Azərbaycanda 29 yanvarın kriminal xronikası

Azərbaycanda 29 yanvarın kriminal xronikası

30 Yanvar 2012 20:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 40 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

12 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Göygöl rayonunun Çaykənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

29.01.2012

Yanvarın 29-da saat 18.30 radələrində Göygöl rayonunun Çaykənd kəndi ərazisində Goranboy rayon sakini Vüsal Məmmədov "VAZ-2121" markalı avtomaşını idarə edərkən kənd sakini Ərşad Mehdiyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi

29.01.2012

Yanvarın 29-da saat 19.30 radələrində Gəncə şəhərində şəhər sakinləri Axverdi Əmrahovun idarə etdiyi "VAZ-21063" və Cəlil Əliyevin idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Əmrahovun sərnişinlərindən Əlyar Məmmədov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Yaşar Abbasov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Xızı rayonunun Altıağac qəsəbə sakini Nelli Fyodrovnaya məxsus evdə yanğın baş vermişdir

29.01.2012

Yanvarın 29-da saat 03.00 radələrində Xızı rayonunun Altıağac qəsəbə sakini Nelli Fyodrovnaya məxsus 1 mərtəbəli 1 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır.

Qusar rayonunun Əcəxur kənd sakini Vəfar Balamətov dizel yanacağı oğurlayarkən saxlanılmışdır

29.01.2012

Yanvarın 29-da Qusar rayonunun Alabaş kəndi ərazisindəki "Şahdağ Qış-Yay" Turizm Kompleksindən 60 litr dizel yanacağı oğurlayarkən Əcəxur kənd sakini Vəfar Balamətov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və Qusar RPŞ-yə təhvil verilmişdir.

Oğurluq etmiş Yevlax rayon sakini Yadigar Abdullayev tutulmuşdur

29.01.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də İbrahim Vəliyevə məxsus mağazadan oğurluq etmiş rayon sakini Yadigar Abdullayev tutulmuşdur.

Tapılmış 10 günlük qız uşağı 1 saylı Uşaq Evinə təhvil verilmişdir

29.01.2012

Yanvarın 28-də saat 18.40 radələrində Xətai rayonu ərazisindən 10 günlük qız uşağı tapılmış və 1 saylı Uşaq Evinə təhvil verilmişdir.

Bakı şəhər sakini Nəriman Əliyev və Sumqayıt şəhər sakini Nailə Haqverdiyeva dəm qazından zəhərlənərək ölmüşlər

29.01.2012

Yanvarın 29-da Bakı şəhər sakini Nəriman Əliyev və Sumqayıt şəhər sakini Nailə Haqverdiyeva öz evlərində dəm qazından zəhərlənərək ölmüşlər.

O.M.