Azərbaycanda 04 fevralın kriminal xronikası

Azərbaycanda 04 fevralın kriminal xronikası

6 Fevral 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Srağagün ölkəmizdə 45 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.

15 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

04.02.2012

Fevralın 4-də saat 10.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi müəyyən edilməmiş yük avtomaşını ilə qəsəbə sakini Ceyhun Sadıqovun idarə etdiyi "Moskviç" markalı avtomaşın toqquşmuş və yük avtomaşını hadisə yerindən yayınmışdır. Nəticədə xəsarət almış C.Sadıqov və sərnişini - arvadı Vüsalə xəstəxanaya yerləşdirilmişdir.

Salyan şəhər sakini Xəqani Rzayevdən 1,26 kq həşiş götürülmüşdür

04.02.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Rzayevdən 1 kiloqram 26 qram həşiş götürülmüşdür.

Suraxanı rayonunda yaşayan Mahmud Qılıncovun meyiti həyətindəki su anbarında tapılmışdır

04.02.2012

Fevralın 3-də itkin düşmüş Suraxanı rayonunda yaşayan Mahmud Qılıncovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti evinin həyətindəki su anbarında tapılmışdır. M.Qılıncovun sərxoş halda anbardan su götürmək istəyərkən yıxılaraq boğulması ehtimal olunur.

Oğurluq etməkdə şübhəli bilinən Şərur rayon sakini Rəhim Babayev tutulmuşdur

04.02.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Aslan Qasımovun evindən 1140 manat, 900 dollar pul və 1 ədəd mobil telefon oğurlamış Şərur rayon sakini Rəhim Babayev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mansur Vəliyev və Məmməd İsmayılov tutulmuşlar

04.02.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Şəmşir Mirzəyevə məxsus 1 baş inəyi oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Mansur Vəliyev və Məmməd İsmayılov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Mehdi Ağayevə, Müşfiq Ağamalıyevə, Bilal Əzimova məxsus 21 ədəd ev quşlarını oğurlamaları da müəyyən edilmişdir.

Yevlax rayon sakini Ədalət Eylasovdan saxta əsginaslar və narkotik vasitə aşkar edilərək götürülmüşdür

04.02.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ədalət Eylasovun evinə baxış zamanı oradan 10 ədəd 100, 6 ədəd 50 manatlıq saxta əsginaslar, 0,7 qram heroin, 845 qram qurudulmuş marixuana, 1 ədəd tərəzi və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür.

Kanada vətəndaşı Steven Smith Mark yaşadığı evdə dəm qazından zəhərlənərək ölmüşdür

04.02.2012

Fevralın 4-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Kanada vətəndaşı Steven Smith Mark yaşadığı evdə dəm qazından zəhərlənərək ölmüşdür.

O.M.