Valideynlərini döyən Dəvəçi sakini sonda anasını öldürdü

Valideynlərini döyən Dəvəçi sakini sonda anasını öldürdü

1 Fevral 2012 13:53
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Ailə üzvləri onun ən ağır cəzaya məhkum olunmasını istədilər

Bakı Ağır Cinayətlər Məhkəməsində Dəvəçi rayon sakini İmran Mirzəyevin məhkəməsi başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, İmran Mirzəyev köməksiz vəziyyətdə olan qoca, 1930-cü il təvəllüdlü atası Qeyib Mirzəyevi və 1937-ci il təvəllüdlü anası Nurə Mirzəyevanı mütəmadi olaraq döyüb-incitməklə onlara işgəncə verib.

Bundan başqa o, 11 noyabr 2007-ci ildə saat 01:00 radələrində birgə yaşadıqları evdə növbəti dəfə anası Nurə ilə mübahisə edib. Mübahisə zamanı sərxoş vəziyyətdə olan İmran Mirzəyev evdən götürdüyü dəmir maşa ilə anasının baş nahiyəsinə ardıcıl zərbələr endirib. Oğlu tərəfindən amansızcasına döyülən qadın evdən çıxaraq digər oğlu Əlirza Mirzəyevin evi istiqamətinə gedib. Lakin ağır dərəcəli bədən xəsarəti aldığından evin darvazasının qarşısındaca yıxılaraq huşunu itirib. Ertəsi gün səhər saatlarında təsadüfən küçəyə çıxan Əlirza Mirzəyev anasını uzanıqlı vəziyyətdə yerdən taparaq evə gətirib. Nurə Mirzəyevaya tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Mirzəyev İmran Qeyib oğlu - 1969-cu ildə Dəvəçi rayonunun Təzəkənd kəndində anadan olub. Əvvəllər məhkum edilib. Ailəlidir. Orta təhsillidir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı var. Dəvəçi rayonunun Təzəkənd kəndində yaşayır. AR CM-nin 133.2.1, 133.2.4 və 126.3-cü maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilən İmran Mirzəyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 10 il bundan öncə ailəsindən ayrıldığını, atası Qeyib və anası Nurə ilə birlikdə yaşadığını göstərib:

- Atamla münasibətim pis olmayıb. Lakin anam həmişə məni pisləyir, söyüb təhqir edirdi. Mütəmadi olaraq spirtli içkilər qəbul edirdim. İçkili olduğum zaman anamla aramızda mübahisə baş verirdi. Belə ki, araq aldıqdan sonra özümə yemək bişirmək istədikdə, anam yağı və ərzağı gizlədirdi. Bu səbəbdən də aramızda narazılıq yaranırdı. Anam qorxub tez ərzaqların yerini mənə göstərirdi.

10 noyabr 2007-ci ildə axşamçağı dükandan bir ədəd 250 qramlıq araq, bir rulet və 2 ədəd şokolad alıb bacım Saragilə getdim. Orada yemək yeyib spirtli içki içdim. Həmin vaxt atam da bacımgildə idi. Bir qədər sonra bacımın oğlu Taleh mal-qara alverçilərini evə gətirdi. Onlarla görüşüb dedim ki, bir danam var, ancaq balacadır. Bacım mənə malları səhəri gün satmağa aparacaqlarını dedi.

"ANAMA NEÇƏ ZƏRBƏ VURMAĞIMI XATIRLAMIRAM"

Bundan sonra evə gəldim. Evdən qatıq tapıb şüşənin dibində qalmış 50 qram arağı içmək istədim. İçəri daxil olmaq istəsəm də, qapı arxadan bağlı idi. Qapını bərk itələdikdə, anam bu hərəkətimə görə məni söydü. Anamla aramızda yenə də mübahisə yarandı və bir-birimizin ünvanına nalayiq söyüşlər söydük. Sərxoş olduğuma görə özümü idarə edə bilməyib peçin yanındakı maşanı götürüb anamın baş nahiyəsinə zərbələr endirdim. Neçə zərbə vurmağımı xatırlamıram. Anam özünü müdafiə etmək üçün əlləri və qolları ilə başını tutmağa çalışırdı. O, səndələyərək pilləkəndən yerə düşdü və bağa tərəf getdi. Saat təxminən 24:00 radələrində bacımgilə gedib atamı çağırdım. Bacımın oğlu Fərman mənə atamın yatdığını bildirdi. Anam Nurəyə görə Fərmanı qardaşım Əlirzagilə göndərdim. Fərman geri qayıdıb Əlirzagilin işıqlarının söndüyünü dedi. Bacım oğlundan səhər məni yuxudan oyatmasını xahiş etdim.

"ANAMI ÖLDÜRMƏYİMƏ PEŞMANAM"

Ertəsi gün Fərmanla və bacımın yeznəsi ilə Dəvəçi rayonundakı mal bazarına getdik. Orada dananı 100 manata satdım. Həmin pula özümə ayaqqabı aldım, kafedə oturub donuz piyi "salo" yedim, araq içdim. Bacım oğlu Talehə zəng vurub restoranda olub-olmadığını soruşdum. Taleh isə mənə anam Nurənin öldüyünü, təcili kəndə qayıtmağımı bildirdi. Mən kəndə gələndə həqiqətən də anamın öldüyünü gördüm.

Sərxoş vəziyyətdə olarkən atam Qeyibi və anam Nurəni dəfələrlə döymüşəm. Sonuncu dəfə isə hadisədən bir neçə gün əvvəl anamı döyüb incitmişəm. Törətdiyim əməldən peşmanam.

"QARDAŞIMA ƏN AĞIR CƏZA VERMƏYİNİZİ XAHİŞ EDİRƏM"

Zərərçəkmiş şəxs qismində dindirilən Xanlar Mirzəyevin (mərhumun oğlu) ifadəsindən:

- İmran mənim kiçik qardaşımdır. O, ata-anamla bir evdə yaşayırdı. Anam Nurənin heç kimlə düşmənçiliyi və ədavəti olmayıb. O, kənd sakinləri və qohumlarla mehriban davranırdı. Ümumiyyətlə, anam xasiyyətcə sakit, mülayim, səmimi insan idi. Qardaşım İmran isə əvvəllər bir neçə dəfə məhkum edilib, ailəsindən ayrılıb, sərxoşluqla məşğul olurdu. İçkili olanda ata-anamı döyüb incidir, işgəncə verir, onlarla amansız rəftar edirdi. O, atam Qeyib və anam Nurəni 2007-ci ilin may ayına kimi 2 dəfə, iyun-oktyabr aylarında isə 2 dəfə döymüşdü. Sonuncu dəfə isə hadisədən təxminən yarım ay əvvəl İmran yenə də valideynlərimin hər ikisini döymüşdü.

11 noyabr 2007-ci ildə saat 07:00 radələrində qardaşım Əlirza mobil telefonuma zəng vuraraq anamın vəziyyətinin pis olduğunu söylədi və bacım Tamaranı da götürüb gəlməyimi tapşırdı. Ona görə də Bakı şəhərindən gələrkən Dəvəçi rayon Mərkəzi xəstəxanasından həkim briqadası götürüb yaşadığım Təzəkənd kəndinə gəldim. Evə gəldikdə anam Nurə artıq xırıldayaraq can verirdi. Anamın başında və bədəninin müxtəlif nahiyələrində qançırlar, göyərmələr var idi. Həkimin tövsiyəsinə əsasən dərman almaq üçün Xaçmaz şəhərinə gedib-qayıtdıqdan bir qədər sonra anam öldü. Bu barədə dərhal polis və prokurorluğa məlumat verdim. Atam hadisə barədə məlumat verərkən İmranın sərxoş olduğunu, evdəki dananı satmaq istədiyini, lakin həm özünün, həm də arvadı Nurənin buna icazə vermədiklərindən ailədə mübahisələri olduğunu danışırdı. İmrandan qorxduğu üçün atam bacım Saranın evində gecələmək məcburiyyətində qalıb. Səhər tezdən qardaşım Əlirza atama anamın İmran tərəfindən döyülərək ölümcül hala salınması barədə məlumat verib. Qanuna uyğun olaraq qardaşıma ən ağır cəza verməyinizi xahiş edirəm.

"OĞLUM BİZİMLƏ AMANSIZ RƏFTAR EDİR, DÖYÜB İNCİDİRDİ"

Şahid qismində dindirilən Qeyib Mirzəyev ifadəsində oğlu İmranın son bir il ərzində həm onu, həm də həyat yoldaşı Nurəni dəfələrlə döydüyünü göstərib:

- Sonuncu dəfə İmran arvadım Nurəni və məni noyabrın əvvəlində döymüşdü. 10 noyabr 2007-ci ildə qorxumdan qızım Saranın evinə getdim. Axşam saat təxminən 20-21 radələrində İmran əlində bir araq və şokolad qutusu qızımgilə gəldi. Süfrədə əyləşib yemək yedi və özüylə gətirdiyi arağı içdi. Axşam saat 24:00 radələrində nəvəm Fərman evə gəlib İmranın onu küçədə gördüyünü, nənəsi Nurənin onlara gəlib-gəlmədiyini soruşduğunu dedi. Fərmanın bu sözündən narahat oldum. Ona görə də bizim evə baş çəkməsini xahiş etdim. Fərman təxminən 25 dəqiqədən sonra geri qayıdıb İmranı evin həyətində gördüyünü, nənəsi Nurəni isə tapa bilmədiyini dedi.

11 noyabr 2007-ci ildə səhər tezdən oğlum Əlirza gələrək Nurəni evin qarşısında palçığın içərisindən tapdığını, bədənində xəsarətlər olduğunu dedi. Nurənin vəziyyəti ağır olduğundan Dəvəçi rayon Təcili Tibbi Yardım Mərkəzinə müraciət etdik. Onun başında və bədənində qançır izləri var idi, sol əli şişmişdi. Həkimlərin səyinə baxmayaraq, Nurə saat 14:00 radələrində öldü.

"ANAMI ÖLÜMCÜL VƏZİYYƏTDƏ TAPDIM"

Şahid qismində dindirilən Əlirza Mirzəyev də eyniməzmunlu ifadə verib. İfadəsini davam etdirən şahid anasını kənd yolunun içərisində ölümcül vəziyyətdə tapdığını deyib:

- 11 noyabr 2007-ci ildə səhər saat 07:00 radələrində evin qarşısına çıxmışdım. Kənd yolunun içərisində anam Nurəni arxası üstə yerə uzanmış vəziyyətdə gördüm. Anam xırıldayırdı. Təşvişə düşüb qonşum Zakir Cəbrayılovu səslədim. Zakirlə köməkləşib anamı evə apardıq. Anamın vəziyyətinin pis olduğunu görüb qardaşım Xanlara zəng vurdum, rayona gəlməsini xahiş etdim. Anamın üst-başı nəm, palçığa bulaşmış vəziyyətdə idi, üzündə və əllərində xəsarətlər, qançırlar vardı. Qardaşım Xanlar həkim briqadası götürüb kəndə gələndə anam artıq xırıldayır, can verirdi. Həkimlərin səyinə baxmayaraq, anam öldü. Anamın döyülərək ölümcül hala salınması barədə məlumatı atama mən demişəm

QEYD: Məhkəmənin hökmü ilə İmran Mirzəyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

SON SÖZ ƏVƏZİ:

Valideyn övladı dünyaya gətirən, onu yaradan şəxsdir. Yaradan isə Allahın adıdır. Valideynə qarşı çıxmaq Yaradana qarşı çıxmaq deməkdir.

İnarə Rafiqqızı

O.M.