İstintaq materialından-Otaq yoldaşını çəkiclə qətlə yetirdi

İstintaq materialından-Otaq yoldaşını çəkiclə qətlə yetirdi

3 Fevral 2012 14:22
1 139
Bəyəndim (0) Bəyənmədim (0)
Cinayətə səbəb nalayiq söyüşlər oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində Ucar rayonunun Alpoud kənd sakini Ağamirzə Mikayılovun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Ağamirzə Mikayılov ötən ilin yanvarın 12-də saat 21:00 radələrində Türkan qəsəbəsinin "Beş evlər" adlanan yaşayış sahəsində Ziybulla Seyfullayevə məxsus mənzildə Elçin İsmayılovu qətlə yetirərək, hadisə yerindən qaçıb. Hadisədən üç həftə sonra o, "28 may" metrosunun yaxınlığında həbs edilib. O, saxlanılarkən üzərindən 0,272 qram heroin aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Ağamirzə Mikayılov ittiham üzrə özünü təqsirli bilib: "Ötən ilin dekabrında Ucardan Bakıya gəlmişəm. Dekabrın sonlarında Türkan qəsəbəsində kirayə ev axtararkən qəsəbə sakini Ziybulla Seyfullayevlə tanış oldum. Həmin vaxtdan ona məxsus torpaq sahəsində yeni tikilmiş birotaqlı evdə kirayədə yaşamağa başladım. Müxtəlif tikinti yerlərində fəhlə işləməklə gündəlik çörəkpulu qazanırdım. Bir dəfə işdən qayıdanda küçənin tinində bir nəfərin palçığın içərisində yıxılıb qaldığını gördüm. Hava da şaxtalı idi, ürəyim ağrıdı, ona yaxınlaşanda gördüm ki, içkilidir. Fikirləşdim ki, insandır, onu belə vəziyyətdə gecə vaxtı küçədə qoymaq olmaz. Səhərə qədər donvurmadan ölə bilər. Onu ayağa qaldırıb, birtəhər evə gətirdim. Sabahı gün ayıldı, onunla söhbətləşdik. Dedi ki, əslən Kürdəmirdənəm, adım Elçindir, həbsxanaya düşəndə ailəm dağılıb, həbsxanadan çıxanda isə tək qalmışam, orada-burada fəhləlik edib başımı saxlayıram. Ancaq sabahı gün işdən evə gələndə gördüm ki, Elçin sərxoşdur, başa düşdüm ki, bu elə sərxoşluq etməklə məşğuldur. O, sərxoş olanda nə hərəkətini, nə də danışığını bilirdi. Mənimlə dalaşırdı, söyürdü. Bu vəziyyət demək olar ki, hər gün davam edirdi. Yanvarın 12-də axşam evə gəldim. Paltarımı yuyarkən o, yenə sərxoş vəziyyətdə içəri girdi. Məni söyür, nəsə danışırdı, sözlərinin, cümlələrinin arasında rabitə yox idi. Qəflətən qızımın ünvanına söyməsi elə bil məni yuxudan ayıltdı. Başa düşdüm ki, artıq bunu güzəştə getmək nakişilikdir. Sakitcə çəkici götürüb, otağa keçdim. Çarpayıya tərəf yaxınlaşıb üzü divara tərəf uzanmış Elçinin başına ardıcıl zərbələr vurdum. Ona göz açmağa belə imkan vermədim. Çapalayıb hərəkətsiz vəziyyətdə qalana kimi vurdum. Sonra meyitin üzərinə adyal atıb evdən çıxdım. Fevralın 1-nə kimi Novxanı kəndində gizləndim, həmin gün Bakıxanov qəsəbəsində tanımadığım bir nəfərdən 10 manata heroin aldım. Fevralın 3-də isə "28 may" metrosunun qarşısında polis əməkdaşları məni tutdular. Şöbədə üstümə baxış keçirilərkən iki gün əvvəl aldığım heroini cibimdən tapdılar".

Zərərçəkmişin nümayəndəsi İlyas Abdullayev məhkəməyə verdiyi ifadəsində qeyd edib ki, mərhum Elçin İsmayılov onun dayısı oğlu olub: "Dayım oğlu əvvəllər Mərdəkan qəsəbəsində öz ailəsi ilə birlikdə yaşayırdı. Lakin məhkum olunduqdan sonra ailəsi dağıldı və tək yaşamağa başladı. Bu ilin yanvarın 17-də Elçinin ölüm xəbərini eşitdik. Bizə bildirdilər ki, onu Ağamirzə adlı şəxs çəkiclə vuraraq, qətlə yetirib".

Şahid qismində dindirilən Ziybulla Seyfullayev isə bildirib ki, ötən ilin dekabrın sonlarında kənd içərisində gəzərkən sonradan tanıdığı Ağamirzə adlı şəxs ona yaxınlaşaraq kirayədə qalmaq üçün ev axtardığını bildirib. O da özünə məxsus torpaq sahəsində oğlu üçün tikdirdiyi birotaqlı evi Ağamirzəyə kirayəyə vermək qərarına gəlib: "Əvvəl razı olmasam da, sonradan ona yazığım gəldi. Oğlum üçün götürdüyüm həyətyanı torpaq sahəsində tikilmiş evdə qalmasına razılıq verdim. Söhbət əsnasında Ağamirzə mənə fəhləlik etdiyini, yalnız gecələr evdə qalacağını və həyətyanı torpaq sahəsinə də qulluq edəcəyini demişdi. Yanvarın 13-də günorta saatlarında oğlum Fərzəli evə gələrək, Ağamirzəyə verdiyim evdə adam öldüyünü dedi. Biz dərhal polisə məlumat verdik. Sonradan bildik ki, ölən şəxs Elçin İsmayılovdur və onu Ağamirzə qətlə yetirib".

QEYD: Məhkəmənin hökmü ilə Ağamirzə Mikayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Araq su kimidir, azı gölməçədir, bir az artığı dəniz, həddən artığı okean. "Üzə bilməyənlər" boğulur...

İnarə Rafiqqızı

O.M.