İstintaq materialından-Ucar sakini bibisi qızını zorladı

İstintaq materialından-Ucar sakini bibisi qızını zorladı

27 Yanvar 2012 18:28
Bəyəndim (0) Bəyənmədim (0)
Müttəhim ölü doğulan körpəsini həyətdə basdırdı

Şəki Ağır Cinayətlər Məhkəməsində

Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı ilə cinsi əlaqədə olmaqda ittiham olunan Ucar rayon sakini, 28 yaşlı Eldəniz Nuşiravan oğlu Babayevin məhkəməsi başa çatıb. İstintaqın gəldiyi nəticəyə görə, Eldəniz Babayev 2010-cu ilin fevral ayında istifadəsində olan mobil telefonla bibisi Sədaqətin əvvəllər tanımadığı qızı Ramilə (zərərçəkmişin ailə üzvlərinin və öz adı şərti göstərilib, təqsirləndirən şəxsin adı isə olduğu kimi saxlanılıb) ilə tanış olub və onunla münasibət yaradıb. Aprel ayında bibisinin yaşadığı Oğuz şəhəri, Q.Ağakişiyev küçəsində yerləşən evinə qonaq gəlib, gecəni həmin ünvanda qaldıqdan sonra növbəti gün Bakı şəhərinə gedib.

May ayının əvvəllərində yenidən bibisigilə gələn Eldəniz bibisi Sədaqət işə gedəndə, qızla evdə tək qalmalarından istifadə edərək azyaşlını zorlayıb. Bir gün sonra isə yenidən Bakı şəhərinə qayıdıb. Eldəniz Babayev 2010-cu ilin may ayının sonlarında Bakı şəhərindən yenidən eyni məqsədlə bibisi Sədaqətgilə gəlib. Həmin gün nahar fasiləsindən sonra Ramiləni şəhəri gəzmək adı ilə aldadaraq Oğuz şəhərinin yuxarı hissəsində yerləşən meşə sahəsinə aparıb və orada onu zorlayıb. 6 aydan sonra bərk ağrıları olan qızını xəstəxanaya aparan Sədaqət 13 yaşlı qızının hamilə olmasını bilib. Sədaqət gələcək nəvəsinin atası qardaşı oğlunun olduğunu biləndə qızını Eldənizin yanına, yəni Bakıya göndərib. Ramilə azyaşlı olduğundan Eldəniz onu xəstəxanaya da aparmağa qorxub. Nəticədə, Ramilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki evin həyətində ağrıdan bətnində olan uşağı itirib. Eldəniz də sonra uşağı sellofan torbaya qoyaraq basdırıb. Uşaq düşəndən sonra Sədaqət polisə şikayət edib və qızının qardaşı oğlu tərəfindən zorlandığını iddia edib.

"Qız özü mənə zəng vurmuşdu"

Məhkəmədə ifadə verən Eldəniz Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində həqiqətən də Ramilə ilə telefonla əlaqə saxladığını göstərib: "Əvvəl Ramilə özü mənə zəng edib, sonra səhv düşdüyünü bildirmişdi. Həmin hadisədən 3 gün sonra mesaj yazaraq, məni tanımaq istədiyini bildirdi. Bundan sonra Ramilə ilə münasibətlərimiz yarandı. Biz mütəmadi olaraq bir-birimizə mesaj yazmağa başladıq. Hətta Ramilə telefonuma kontur da yükləyirdi".

"Bibim qızı ilə cinsi əlaqədə olmamışam"

Təqsirləndirilən şəxs ifadəsində daha sonra qeyd edib ki, 2010-cu ilin aprel ayının əvvəllərində Oğuz rayon avtovağzalına gəlib və oradan Ramiləyə zəng edib: "Ona avtovağzalda olduğumu bildirdim. Bundan sonra ilk görüşümüz yarandı. Ramilə ilə ilk tanışlığımızda ona dayısı oğlu olduğumu bildirdim. O da məni evə dəvət etdi".

Təqsirləndirilən şəxs deyib ki, Ramilə ilə cinsi əlaqədə olmayıb. Onun sözlərinə görə, Ramilənin uşağının kimdən olduğunu bilmir: "Bu işdə günahım yalnız Ramilənin uşağını xilas edə bilməməyim olub. Əgər uşaq yaşasaydı, həmin uşağın mənim uşağım olmadığını sübut etmək mümkün olardı".

"Mənə hədə-qorxu gələrək ifadə alıblar"

Eldəniz Babayev daha sonra ifadəsində göstərib ki, 2010-cu ilin may ayının 5-də həqiqətən də Oğuzda, Ramilənin yaşadığı evdə olub. Onun ifadəsinə görə, Ramilə ilə heç bir cinsi əlaqəsi olmayıb: "Onlarda bir gün qaldıqdan sonra Bakı şəhərinə getmişəm. İbtidai istintaq zamanı polis əməkdaşları mənə hədə-qorxu gələrək ifadə alıblar. Əslində, Ramilə ilə parkda görüşmüşük, lakin polis əməkdaşları istintaq zamanı məni meşəyə aparıb və ona görə də oranı göstərmişəm. Ramilə uşağı ölü saldıqdan sonra meyitini özü basdırıb. İbtidai istintaq zamanı meyiti harada basdırdığını polislərə bildirmişəm, lakin onlar dedilər ki, meyitin basdırıldığı yeri müəyyən etmək mümkün deyil".

"Bir-birimizə sevgi mesajları yazırdıq"

Zərərçəkmiş şəxs qismində dindirilən Ramilə anasının telefonuna tanımadığı nömrədən zəng olunduğunu bildirib. O, qeyd edib ki, həmin şəxs ona mesaj yazaraq adının Elnur olmasını, 20 yaşının olduğunu və onunla tanış olmaq istədiyini bildirib: "Bundan sonra biz telefonla bir-birimizlə əlaqə saxladıq, sevgi mesajları yazmağa başladıq".

Zərərçəkmişin sözlərinə görə, apreldə özünü Elnur kimi təqdim edən həmin şəxs Oğuz rayonuna gəlib. Avtovağzalda ilk görüşləri zamanı onun sözlərindən sonra adının Eldəniz olduğunu bilib. Ramilə daha bildirib ki, anası evdə olmayanda Eldənizlə cinsi əlaqədə olub: "Həmin hadisədən sonra, yəni may ayının sonlarında Eldəniz yenidən bizə gəldi. Biz birlikdə meşəyə gəzməyə, şəkil çəkdirməyə getdik. Həmin vaxt meşədə də Eldəniz mənimlə cinsi əlaqədə oldu".

"Anama Eldənizdən hamilə qaldığımı dedim"

Ramilə həmin ilin dekabr ayında anası ilə birlikdə xəstəxanaya gedib və həkimlər onun altı aylıq hamilə olduğunu bildiriblər: "Anam kimdən hamilə olduğumu soruşduqda, ona Eldənizdən hamilə qaldığımı dedim. Sonra anam Eldənizin valideynlərinə və Eldənizin özünə zəng etdi, bu barədə məlumat verdi. Bundan sonra mən Eldənizin Bakıda yaşadığı evə gəldim. Həmin vaxt qarnımda sancılar olduğundan Eldəniz və bacısı məni bir həkimin evinə apardılar. Həkim Eldəniz və bacısına məni xəstəxanaya aparmağı məsləhət gördü. Ancaq azyaşlı olduğumdan onlar məni yenidən evə qaytardılar".

"Uşağı itirəndən sonra rayona qayıtdım"

Zərərçəkmiş bildirib ki, həkim müayinəsindən keçə bilmədiyi üçün uşağı itirib. Onun sözlərinə görə, uşağı itirəndən sonra Oğuz rayonuna, anasının yanına qayıdıb: "Anam ilə birlikdə polis şöbəsinə getdik və Eldəniz barəsində şikayət ərizəsi verdik".

Zərərçəkmiş ifadəsində onu da qeyd edib ki, Eldəniz tərəfindən zorlanarkən hadisənin mahiyyətini başa düşməyib: "Eldəniz söhbət edərkən mənim 13 yaşım olmasını bilib, buna baxmayaraq, mənimlə yaşamaq istədiyini bildirib. Mən isə ümumiyyətlə onun fikrini həyatda yaşamaq kimi başa düşmüşdüm. Eldəniz mənimlə cinsi əlaqədə olarkən, bu hərəkətlərin mahiyyətini başa düşməmişəm".

Ramilə ifadəsinin sonunda həyatını korladığı üçün Eldəniz Babayevə ən ağır cəzanın verilməsini xahiş edib.

QEYD: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.