Vergidən külli miqdarda yayınan iş adamları cinayət məsuliyyətinə cəlb olundular

Vergidən külli miqdarda yayınan iş adamları cinayət məsuliyyətinə cəlb olundular

31 Yanvar 2012 19:34
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyindən verilən məlumata görə, nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, vətəndaş Kazımov İlham Bakının Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, ev 36 ünvanda yerləşən və vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan "Taleh Təmir Tikinti" MMC-nin direktoru vəzifəsini yerinə yetirərkən təşkilatın mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 616 min 95,26 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsindən yayındırıb. İstintaq zamanı sahibkar İ.Kazımovun cinayət əməli sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2012-ci ilin yanvar ayının 11-də Baş Prokurorluq tərəfindən barəsində təsdiq olunmuş ittiham aktı baxılması üçün məhkəməyə göndərilib.
Departament tərəfindən aparılan digər araşdırma zamanı müəyyən olunub ki, digər şəxs - Şirinov Adil Hümbət oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata duran İsmayılov Ramin Vəli oğlunun adından istifadə edərək vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 23 min 27,97 manat məbləğində vergini büdcədən gizlədib. O, vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan "Modern-M", "Classkom-SN" və "Realiti-Az" məhdud məsuliyyətli cəmiyyətlərin faktiki rəhbəri işləyərkən həmin cəmiyyətlərin rəsmi direktoru Mirzəyev Oqtay Kənan oğlu ilə qabaqcadan əlbir olaraq cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə "Modern-M" MMC üzrə 93 min 596,17 manat, "Classkom-SN" MMC üzrə 179 min 529,03 manat və "Realiti-Az" MMC üzrə 45 min 55,52 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıblar. Bu şəxslərin əməlləri Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddələri ilə sübuta yetirildiyindən ittiham aktı təsdiq olunması üçün Baş Prokurorluğa göndərilib.
Departamentdə aparılan digər araşdırma nəticəsində "Mars-2" MMC və "Amin Ekspress Servis" MMC-nin direktoru Novruzov Mərdixan Əliqulu oğlunun Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutlar əsasında M.Novruzov məhkəmə məsuliyyətinə cəlb olunub. Bakı şəhəri Sabunçu rayonu Sülh küçəsi-7 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş M.Novruzov 11 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "Mars-2" MMC-də və Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "Amin Ekspress Servis" MMC-də direktor vəzifəsində işləyərkən vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatları daxil etməklə 69 min 63,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb. 2012-ci ilin yanvar ayının 26-da Cinayət Prosessual Məcəlləsinin 290.1-ci maddəsinə əsasən cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluğa təqdim edilib.

O.M.