Azərbaycanda 27 yanvarın kriminal xronikası

Azərbaycanda 27 yanvarın kriminal xronikası

28 Yanvar 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş.

9 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Qazax rayonunun Daş Salahlı kənd sakini Çingiz Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən Vüqar Abdullayev tutulmuşdur

27.01.2012

Yanvarın 27-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisindən kənd sakini Çingiz Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş mərhumun həmyerlisi Vüqar Abdullayev tutulmuşdur.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.01.2012

Yanvarın 27-də saat 08.30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Rəşad Süleymanov "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən Niyazi Ağayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.01.2012

Yanvarın 27-də saat 09.00 radələrində Ağstafa rayonu ərazisində Dağkəsəmən kənd sakini Həsən Quşçiyevin idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini Xəyaməddin Həsənovun idarə etdiyi "MAN" markalı avtomaşınlar toqquşmuş, sonradan X.Həsənov idarəetməni itirdiyindən avtomaşını qarşıdan gələn "QAZ-3110" markalı avtomaşına çırpılmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Quşçiyev orada ölmüşdür.

Daşkəsən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

27.01.2012

Yanvarın 28-də saat 01.00 radələrində Daşkəsən şəhəri ərazisində Qabaqtəpə kənd sakini Arzu Bayramov "UAZ-469" markalı avtomaşını idarə edərkən onu dərəyə aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Yasamal rayonu ərazisində qanunsuz pul uduşlu qumarxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir

27.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində Bakı şəhər sakinləri Vüqar Həsənov və Vaqif Bayramov qanunsuz pul uduşlu qumarxana təşkil etmələri və saxlamaları müəyyən edilmişdir. Həmin ünvana baxış zamanı oradan qumardan əldə edilmiş 150 manat, 10 dollar pul, 120 ədəd loto kartları, loto daşları, 2000 dollar dəyərində pul uduşları üçün priz kartları və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırmalar aparılır.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Taleh Quliyev tutulmuşdur

27.01.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il oktyabrın 28-də Eyvaz Hudulovun cibindən 1030 manat pul oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Quliyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini Akif Nəsirov tutulmuşdur

27.01.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Azadlıq prospektində Bakı şəhər sakini Samir Tağıyevə məxsus mağazadan geyim əşyaları oğurlamış Lənkəran rayon sakini Akif Nəsirov tutulmuşdur.

Şərur rayon sakini Fail Ağayevin əxlaqsız yuvası təşkil etməsi müəyyən edilmişdir

27.01.2012

Səbail RPİ 39-cu PB əməkdaşları tərəfindən yanvarın 26-da Xəqani küçəsindəki masaj salonunda, oranın sahibi Şərur rayon sakini Fail Ağayevin əxlaqsız yuvası təşkil etməsi müəyyən edilmişdir.

1 ədəd "Makarov" tipli tapança və 11 ədəd müxtəlif çaplı patron tapılmışdır

27.01.2012

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən Rustavi küçəsindəki parkda 1 ədəd "Makarov" tipli tapança və 11 ədəd müxtəlif çaplı patron tapılmışdır.

Azər Mehdiyevi pnevmatik tapançadan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Zaur Məlikov tutulmuşdur

27.01.2012

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Azər Mehdiyevi pnevmatik tapançadan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Zaur Məlikov tutulmuşdur. Z.Məlikovdan 1 ədəd R-23 markalı tapança götürülmüşdür.

Xuliqanlıq zəminində Vüqar Bağırovu döymüş Hacıqabul rayon sakinləri Səxavət Qurbanov və Mirqasım Babayev saxlanılmışlar

27.01.2012

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Vüqar Bağırovu xuliqanlıq zəminində döymüş rayon sakinləri Səxavət Qurbanov və Mirqasım Babayev saxlanılmışlar.

Axtarışda olan Eldəniz Cəfərov tutulmuşdur

27.01.2012

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 119-cu maddəsi (öldürməklə hədələmə və ya qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Eldəniz Cəfərov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Əzəmət Xiyalov tutulmuşdur

27.01.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Musa Qurbanovun evindən oğurluq etmiş Gürcüstan vətəndaşı Əzəmət Xiyalov tutulmuşdur.

Şəki şəhər sakini Daşqın Məmmədov donvurmadan ölmüşdür

27.01.2012

Yanvarın 27-də Bakının Nizami rayonu ərazisindən Şəki şəhər sakini Daşqın Məmmədov donvurma diaqnozu ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

O.M.