəmədə qoyub həyətə çıxdım, bir neçə dəqiqədən sonra qardaşım da həyətə çıxdı, həyəcanlı şəkildə bildirdi ki, "papa ölüb". Biz oturub bundan sonra nə etmək barədə fikirləşsək də, ağlımıza heç nə gəlirdi. Qardaşım təklif elədi ki, gəl meyiti gizlədək. Həyətimiz böyük idi, həyətin axırında illərdir istifadə etmədiyimiz bir su quyusu var idi. Meyiti gizlətmək təklif olunanda ağlıma ilk olaraq həmin su quyusu gəldi.

QUYUDA GİZLƏDİLƏN MEYİT

Qardaşım fikrimi bəyəndi, atamın meyitini köhnə bir adyala bükdük, köməkləşib su quyusuna tərəf apardıq, quyunun üstündəki iri taxta parçasını kənara çəkib meyiti quyuya atdıq. Sonra həmin taxta parçasını quyunun üstünə çəkdik. Otağa qayıdıb ortalığı yığışdırdıq, atamın başından döşəməyə tökülmüş qanı sildik. Duş qəbul elədik ki, bir az özümüzə gələk. Axşam anam evə gələndə atamla maraqlandı. Bildirdik ki, günortadan gedib, hələ evə qayıtmayıb. Anam səhərə qədər yatmadı, eyvanda oturub atamın yolunu gözlədi. Atamın maşınsız getməyi anamı təəccübləndirmişdi. Çünki atam son vaxtlar maşınsız heç yerə getmirdi. Sabahı gün anam qohumların evinə zəng vurdu, atamı xəbər aldı.

POLİSƏ MÜRACİƏT

İki gün atamı belə axtarandan sonra anam onun yoxa çıxması barədə ərizə ilə polisə müraciət etdi. Qardaşımla mən də anamı və başqa qohumlarımızı şübhələndirməmək üçün atamın axtarışı ilə məşğul olur, güman gələn yerlərə gedib atamı soruşurduq. Anam təki atam tapılsın deyə, onun maşınının açarlarını bizə vermişdi ki, hər yerə maşınla gedək. Maşını qardaşımla növbə ilə sürürdük. Beləcə, bir müddət atamı "axtardıq", aylar keçdi. Artıq atamın maşınını sərbəst sürürdük, anam demək olar ki, hər gün ağlayaraq deyirdi ki, bircə atanız sağ-salamat tapılıb gəlsin, nəzir demişəm, sənə və qardaşına şəxsən özüm təşəbbüs göstərəcəyəm maşın alınmasında.

"QONŞU DEDİ Kİ, ÜFUNƏT İYİNDƏN HƏYƏTİMİZƏ ÇIXA BİLMİRİK"

Artıq 2007-ci ilin avqust ayı idi. Bizim həyətimizin arxa tərəfi ilə çəpər qonşusu olan İldırım bizə gələrək anama şikayətləndi ki, çəpərin bu tayından, yəni bizim həyətimizdən gələn üfunətdən öz həyətlərində otura bilmirlər. Bu söhbət açılanda qardaşımla mən möhkəm qorxuya düşdük. İldırım, anam, qardaşım və mən birlikdə həyətin arxa tərəfinə gəldik. Həqiqətən də iydən həmin sahəyə yaxınlaşmaq mümkün deyildi. İldırım bir neçə dəqiqə quyunun başına dolanandan sonra dedi ki, quyunu açmaq lazımdır, orada nəsə ölüb. Mən cəld qabağa keçib dedim ki, narahat olma, bu yaxınlarda quyunun ağzı açıq qalmışdı yəqin ora it-zad düşüb, mən özüm açıb baxaram. İldırımsa israrla bildirdi ki, yox, necə olsa qonşuyuq, mən də kömək edəcəyəm. Anam orada dayana bilməyib burnunu tutub evə qaçdı. Qardaşımsa artıq taxta parçası götürüb hazır dayanmışdı ki, qonşumuz bir az da bərkini tutsa, arxadan yaxınlaşıb onu başından vursun. Nəhayət, qonşunu yola gətirə bildim. Dedim ki, günü bu gün quyunu açıb təmizləyəcəm. Qonşu həyətdən çıxarkən dönə-dönə xahiş etdi ki, quyunu mütləq təmizləyim. Üfunət iyindən həyətə çıxa bilmirlər. Qonşu gedəndən sonra üstümüzdən elə bil yük götürüldü. Fikirləşdik ki, gecəylə quyunu təmizləməli, meyiti birtəhər həyətdən kənarlaşdırmalıyıq. Ancaq buna imkan tapmadıq. Sən demə, İldırım bizi arxayın salıb gedəndən sonra "sanepidemstansiyaya" zəng edib və həyətimizdən həyətlərinə üfunət keçməsi barədə məlumat verib. Bir azdan "sanepidemstansiyadan" gəldilər.

Həyətimizin arxa tərəfinə gedib baxış keçirdilər, sonra sahə müvəkkilinə xəbər verdilər. Sahə müvəkkili gəldi, qonşular yığışdı, quyunun üstündəki taxta parçası götürüldü. Artıq hamı şübhələnmişdi ki, quyuda meyit var. Qardaşımla mən aradan çıxmaq istəsək də, alınmadı. Artıq sahə müvəkkili bizim hərəkətlərimizdən şübhələnmişdi və polis şöbəsinə zəng vuraraq kömək çağırmışdı. Çünki özümüzdən asılı olmayaraq həyəcanlanır, dilimiz topuq vururdu, nə danışdığımızı bilmirdik. Quyu açılanda ətrafdakıların çoxlarının ürəyi getdi. Meyit skeletləşmişdi, iydən dayanmaq mümkün deyildi.

Artıq polis işçiləri də gəlib çıxmışdılar. Mən qohumları çağırmaq bəhanəsi ilə həyətdən çıxmaq istəsəm də, polis işçiləri imkan vermədilər. Məni də, qardaşımı da polis şöbəsinə apardılar. Əvvəlcə şahid kimi dindirildik, ancaq dolaşıq suallar məni dolaşdırdı, bir neçə dəfə tələb etdilər ki, açıb düzünü danışım, yoxsa vəziyyətim ağır olacaq. Mən yalan danışmağın mənasız olduğunu başa düşüb hadisəni olduğu kimi danışdım. Bundan sonra məni də, qardaşımı da həbs etdilər".

Digər təqsirləndirilən şəxs Fəxrədin Maniyev də məhkəmədə dindirilərkən qardaşının ifadəsinə uyğun ifadə verib.

"MƏNİM SİZ ADDA ÖVLADIM YOXDUR"

Zərərçəkmiş qismində dindirilən Diləfruz Maniyeva məhkəmədə ifadə verərkən üzünü oğlanlarına çevirərək "siz adda övladım yoxdur" deyib. O, məhkəmə ifadəsində göstərib ki, iki oğlu və əriylə qayğısız, problemsiz günlərinə iki il əvvəl alınmış avtomobil qənim kəsilib: "2006-cı ilin sentyabr ayında yoldaşım maşın aldı, həmin vaxtdan evdə söz-söhbət səngimək bilmirdi. Fəxrəddinlə Sülhəddin kişiyə göz verib işıq vermirdilər, kişi qalmışdı bir kənarda, uşaqlar maşını bölüşdürürdülər öz aralarında. Buna görə də hər gün evdə söz-söhbət idi. 2007-ci ilin fevral ayının 5-də qohumlarımın birinin evində idim. Axşam saat 9 radələrində evə gələndə ərimi evdə görmədim. Fəxrəddingil dedilər ki, atamız günortadan gedib. Həmin gecə evə gəlmədiyini görüb səhər qohumlara zəng vurdum. Oğlanlarım da narahat idilər, heç ağlıma da gəlməzdi ki, ərimin meyiti həyətdəki su quyusundadır, mənsə onu qohumların evində axtarıram. Oğlanlarım da ora-bura gedir, atalarını axtarırdılar. Mən əhd eləmişdim ki, təki Canbaxış tapılsın, özüm onu məcbur edəcəyəm ki, uşaqlara maşın alsın. Canbaxış yoxa çıxandan sonra maşını uşaqlar sürürdü. Meyit quyudan tapılan günə qədər mən oğlanlarımdan qətiyyən şübhələnməmişəm. Qonşum həyətimizə gəlib həyətin arxa tərəfindən üfunət iyi gəldiyini deyəndə biz birlikdə həyətin həmin hissəsinə gəldik. Həqiqətən də dözülməz iy gəlirdi. Mən orada dayana bilməyib evə tərəf qaçdım. Bir neçə dəqiqədən sonra qonşum da çıxıb getdi. Fəxrəddin dedi ki, quyunu açıb baxacağıq, deyəsən orada it ölüb. Təxminən bir saatdan sonra "sanepidemstansiya"nın işçiləri, sahə müvəkkili, qonşular, polis işçiləri həyətə yığışdılar. Quyunun ağzı açıldı, kişinin meyiti oradan çıxarıldı. Meyit quyuda aşkar ediləndən sonra artıq oğlanlarımın davranışından hiss etməyə başlamışdım ki, bu iş onlarlıqdır. Mən Fəxrəddini də, Sülhəddini də övladlıqdan silmişəm. Hətta cəzalarını çəkib azadlığa çıxandan sonra da mən adda anaları yoxdur, məni bir ana kimi unutsunlar. Bir ərim var idi, onu da öldürdülər, aparıb skeletini torpağa tapşırdım".

QEYD: Məhkəmənin hökmü ilə hər iki qardaş 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qardaşları həbsxanada "doyunca" maşın əvəzi "sürəcəklər"..

İnarə Rafiqqızı

O.M.