Azərbaycanda 31 yanvarın kriminal xronikası

Azərbaycanda 31 yanvarın kriminal xronikası

1 Fevral 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 66 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 43-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

14 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 46 nəfər tutulmuşdur.

Masallı rayonunun Təzə Alvadı kənd sakini Əli Zeynalov münaqişə zəminində Murad Heydərovu bıçaqla qətlə yetirmişdir

31.01.2012

Yanvarın 31-də Masallı rayonunun Təzə Alvadı kəndi ərazisindəki "Palıd" çayxanasında kənd sakini Əli Zeynalov münaqişə zəminində Murad Heydərovu bıçaqla qətlə yetirmişdir. Ə.Zeynalov Masallı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Gəncə şəhər sakini Nəriman Musayev tutulmuşdur

31.01.2012

Yanvarın 31-də Gəncə şəhərində naməlum şəxs şəhər sakini Əli Cabbarovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub "Xarabayeri" adlandırılan əraziyə gedəcəyini bildirmişdir. Mənzil başına çatdıqdan sonra həmin şəxs Ə.Cabbarovu bıçaqla hədələyərək pul verməsini tələb etmiş, istədiyinə nail olmadıqda isə onu düşürdərək avtomaşında getmişdir. Hadisəni törətmiş şəhər sakini Nəriman Musayev tutulmuşdur.

Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

31.01.2012

Yanvarın 31-də saat 15.00 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini Emin Yusifov "QAZ-53" markalı avtomaşını arxaya hərəkətə gətirərkən Məlahət Nəzirovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Dmitriy Başyuk ölmüşdür

31.01.2012

Yanvarın 21-də saat 23.20 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini Dmitriy Başyuk koma vəziyyətində xəstəxanaya gətirilmiş və yanvarın 31-də orada ölmüşdür. Araşdırmalar zamanı onun yanvarın 20-də saat 19.15 radələrində Y.Səfərov küçəsində müəyyən edilməmiş avtomaşınla vurulması müəyyən edilmişdir.

Ağstafa rayon sakini Rəhim Məmmədovun meyiti tapılmışdır

31.01.2012

Yanvarın 31-də Dəllər stansiyasında Bakı-Qazax sərnişin qatarının sərnişini, Ağstafa rayon sakini Rəhim Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

Sabunçu rayonu ərazisindəki internet klubların birində qumarxana müəyyən edilmişdir

31.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun "on-line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilmişdir. Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul, 14 ədəd kompüter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırmalar aparılır.

Oğurluq etmiş Bərdə rayon sakini Sevinc Quliyeva tutulmuşdur

31.01.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il mayın 25-də Rüxsarə Hacıyevanın evindən oğurluq etmiş Bərdə rayon sakini Sevinc Quliyeva tutulmuşdur.

Eldəniz Omarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Aqif Omarov tutulmuşdur

31.01.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Eldəniz Omarova xuliqanlıq zəminində bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Aqif Omarov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Əmirxan Musayev tutulmuşdur

31.01.2012

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-ı Nailə Mehdiyevanın evindən 200 dollar və 20 manat pul oğurlamış Göygöl rayon sakini Əmirxan Musayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci ilin iyun ayında və cari ilin yanvar ayının 26-da Gəncə şəhər sakinləri Mirvari Quliyevanın və Yaşar Məmmədovun evlərindən oğurluğa cəhd göstərməsi, 2011-ci ilin dekabr ayının 25-də isə Natiq Hacıyevin evindən 300 manat pul oğurlaması da müəyyən edilmişdir.

Mobil telefon oğurlamış Səməd Ələsgərov tutulmuşdur

31.01.2012

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də şəhər ərazisində şəhər sakini Aygül Babayevaya məxsus mobil telefonu oğurlamış Səməd Ələsgərov tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

31.01.2012

Yanvarın 31-də Abşeron rayon sakini Şövkət Məmmədova, Sabunçu rayonunun Pirşağı qəsəbə sakini Ədalət Eyvazov onun arvadı Məhəbbət - uşaqları Ləman, Gülüş və İman öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər, vəziyyətləri qənaətbəxşdir.

Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

31.01.2012

Yanvarın 21-də saat 21.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Hikmət Axundov "Mitsubishi" markalı avtomaşını idarə edərkən yolu keçən Ramil Əliyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 31-də orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş Hikmət Şirinov ölmüşdür

31.01.2012

Yanvarın 31-də Qusar rayonunda yaşayan Hikmət Şirinov dəm qazından zəhərlənərək ölmüşdür.

Qanun ona hörmət edənlərin dostudur...

Murad Şahməmmədov

O.M.