Azyaşlı uşaqlarını öldürən Lerik sakininin məhkəməsi başladı

Azyaşlı uşaqlarını öldürən Lerik sakininin məhkəməsi başladı

30 Yanvar 2012 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən iclasda məhkəmə baxışı fevralın 13-ə təyin olunub.

Qeyd edək ki, rayonun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə.Süleymanov istintaqa ifadəsində bildirib ki, oktyabrın 21-də sərxoş vəziyyətdə olub, evdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Bu zaman ata yastıqla onların ağzından basaraq boğub öldürüb. Bundan sonra Ə.Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.

O.M.