Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşının məhkəməsi başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşının məhkəməsi başladı

27 Yanvar 2012 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri Vahid Gülmalıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək, özünü təqsirli bilmədiyini deyib.

Proses yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxs ifşa olunaraq məsuliyyətə cəlb edilib.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət tələb edib, sonuncu bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 oktyabr 2011-ci il tarixdə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.

O.M.