Azərbaycanda 26 yanvarın kriminal xronikası

Azərbaycanda 26 yanvarın kriminal xronikası

27 Yanvar 2012 14:39
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 65 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yol-nəqliyyat hadisəsi

26.01.2012

Yanvarın 26-da saat 14.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Dəyirmanlı kənd sakini Mahir Mürsəlovun idarə etdiyi "VAZ-2107" və Goranboy rayon sakini Namiq Baxşəliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Mürsəlov və sərnişini Ədibə Babayeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - qızı Ayşən, Nazilə Mürsəlova və Güldanə Mürsəlova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

İmişli rayonunun Cavadxanlı kəndi ərazisində avtomobillə motosiklet toqquşmuşlar

26.01.2012

Yanvarın 26-da saat 17.00 radələrində İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Beyləqan rayon sakini Həsən Mustafayevin idarə etdiyi "Mercedes" və Qaralar kənd sakini Tofiq Məmmədovun idarə etdiyi "Yupiter" markalı motosiklet toqquşmuşlar. Nəticədə T.Məmmədov hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla piyada vurulmuşdur

26.01.2012

Yanvarın 26-da saat 23.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bərdə rayon sakini Murad Muradov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Xətai rayonu ərazisində sürücü avtomaşınla piyadanı vurub hadisə yerindən qaçarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır

26.01.2012

Yanvarın 26-da Xətai rayonunun Sarayevo küçəsində Gəncə şəhər sakini Vüqar Süleymanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Ayət Bağırovu vurub hadisə yerindən qaçarkən Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Xətai RPİ-yə təhvil verilmişdir.

Oğurluğa cəhdə görə tutulmuş Ağdam rayon sakini Q.Quliyevin zorlama faktı ilə bağlı axtarışda olması da müəyyən edilmişdir

26.01.2012

Baş Mühafizə İdarəsi və Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində Bakı şəhər sakini Nağı Əliyevə məxsus mağazadan qızıl sırğa oğurlamağa cəhd göstərmiş Ağdam rayon sakini Qorxmaz Quliyev tutulmuş və onun Rusiya Federasiyasının CM-nin 131-ci maddəsi (zorlama) ilə axtarışda olması da müəyyən edilmişdir.

Yanvarın 25-də Ş.Həşimova qarşı quldurluq etmiş iki Bakı şəhər sakini tutulmuşdur

26.01.2012
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Şamo Həşimova küt alətlə xəsarət yetirib 40 manat pul və 3 ədəd mobil telefonunu ondan almış Bakı şəhər sakinləri Orxan Hümbətov və Vüsal Mehdizadə tutulmuşlar.

Yanvarın 8-də S.Quliyevaya məxsus mağazadan oğurluq etmiş şəxslər tutulmuşlar

26.01.2012

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Saraxanım Quliyevaya məxsus mağazadan 2 ədəd mobil telefon, danışıq kartları və ərzaq məhsulları oğurlamış Salyan rayon sakini Taleh Mürsəlov və Şirvan rayon sakini Ramil Ağayev tutulmuşlar.

Bakı şəhər sakini F.Həsənovaya bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış bir qrup şəxs tutulmuşdur

26.01.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Fəqan Həsənovaya ayaq nahiyəsindən bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakinləri Tural Mirzəyev, Elçin Quliyev və Vüsal Məmmədov tutulmuşlar.

Paytaxt sakini A.Zolotaroyun evindən oğurluq etmiş bir qrup şəxs tutulmuşdur

26.01.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Aleksey Zolotaroyun evindən 500 manat pul və 1 ədəd mobil telefon oğurlamış Lyudmila Zolotaroy, Samir Zeynalov, Seymur Əliyev, Həsən Mustafayev və Eldəniz Aslanov tutulmuşlar.

Masallı rayon sakini R.Həsənovdan heroin götürülmüşdür

26.01.2012

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Ruslan Həsənovdan 543,1 qram heroin götürülmüşdür.

İ.Bağırova məxsus avtomaşından pul oğurlamış Bakı şəhər sakini A.Bəşirov tutulmuşdur

26.01.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsa Bağırova məxsus avtomaşından 7000 dollar pul oğurlamış Bakı şəhər sakini Ağahəsən Bəşirov tutulmuşdur.

Gəncə şəhərində yaşayan Z.Orucovun evindən oğurluq etmiş Ə.Musayev tutulmuşdur

26.01.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Gəncə şəhərində yaşayan Zaur Orucovun evindən pəncərədən girmək yolu ilə 50 manat pul və qızıl əşyaları oğurlanmış Əmirxan Musayev tutulmuşdur.

Yanvarın 15-də paytaxtın Atatürk prospektindəki mağazadan oğurluq etmiş Bakı şəhər sakini Y.Mustafayev tutulmuşdur

26.01.2012

Binəqədi rayonu 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Atatürk prospektində Türkiyə vətəndaşı Abdulkadır Kandırmaza məxsus mağazadan geyim əşyası oğurlanmış Bakı şəhər sakini Yalçın Mustafayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 26-da şəhər sakini Elvin Zeynalova məxsus mağazadan da geyim əşyası oğurlaması müəyyən edilmişdir.

İsmayıllı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

26.01.2012

Yanvarın 26-da saat 21.30 radələrində İsmayıllı şəhəri ərazisində Tural Bədəlov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri İlkin Səlimov, Səbuhi Umudov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Abşeron rayon sakini E.Rzayev elektrik sobasının üstünə yıxılması nəticəsində yanıq xəsarəti almışdır

26.01.2012

Yanvarın 26-da Abşeron rayonu sakini Emin Rzayev evində elektrik sobasının üstünə yıxılması nəticəsində yanıq xəsarəti almış, vəziyyəti orta-ağırdır.

Dörd nəfər dərmandan və dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətirilmişlər

26.01.2012

Yanvarın 25-də Sumqayıt şəhər sakinləri Zülfiyyə Məmmədova, Tural Rüstəmov, Gülüş Nağızadə və Göygöl rayon sakini Püstə Malasova öz evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Ən etibarlı sığorta ehtiyatlı olmaqdır...

Murad Şahməmmədov

O.M.