Sevdiyi qıza qovuşmadığı üçün əmisi arvadını öldürdü

Sevdiyi qıza qovuşmadığı üçün əmisi arvadını öldürdü

31 Yanvar 2012 14:31
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından-Şirvan sakini cinayət gününə qədər 2 dəfə intihara cəhd etmişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesindən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Şirvan şəhər sakini Ələkbərov Səxavət Fərhad oğlunun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs əmisi arvadını qətlə yetirməkdə ittiham olunur.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Səxavət Ələkbərov öz əmisi nəvəsi Aytəkin Həsənova ilə evlənmək istəməsinə baxmayaraq, qızın nənəsi Böyükxanım Cabbarova onların gələcəkdə evlənməsinə imkan vermədiyi üçün onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, 10 mart 2009-cu ildə saat 02:00 radələrində sərxoş vəziyyətdə Böyükxanım Cabbarovanın yaşadığı Şirvan şəhəri, Nizami küçəsi 5 saylı evə gəlib. Çəpərdən aşaraq həyətə daxil olub və evin giriş qapısını döyüb. Qapını açan Böyükxanım Cabbarovadan balıq ovuna getməsi bəhanəsi ilə oğlu İlahimi soruşub. Ev sahibəsi ona İlahimin evin 2-ci mərtəbəsində öz yataq otağında yatdığını bildirdikdən sonra həyətdəki hamama girib. Bunu görən Səxavət qadının dalınca hamama daxil olub. Arxadan əmisi arvadına yaxınlaşaraq ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yerə yıxılmış Böyükxanım Cabbarovanın boğaz nahiyəsini kəsib. 25 bıçaq zərbəsi almış yaralı hadisə yerindəcə dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Ələkbərov Səxavət Fərhad oğlu - 1986-cı ildə Şirvan şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Natamam-orta təhsillidir. Şirvan şəhəri, Vidadi küçəsi, ev 42-də yaşayır. AR CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Əmim nəvəsini sevirdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Səxavət Ələkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Mərhum Böyükxanım Cabbarova əmim Nüsrət Cabbarovun arvadı olub. Ailələrimiz arasında münasibət həmişə yaxşı olub, heç bir ədavətimiz və ya düşmənçiliyimiz olmayıb. Hərbi xidmətimi başa vurub qayıdandan sonra əmim Nüsrət Cabbarovun nəvəsi Aytəkini sevmişəm. Bu səbəbdən anamdan onlara elçi getməyini xahiş etmişəm. Anamgil də Aytəkinə elçi düşmüşdülər.

"Siz kasıbsınız"

Həmin vaxt Aytəkinin atası Bahadur Rusiyada idi. Anamla Aytəkinin anası Gültəkin bu barədə danışıb razılığa gəliblər. Bundan təxminən 10-15 gün sonra Aytəkinin nənəsi Böyükxanım bizə gəldi. Həyətdən evə girməyərək dedi ki, eşitmişəm qız istəyirsən, sənin evin pis gündədir, kasıbsınız, Aytəkinin atası sizə qız verməz, əyninə geyinməyə şalvar tapanda evlənərsən. Bu sözlər mənə çox pis təsir etdi.

"Özümü asmaq istəyirdim"

Təxminən 3 ay sonra payız aylarında Aytəkinin atası Bahadur Rusiyadan qayıdanda həmin razılıq pozuldu. Başa düşdüm ki, bu işi pozan əmim arvadı Böyükxanım olub. Bundan dərhal sonra Bahadur qızı Aytəkini öz qohumları Elmir adlı oğlana nişanladı. Çox keçməmiş, təxminən 2008-ci ilin oktyabr-noyabr aylarında onların toyları oldu. Buna görə mən hətta özümü asaraq intihar etmək istəyirdim. Bütün günahlar Böyükxanımda olduğu üçün ona qarşı ürəyimdə dərin kin yaranmışdı. Ondan qisas almaq qərarına gəlmişdim.

"Evdən bıçaq götürüb əmimgilə getdim"

9 mart 2009-cu ildə saat təxminən 24:00 radələrində iki şüşə çaxır alıb öz evimizin həyətində təkbaşına içdim. Yenə də Aytəkin yadıma düşdü. Qəzəblənib qərara gəldim ki, Böyükxanımdan qisas alacağam. Evə keçib mətbəxdəki masanın üzərində olan bıçağı götürüb təxminən saat 02:00 radələrində əmimgilə getdim. Həyətin giriş darvazasının qapısı bağlı olduğu üçün küçədən barını aşıb həyətə girdim. Evin birinci mərtəbəsinin qapısını döydüm.

"Bunların hamısı sənə görə oldu"

Qapını Böyükxanım açıb çölə çıxdı, nə baş verdiyini soruşdu. Dedim ki, İlahimlə kanala balıq tutmağa getmək istəyirəm. Böyükxanım mənə "İlahim ikinci mərtəbədə öz otağında yatır", - deyərək əhəmiyyət vermədən birbaş hamama tərəf getdi. Sağ cibimdən bıçağı çıxarıb onun ardınca getdim. Böyükxanım hamama girən kimi mən də içəri keçdim. O, ardınca gəldiyimi görüb, "Bala, nə olub", - deyə soruşdu. Mən qəzəbli halda, "bunların hamısı sənə və Bahadura görə oldu", - deyə onun sinəsinə bıçaqla zərbə endirdim. Böyükxanım müqavimət göstərdiyi üçün əlimlə onun ağzını tutdum ki, qışqırmasın. Ona zərbələr endirməkdə davam etdim.

"Bıçaqla boğazını kəsdim"

Böyükxanım taqətini itirib başı giriş qapısına tərəf üzüstə yerə yıxıldı. Yerə yıxılandan sonra yenə də əlimi onun ağzına tutub bıçaqla boğazını bir neçə dəfə kəsdim. Öldüyünə əmin olandan sonra hamamdan çıxıb gəldiyim yolla küçəyə çıxdım. Təxminən 200 metr aralıda olan gölə tərəf gedib bıçağı oraya tulladım. Əynimdəki paltarlar qana bulaşdığı üçün torpağa basdırıb gizlətdim. İdman şalvarını isə yuyub qurutdum".

"Arvad hamamda yıxılıb ölüb"

Zərərçəkmiş şəxsin hüquqi varisi İlahim Cabbarov ifadəsində valideynləri ilə bir yerdə yaşadığını göstərib: "Yaşadığımız ev ikimərtəbəli olmaqla, ikinci mərtəbədə mən arvadımla, birinci mərtəbədə isə anamla atam yaşayırdı. 10 mart 2009-cu ildə saat 09:00 radələrində atamın qışqırıq səsini eşidib həyətə düşdüm. Atam evimizin qarşısında mənə, "arvad hamamda yıxılıb ölüb" dedikdə, dərhal hamama qaçdım. Anamın qan içində olduğunu gördüm.

"Səxavətin mərhum qardaşı Rusiyada Bahaduru bıçaqlamışdı"

Səhəri gün məlum oldu ki, anamı ögey əmim oğlu Səxavət öldürüb. Səxavət mənim bacım Gültəkinin qızı Aytəkini istəyirdi. Anasıgil elçi də gəlmişdilər. Bu barədə mən anama demişdim. Lakin anam buna qəti etiraz etmişdi və bu işi pozaraq Aytəkini Səxavətə verməmişdi. Anam Səxavətin anasına Aytəkinin onun oğluna verilməsinə ümidli olmamağını söyləmişdi. Bundan başqa, Səxavətin mərhum qardaşı Tərlan Rusiyada Aytəkinin atası Bahadur və onun qardaşı Xəzəri bıçaqlamışdı. Bundan sonra Bahadur qızını Səxavətə heç vaxt verməzdi. Bahadur Rusiyadan qayıdandan sonra qızını başqa oğlana verdi. Bundan sonra Səxavət anamla incikli olmuşdu. Lakin münasibətlərimiz pozulmamışdı və bir-birimizin evinə gedib-gəlirdik".

"Özünüzü yüngülsaqqal etməyin"

Şahid qismində dindirilən Nailə Ələkbərova ifadəsində oğlu Səxavətin hərbi xidmətdən qayıtdıqdan sonra əmisi nəvəsi Aytəkini sevdiyini göstərib: "Oğlum məndən xahiş etdi ki, onlara elçi gedim. Bu barədə Gültəkinin qardaşı arvadına dedim ki, qızın atası Rusiyadan gələndən sonra elçi gələcəyik. Bahadur Rusiyadan qayıdandan sonra Aytəkinin Səxavətə verilməsinə qəti etiraz etdi. Onun qayınanası Böyükxanım Cabbarova bizə gəlib "Aytəkini Səxavətə istəməyi unudun, onlar sizə qız verməzlər. Özünüzü yüngülsaqqal etməyin, həyətinizin çəpərinə baxın, Səxavət əyninə şalvar tapıb geyinəndə onda evlənmək haqqında fikirləşər" demişdi. Bu sözlər oğluma çox pis təsir etdi.

"Oğlum iki dəfə intihar etmək istəmişdi"

Bundan sonra Bahadur qızını başqa oğlana nişanladı və bir müddət sonra onların toyu oldu. Aytəkinin toyundan sonra Səxavət iki dəfə intihar etmək istəmiş və bir dəfə də qollarını kəsmişdi. Birinci dəfə Səxavət evdə özünü asarkən kiçik qardaşı İbadət yetişib onu xilas etmişdi, ikinci dəfə isə özünü asdığı qadın paltosunun kəməri qırılmışdı.

"Dedi ki, təslim olmağa gedirəm"

10 mart 2009-cu ildə səhər tezdən yuxudan duranda gördüm ki, Səxavət paltarlarını yuyub həyətə sərib. Həmin gün mən Bakı şəhərinə gedərkən təxminən saat 12:00 radələrində kürəkənim Elşən mənə zəng edib Böyükxanımın rəhmətə getdiyini və Şirvana qayıtmalı olduğumu bildirdi. Mən dərhal Şirvana qayıdıb yas mərasiminə getdim. Orada məlum oldu ki, Böyükxanımı gecə öldürüblər. Ertəsi gün Səxavət öz mobil telefonundan mənə zəng edib dedi ki, onu polisə çağırırlar və təslim olmağa gedir. Ondan nə etdiyini soruşduqda, mənə "biləcəksən"- deyə cavab verdi. Başa düşdüm ki, Böyükxanımın ölümündə oğlum Səxavətin əli olub".

"Elçiliyə gəlməsinlər, boş qayıdacaqlar"

Şahid qismində dindirilən Gültəkin Panəliyeva ifadəsində kiçik qardaşı İlahimin ona zəng vurduğunu və anasının rəhmətə getdiyini söylədiyini göstərib: "Dərhal anamgilə getdim. Orada mənə məlum oldu ki, anamı öldürüblər. 11 mart 2009-cu ildə isə anamı ögey əmim oğlu Səxavətin öldürdüyünü öyrəndik. Səxavət mənim qızım Aytəkini istəyirdi. Hadisədən təxminən iki-üç il əvvəl mərhum qardaşım Məhərrəmin arvadı Dilarə mənə dedi ki, Nailə oğlu Səxavətin Aytəkini istədiyini ona deyib və Fərhad Rusiyadan qayıdandan sonra elçi gələcəklərini söyləyib. Dilarəyə dedim ki, birinci, mənim qızım uşaqdır, ikincisi də, biz heç vaxt Aytəkini Səxavətə vermərik. Dilarəyə dedim ki, Nailəyə çatdırsın ki, elçiliyə gəlməsinlər, boş qayıdacaqlar.

"Biz bu işə qəti narazı idik"

Sonradan Nailə Səxavətin Aytəkini istəməsi barədə kiçik qardaşım İlahimə də deyib. Bundan sonra anam Böyükxanım Səxavətgilə gedib onlara qəti razı olmadığını bildirdi. Çünki Səxavət işi olmayan, ailə saxlamağa qadir olmayan şəxs idi. Bundan başqa, ərim Bahadur və onun ailəsi Aytəkini Səxavətə verməyə ona görə razı olmamışdılar ki, hadisədən təxminən 6-7 il əvvəl Səxavətin qardaşı Tərlan Rusiyada Bahaduru və qardaşım Xəzəri bıçaqlamışdı və ondan sonra bir-birimizin evinə gediş-gəlişimiz kəsilmişdi".

QEYD: Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Səxavət Ələkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

SON SÖZ ƏVƏZİ

Dünyada var olan hər bir şeyin kölgəsi olur. Təəssüf ki, ən pak duyğu olan məhəbbətin də qara kölgəsi var...

İnarə Rafiqqızı

O.M.