Rusiyada qətl törədən azərbaycanlılara hökm oxundu

Rusiyada qətl törədən azərbaycanlılara hökm oxundu

30 Yanvar 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Məhkəmə qərib ölkədə həmyerlisini diz çökdürməklə üzr istəməsini tələb etməkdə, ona işgəncə verməkdə ittiham olunanları cəzalandırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə xüsusi amansızlıqla adam öldürməkdə, iki və ya daha çox şəxsi öldürməyə cəhddə ittiham olunan Elşad Nəsirov və Vüsal Abdullayevin məhkəməsi başa çatıb.

İstintaqın gəldiyi nəticəyə görə, 22 oktyabr 2009-cu ildə saat 15.30 radələrində Rusiya Federasiyasının Lipetsk şəhəri, Studyonovskaya küçəsindəki 159 saylı "A" ünvanında yerləşən avtomaşınlara texniki xidmət sexində Elşad Nəsirov tanışı Vüsal Abdullayevlə Maarif Əliyevin dalaşdığını görüb. Həmin vaxt o, Vüsal Abdullayevi müdafiə etmək məqsədilə hadisəyə müdaxilə edib. Odlu silahın lüləsi ilə Maarif Əliyevin başına zərbələr endirərək, onun diz çökməsini və Vüsal Abdullayevdən üzr istəməsini tələb edib. Bu zaman Vüsal Abdullayev də Maarif Əliyevin sifətinə əli ilə zərbələr endirərək ona xəsarət yetirib. Vüsal Abdullayev Maarif Əliyevdən qohumlarının və həmyerlilərinin yanında təkrar üzr istəməsini tələb edib. Maarif Əliyev onların tələblərini yerinə yetirmədikdə, Elşad Nəsirov odlu silahdan iki dəfə atəş açaraq Maarif Əliyevə ağır dərəcəli bədən xəsarəti yetirib. Maarif Əliyev hadisə yerindən qaçmaq niyyəti ilə avtomaşınların təmir sexinə tərəf gedib.

Elşad Nəsirov Vüsal Abdullayevlə birlikdə onun arxasınca gedərək, yenə diz çökməklə üzr istəməsini tələb ediblər. Sonuncu yenə də tələbdən imtina etdikdə, onlar sexin qarşısında olan Sabir Xanatova məxsus "VAZ-21104" markalı avtomaşının yanına gələrək, iki dəfə atəş açaraq, Maarif Əliyevə əzab, işgəncə və xüsusi ağrılar yetiriblər.

Onların hərəkətlərindən qəzəblənən Sabir Xanatov hər ikisinin sifətlərinə qaz balonu ilə qaz püskürtməklə Maarif Əliyevin öldürülməsinin qarşısını almağa cəhd edib. Lakin Elşad Nəsirov və Vüsal Abdullayev Sabir Xanatovu da qəsdən öldürmək məqsədilə ona da atəş açıblar. Hadisə nəticəsində Sabir Xanatov sol bud nahiyəsindən güllə yarası alıb. Sabir Xanatov yaralı vəziyyətdə hadisə yerindən qaçmaq istəyərkən Vüsal Abdullayev onu əlində olan naməlum küt alətlə baş və sifət nahiyəsindən vuraraq yerə yıxıb. Elşad Abdullayev təpiklə, Vüsal Abdullayev isə küt alətlə vuraraq Sabir Xanatova müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Bu zaman hadisə yerində olan Mərhəmət Əliyev, Hafiz Həsənov, Natiq Məmmədov, Zaur Denisov və digər şəxslər Sabir Xanatovla Maarif Əliyevi avtomaşına mindirərək hadisə yerindən uzaqlaşdırmaq istəyərkən Elşad Nəsirov və Vüsal Abdullayev Sabir Xanatova məxsus avtomaşında Maarif Əliyevin ölmədiyini gördükdə, Elşad Nəsirov təkrar ona atəş açıb. Lakin Namiq Məmmədov avtomaşını dərhal hadisə yerindən uzaqlaşdırdığından niyyətlərinə tam çatmayıblar. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, Maarif Əliyev kəskin qanitirmədən ölüb, Sabir Xanatova isə tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Elşad Nəsirov törətmiş olduğu cinayət əməllərinə görə, məsuliyyətdən boyun qaçırmaq və gizlənmək məqsədilə Ukraynanın Zaporojye şəhərində yaşayan dostu Seymur Məmmədova məxsus ümumvətəndaşlıq pasportunu Zaporojye dairə üzrə notariat kontorunda saxta üsulla Azərbaycana qayıdış sənədi alıb. Elşad Nəsirov həmin saxta şəhadətnamədən istifadə edərək 26 fevral 2010-cu ildə "Donetsk-Bakı" təyyarə reysi ilə Azərbaycana gəlib. O, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxta sənəddən istifadə etməsinə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

QEYD: Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər, zərərçəkmişlər və şahidlərin dindirilməsi başa çatdıqdan sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Elşad Nəsirov 15 il, Vüsal Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən Elşad Nəsirov 4 ilini həbsxanada, 11 ilini ciddi rejimli cəza çəkmə müəssisəsində, Vüsal Abdullayev isə cəzasının ilk 2 ilini həbsxanada, qalan 11 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaqlar.

O.M.