AMAY ticarət mərkəzinin rəhbərliyi azadlığa buraxıldı

AMAY ticarət mərkəzinin rəhbərliyi azadlığa buraxıldı

31 Yanvar 2012 19:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apelyasiya Məhkəməsində AMAY ticarət mərkəzinin direktoru Elşən Novruzov, məsul işçiləri Yusif Kərimov və Zakir Məmmədovun birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə məhkəmənin yekun qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunub. Hər üç şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub. E.Novruzovun cəzası 11 ildən 9 ilə, Yusif Kərimovun və Zakir Məmmədovun cəzası isə 8 ilə endirilib və şərti hesab olunub. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Novruzov 11 il, məsul işçiləri Yusif Kərimov 10 il və Zakir Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Onlar "Texnikabank"dan aldıqları kreditləri təyinatı üzrə xərcləməməkdə və götürdükləri öhdəliyə görə ödənişlər etməməkdə təqsirləndirilirlər. Hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə və israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunublar.

O.M.